Banner

Bu nişanların tələbini pozmaq sürücünün sonu ola bilər – FOTO

Yazarlar 4 Mart 2015 01:46 Oxunub 10554
Bu nişanların tələbini pozmaq sürücünün sonu ola bilər – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəbərdarlıq nişanlarının 8-i ilə tanış olaq

Ötən yazımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanlarından ilk 10 ədədini izah etmişdim. Bu yazıda xəbərdarlıq nişanlarından növbəti 8 nişanı diqqətinizə çatdırıram. 

1.5 «Tramvay xətti ilə kəsişmə» nişanı 2 halda qoyulur: a) yolayrıcından kənarda yolun tramvay xətti ilə kəsişdiyi yerə yaxınlaşma barədə xəbərdarlıq məqsədi ilə; b) tramvay xətti 50 metrdən az məsafədə göründükdə yolayrıcında tramvay xətti ilə kəsişmə yerinə yaxınlaşma barədə xəbərdarlıq məqsədi ilə. Yəni tramvay xətti normal görünən yolayrıcındadırsa, bu nişana ehtiyac yoxdur. 1.5 nişanı da əksər xəbərdarlıq nişanları kimi yaşayış məntəqəsində tramvay xəttinə 50-100 metr qalmış, yaşayış məntəqələrindən kənarda (bu vəziyyət nadir hallarda ola bilər) isə 150-300 metr qalmış qoyulur

1.6.1-1.6.6 «Eyni əhəmiyyətli yolların kəsişməsi» nişanları eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcına yaxınlaşma barədə xəbərdarlıq məqsədi ilə  tətbiq olunur. Qanunvericiliyə əsasən, bu nişanlar o halda tətbiq olunur ki, yaşayış məntəqəsində yolayrıcı 50 metrdən, yaşayış məntəqələrindən kənarda isə 150 metrdən az məsafədə görünsün. Yəni bu nişan da normal görünən yolayrıcından qabaqda qoyulmur. Bundan başqa, 2.1 “Baş yol” üstünlük nişanı ilə baş yol kimi işarələnən yol növbəti yolayrıcında sona çatırsa, belə yolayrıcından qabaqda da 1.6.1-1.6.6 nişanlarından uyğun gələni qoyulmalıdır. 

Bu nişanlardan hər hansı birini qarşısında görən sürücü yaxınlaşdığı yolayrıcında keçid növbəliliyini müəyyən edən hər hansı üstünlük nişanının (2-ci qrup nişanların) olmayacağını bilməli və kəsişən yolların örtüyünün növündən, onlardakı hərəkət intensivliyindən və başqa amillərdən asılı olmayaraq bu yolayrıcını keçərkən eyni əhəmiyyətli yolların əmələ gətirdiyi yolayrıcını keçmə qaydalarına (sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol vermək və s.) əməl etməlidir.

Konkret yolayrıcını ifadə etmək üçün 1.6.1-1.6.6 nişanlarından hansının tətbiq olunması yolayrıcının konfiqurasiyasından (yolların necə kəsişməsindən) asılıdır.

1.6.1 nişanı dördyol kimi tanıdığımız yolayrıcını bildirir.

Qeyd edək ki, 1.6.1 və 1.6.2 nişanları tam eyni mənaya malikdir və hər ikisi bir-birini kəsib keçən eyni əhəmiyyətli yolların əmələ gətirdiyi yolayrıcını bildirir. Sadəcə olaraq «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın 9-cu maddəsi xəbərdarlıq nişanlarının iki nümunəsini - Aa (üçbucaq) və Ab (dördbucaq) müəyyən edir. Bizim ölkəmizdə Aa nümunəsi əsas götürüldüyündən həmin Konvensiyaya 3 saylı Əlavədə verilmiş A,18a nişanı «Yol hərəkəti haqqında» Qanunun ilkin redaksiyasında 1.6 nişanı kimi təsbit olunmuşdu. Lakin bu Qanuna 10 fevral 2009-cu il tarixli Qanunla düzəliş edilərkən fərqinə varmadan Konvensiyaya 3 saylı Əlavədə verilmiş A,18b nişanı da bizim Qanuna əlavə olunmuşdur (1.6.2 nişanı kimi). Bu nişan isə xəbərdarlıq nişanları üçün Ab nümunəsini seçən dövlətlərdə tətbiq olunur. Ona görə də 1.6.2 nişanı «Yol hərəkəti haqqında» Qanuna 4 saylı Əlavənin I hissəsindən çıxarılmalıdır.

1.6.3 nişanı biri sağdan olmaqla üç yolun birləşdiyi yolayrıcını ifadə edir.

1.6.4 nişanı biri soldan olmaqla üç yolun birləşdiyi yolayrıcını ifadə edir.

1.6.5 nişanı “T” şəkilli, yəni yalnız sağa və sola hərəkətin mümkün olduğu, düzünə hərəkətin olmadığı üç yolun birləşdiyi yolayrıcını ifadə edir.

1.6.6 nişanı “Y” şəkilli, yəni yolun qabaqda haçalanması ilə tam düzünə hərəkətin olmadığı üç yolun birləşdiyi yolayrıcını ifadə edir.

1.7 «Dairəvi hərəkətlə kəsişmə» nişanı 4.3 nişanı ilə işarə olunmuş dairəvi hərəkət təşkil olunan yolayrıcına yaxınlaşma barədə məlumat vermək məqsədi ilə tətbiq olunur. Bu nişan 2 halda tətbiq olunur: a) yaşayış məntəqələrindən kənarda 4.3 nişanı ilə işarə olunmuş bütün yolayrıcları qarşısında 150-300 metr məsafədə; b) yaşayış məntəqələrində 4.3 nişanı ilə işarə olunan, lakin 50 metrdən az yaxınlıqdan görünən və ya stasionar işıqlandırılması olmayan bütün yolayrıcları qarşısında 50-100 metr məsafədə.

İzahını verdiyim nişanların şəkilləri əlavə olunur.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh