Bu ölkələrdə ali məktəblərin ətrafında tıxac olmur; Bakıda niyə dəhşət yaşanır?
Ali məktəblərdə tədris başlayan gün yaranan nəqliyyat kollapsı çoxlarının xatirindədir. Metronun “Elmlər Akademiyası” stansiyasının ətrafı mitinq meydanını xatırladırdı. Həmin gün BDU həm də valideynləri və tələbələri sıxllığa görə ittiham etməsi ilə yadda qaldı. Mətbuat xidməti açıqlamasında söz verdi ki yaxın günlərə hər şey düzələr. Vəziyyət ilk dərs günündən fərqli olsa da, düzələnə bənzəmir. Bəs başqa ölkələrdə vəziyyət necədir?
Əcnəbi tələbələrin çox olduğu Fransaya diqqət edək. Bu şəhərdə təxminən 400 min tələbə təhsil alır. Başqa sözlə, hər 10 sakindən biri tələbədir. 1970-ci ildə Paris Universiteti 13 müstəqil ali məktəbə parçalanır. Bu universitetlər son 30 ildə müxtəlif formada təşkil edilsə də, təhsil keyfiyyəti dəyişmir, tələbə sayı isə artır. Parisin məşhur ali məktəblərindən biri də Sorbon Universitetidir. Burada 56 000 tələbəyə 6700 müəllim tədris aparır. Yəni təxminən 63 000 nəfər. Təməli 1257-ci ildə qoyulmuş ali məktəb təbii olaraq Parisin qədim məhəlləsində yerləşir. O dövrün nəqliyyat vasitəsi ən yaxşı halda at-araba nəqliyyatı olduğundan küçələr də dar idi.
Zaman ötdü və indi 21-ci əsrdir. Küçələr və bina yerində qalır, amma ətrafda nə izdiham var, nə də tıxac. Bəs səbəb nədir?
50 il əvvələ qayıdaq: 1970-ci ildə Parisdə ilk parkmetrlərin quraşdırılması başlanır. 1 il sonra Parisdə heç bir yerdə 15 dəqiqədən artıq pulsuz parklama mümkün deyildi. Bələdiyyə istəyinə çatmışdı: paytaxt avtomobilsizləşmiş, intensivlik minimuma enmişdi.
Təbii ki birtərəfli qadağa ilə hər şey bitmir. İctimai nəqliyyatın da keyfiyyəti artırıldığı üçün şəxsi avtomobilə maraq azalır. Son 5 ildə gənclər ümumiyyətlə avtomobil almağa həvəsli deyillər. Nəqliyyatın əlçatanlığı şəxsi avtomobil zərurətini aradan qaldırıb.
Ali məktəblərin də iş qrafiki sərnişin sıxlığına təsir edir. Hansısa fakültədə dərsin mütləq şəkildə 9.00-da başlayıb 13.00-da bitməsi, səhər və ya günorta növbəsi kimi bölgü yoxdur. Bu səbəbdən kütləvilik minimuma enir. Bizim bir çox ali məktəbimizdə isə cəmi 1 dərsi digər növbəyə keçirmək üçün dekan rektordan icazə almalıdır. Halbuki burada heç bir qanunsuzluq yoxdur, sadəcə olaraq sovetdən qalma stereotip dəyişməlidir.
Mentalitet amilini də unutmaq lazım deyil. Dəfələrlə stajda olduğum Strasburq (48 000 tələbə), Bezanson (23 000 tələbə) və Paris universitetlərində lüks avtomobillərin dərs çıxışında cərgə düzülməsinə rast gəlməmişəm. Şəxsi avtomobillə dərsə gələn tələbəni barmaqla saymaq mümkündür. Halbuki velosiped təşviq edilir.
Ali məktəbdə təhsilin keyfiyyətini şərtləndirən əsas amil onun gündəlik həyatla, istehsalla ayaqlaşmasıdır. Görəsən indiyədək hansı ali məktəbimiz Bakıda nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün səmərələşdirici təklif verib? Əgər olmayıbsa universitetlərimizin adının reytinq cədvəlində ilk 2 minlik siyahıya düşməməsinə təəcüblənməyək. Amma unutmayaq bu reytinqdə Tiflis və İrəvan universitetləri təxminən 800-900-cü sıralarda qərarlaşıb.
PS. Söz azadlığı vacib anlayışdır və hamının fikrinə hörmətlə yanaşılmalıdır. Lakin adi texniki problemə görə tələbə və valideyni ittiham etmək ifadə azadlığı olmayıb, həm də bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Bu prinsipə görə müştəri (tələbə) hər zaman haqlıdır. Tam səmimi deyirəm ki, Almaniya və ya Fransada hansısa ali məktəb tələbə və valideyni belə ucuz formada ittiham etsəydi bütün ölkə çalxalanardı.
Vüqar Yaşaroğlu