Banner

Bu maşınların sürücüləri texniki baxışa tələssin

Yazarlar 5 Fevral 2015 14:56 Oxunub 7667
Bu maşınların sürücüləri texniki baxışa tələssin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayıb

Məlum olduğu kimi, hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.

Avtosfer.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. 

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ildən başlayaraq nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edilib. Ona görə də texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəyəcəklər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulmuşdur. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz. 

Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:

1) sürücülük vəsiqəsi; 

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi); 

3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;

4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi. 

Əgər nəqliyyat vasitənizin istismarı texniki baxışdan əvvəl texniki nasazlıq səbəbi ilə müvafiq aktla qadağan edilmiş olubsa və bu nasazlığı özünüz yox, texniki-təmir sahəsi (stansiyası) aradan qaldırıbsa, onda bu qadağaya səbəb olan nasazlıqların aradan qaldırılması barədə həmin texniki-təmir sahəsinin sənədini də texniki baxış zamanı təqdim etməlisiniz. 

Qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, son illər yaranmış təcrübəyə əsasən, nəqliyyat vasitəsini texniki baxışdan keçirərkən ödənilməmiş cərimələrin olub-olmadığı da yoxlanılır. Bu, əslində yaxşı haldır. Çünki sürücülərin ödənilməmiş cərimələrlə bağlı problemləri onların diqqətinə çatdırılır. Lakin ödənilməmiş cərimənin olması texniki baxışdan imtina üçün əsas deyil.

Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində verilmişdir. Əgər avtomobiliniz, motosikletiniz və ya onların qoşqusu həmin Əlavədə nəzərdə tutulan tələblərə uyğun deyilsə, o cümlədən əlavə vasitələrlə (odsöndürən, dərman qutusu, qəza dayanma nişanı) təchiz edilməmişdirsə, texniki baxışdan keçməkdə probleminiz olacaq. Odur ki, nəqliyyat vasitənizin sazlığına xüsusi diqqət yetirməlisiniz. Bizdə olan məlumata görə, bu il DYP-də nəqliyyat vasitələrinin texniki baxışına diqqət bir qədər də ciddiləşdirilib. 

Nəqliyyat vasitənizin ilk dəfədən texniki baxışdan keçməməsini, yəni texniki tələblərə dair uyğunsuzluq aşkar edilməsini faciəyə çevirməyin. Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinə texniki baxış zamanı hər hansı texniki nasazlıq aşkar edilərsə, bu barədə akt tərtib olunur. Həmin aktda aşkar edilən texniki nasazlıq və onun mahiyyəti göstərilir. Daha sonra nəqliyyat vasitəsinin sahibinə izah edilir ki, belə nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi təkrarən texniki baxışa təqdim edilsin. Ona görə də texniki baxış zamanı nəqliyyat vasitənizdə nasazlıq aşkar edilərsə, həmin aktı alın, bunu bacarırsınızsa, özünüz, bacarmırsınızsa, təmir sahələrinin köməyi ilə həmin texniki nasazlıqları aradan qaldırın. Avtomobilinizdəki problem aradan qaldırıldıqdan sonra onu yenidən texniki baxışa təqdim edin.  

Nəzərə almaq lazımdır ki, texniki nasazlıq səbəbindən ilk dəfə baxışdan keçməyən nəqliyyat vasitəsini təkrarən baxışa təqdim edərkən əlavə dövlət rüsumu ödənilmir. 

Nəqliyyat vasitəniz texniki baxışdan keçdikdən sonra sizə müvafiq talon veriləcək. Həmin talonda növbəti dəfə texniki baxışdan keçirilmə ili və vaxtı (aylar) göstərilir. Talonu avtomobilinizin alın şüşəsinin aşağı sağ küncünə yapışdırmalısınız. 

Qanunvericiliyə uyğun olaraq, özünüzün harada yaşamasından və avtomobilinizin harada qeydiyyatdan olmasından asılı olmayaraq avtomobilinizi DYP-nin istənilən qeydiyyat-imtahan və texniki baxış məntəqəsində texniki baxışa təqdim edə bilərsiniz. Avtomobilinizin sənədləri qaydasındadırsa, hər hansı ləngitmə və süründürməçilik olmadan avtomobiliniz texniki baxışa qəbul edilməli və müvafiq müayinələr aparılmalıdır. 

Nəzərə alın ki, müvafiq markalı nəqliyyat vasitəsi üçün texniki baxış müddətinin sonunu gözləmədən texniki baxışa getmək lazımdır. Adətən son günlər məntəqələrdə sıxlıq olur. Bəzi işbazlar isə belə sıxlıqdan istifadə edərək sizi artıq xərcə salmağa çalışırlar. Odur ki, indidən nəqliyyat vasitənizi texniki baxışa təqdim edin ki, hər hansı problem aşkara çıxdıqda onu aradan qaldırıb təkrar baxışa gəlmək üçün də vaxtınız olsun. 

Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.

 

Ərşad Hüseynov,

Yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh