Bu nöqsanları həll etmədən sürəti 30-a endirmək ciddi problemlər yaradacaq - Ərşad Hüseynov

Yazarlar 20 May 2021 14:15 Oxunub 1398
Bu nöqsanları həll etmədən sürəti 30-a endirmək ciddi problemlər yaradacaq - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 17-dən 23-dək BMT-nin rəhbərliyi altında dünyanın müxtəlif ölkələrində 6-cı Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi keçirilir. Builki təhlükəsizlik həftəsi çərçivəsində ən maraqlı tədbirlərdən biri “Həyat dolu küçələr” kompaniyasıdır. Bu kompaniyaya uyğun olaraq “30-la sür” devizi irəli sürülüb, yəni şəhər küçələrində avtomobillərin hərəkət sürətinin 30 km/saat-a qədər endirilməsi təbliğ olunur. İdeya, hədəf və məqsəd çox gözəldir...

Öncə onu qeyd etmək istəyirəm ki, bu deviz (“30-la sür”ün) yaşayış məntəqələrinin müəyyən hissəslərində, ayrı-ayrı küçə və prospektlərində tətbiq edilmək üçün nəzərdə tutulur. Onun bir neçə məqsədi var. Mətbuatı izlədikdə həmin məqsədlərdən birinin xüsusi olaraq vurğulandığı aydın şəkildə görünür. Avtomobillərin hərəkət sürəti 30 km/saat-ı aşmazsa piyada və velosipedçilərin vurulması riski minimuma enir. Belə sürətlə piyada və velosipedçilərin vurulmsı hallarında isə onların həyatda qalma şansı çox yüksəkdir. Yəni əsas hədəf insanların həyat və sağlamlığını qorumaqdır.

Lakin başlıca hədəf bu olsa da, ən azı digər iki ciddi hədəf də var.

İkinci hədəf odur ki, hərəkət sürətinin 30 km/saat-a qədər endirilməsi ilə sürücülərə yumşaq bir tərzdə mesaj verilir ki, avtomobillərlə küçəyə çıxmayın. Çünki 30 km/saat sürətlə hərəkət etməkdən bezəcəksiniz, buna dözməyəcəksiniz, şəhərdə avtomobil sürmək həvəsiniz itəcək. Ona görə də yaxşısı budur ki, avtomobillərinizi qarajlara qoyun, ictimai nəqliyyatla, piyada və ya velosipedlə hərəkət edin. Yəni bu devizin 2-ci əsas hədəfi avtomobilsizləşdirmə prosesini həyata keçirməkdir.

Devizin üçüncü çox maraqlı hədəfi də var. Bildiyimiz kimi, adi daxili yanma mühərrikli avtomobil 30 km/saat-dan aşağı sürətlə hərəkət edərkən yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə, hətta bəzən 2 dəfə arta bilər. Bu isə istənilən avtomobil sahibi üçün çox əlverişsiz bir vəziyyət deməkdir. Amma hibrid və elektrik mühərrikli avtomobillər üçün 30 km/saat sürət kifayət qədər əlverişlidir. Çünki onlarda əksinə - enerji sərfiyyatı azalmış olur. Başqa sözlə, bu devizin üçüncü hədəfi hibrid və elektrik mühərrikli avtomobillərin istifadəsinin təşviqidir. Başqa sözlə, ekoloji təhlükəsizlik də öndədir.

Lakin gəlin görək, ölkəmizdə bu devizin həyata keçirilməsi mümkündürmü?

BMT-nin (onun adından Ümumdünya Səhiyyə Təşkilatının) bu devizi (“30-la sür”) yüksək avtomobilləşmiş, mobilliyin müasir variantlarının geniş tətbiq olunduğu ölkələrdə çox gözəldir. Çünki həmin ölkələrdə velosiped zolaqları və yolları demək olar ki, hər küçədə var, ictimai nəqliyyat da ki, yüksək səviyyədədir. Onlara fərdi avtomobilləri belə küçələrdən çıxarmaq lazımdır.

Qeyd etdim kimi, əsas tədbirlər sistemi “Həyat dolu küçələr” kompaniyasıdır. Amma paytaxtımızın və ölkəmizin digər yaşayış məntəqələrinin küçələri həyatla doludurmu? Axı həyat dolu küçələr deyəndə piyadalarla, velosipedçilərlə dolu olan küçələr nəzərdə tutulur. Bizim küçələr isə daha çox avtomobillərlə doludur. Özü də bu, zərurətdən irəli gəlir. Çünki velosipedi real nəqliyyata çevirə bilməmişik (nadir istisnalarla). İctimai nəqliyyatın fəaliyyəti isə hər kəsə bəllidir və cəmiyyəti qane etmir. Cəmiyyətimizi avtomobilləşməyə sövq edən əsas səbəblərdən biri ictimai nəqliyyatın bərbad durumudur. Belə bir zəmin olan təqdirdə həmin devizin (“30-la sür”ün) Azərbaycanda həyata keçirilməsi yaxın gələcəkdə real görünmür.

Ölkəmizdə bu devizin reallaşması üçün əsas hədəf uyğun zəmin hazırlamaq olmalıdır. Belə zəmin olmadan onun geniş tətbiqi xeyli problemlər çıxarar. Qeyd etdiyim səbəblərdən fərdi avtomobillərlə hərəkət etməyə məcbur olduğumuzdan 30 km/saat-la hərəkət edərkən havanı daha çox zəhərləyəcəyik, əsəblərimiz daha çox gərginləşəcək, aqressiya artacaq və yuxarı sürət olan yola çıxanda təhlükəli sürmə halları artmaqla əslində təhlükəsizliyə daha ciddi təhdid yaranacaq. Həm də bəzi küçə və prospektlərdə hərəkət sürətinin 30 km/saat-a endirilməsi kütləvi olaraq sürət rejiminin pozulmasına və sürücülərin cərimələnməsinə gətirib çıxara bilər.

Ona görə də bu devizi icra etməyə başlamaq üçün qeyd etdiyimiz zəmin yaradılmlıdır, yəni ideal ictimai nəqliyyat formalaşdırılmalı, velosipedin real nəqliyyata çevrilməsi baş verməli, əhalinin müasir mobilliyinə nail olunmalıdır. Daha sonra bu devizi tək-tək seçilmiş küçlərdə tədricən həyata keçirmək olar. Ona görə də bu devizi Azərbaycanda təbliğ edən dövlət qurumları ilk növbədə onların reallaşdırıması üçün zəmin yaratmaqla məşğul olsalar, daha yaxşı olar.

 

Ərşad Hüseynov

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh