Banner

Bu yerlərdə dayanmaq rəsmən qadağındır

Yazarlar 15 Fevral 2015 01:32 Oxunub 5141
Bu yerlərdə dayanmaq rəsmən qadağındır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsinin dayanması yalnız konkret səbəblərlə bağlı ola bilər

«Yol hərəkəti haqqında» Qanunun 1-ci maddəsinin 29-cu bəndində dayanmaya belə anlayış verilir: Nəqliyyat vasitəsinin dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir.

Anlayışdan göründüyü kimi, nəqliyyat vasitəsinin dayanması yalnız konkret səbəblərlə bağlı ola bilər:

1) adamların minməsi və ya düşməsi;

2) yükün yığılması və ya boşaldılması.

Bu səbəblərlə əlaqədar nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilmişdirsə, belə vəziyyətin müddətindən asılı olmayaraq nəqliyyat vasitəsi dayanmış hesab ediləcək. Bunlardan başqa, istənilən səbəblə nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi dayanma hesab edilməyəcək.

Daha bir maraqlı məqama diqqət yetirilməlidir. Nəqliyyat vasitəsi konkret yerdə hərəkətsiz vəziyyətə gətirilərək müəyyən vaxtdan sonra kiminsə minməsini, yaxud onda olan yükün boşaldılmasına və ya ona yük vurulmasına başlanmasını gözləyə bilər. Belə hallarda dayanma konkret məqsədə yönəlsə də, müvafiq hərəkət (adamın minməsi, yükün vurulması və ya boşaldılması) nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsindən müəyyən zamanla ayrıldığından həmin nəqliyyat vasitəsi dayanma yox, durma vəziyyətində hesab edilməlidir. Başqa sözlə, nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi o halda dayanma hesab olunur ki, müvafiq hərəkət (adamların minməsi və ya düşməsi, yükün vurulması və ya boşaldılması) nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsindən bilavasitə sonra edilsin (və ya edilməyə başlansın).

Məcburi dayanma və dayanmanın anlayışlarını müqayisə etdikdə aydın olur ki, dayanma nəqliyyat vasitəsinin sürücü tərəfindən düşünülmüş surətdə, məcburiyyət olmadan hərəkətsiz vəziyyətə gətirilməsidir.

Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsinin svetoforun və ya nizamlayıcının siqnalına və ya 2.5 «Dayanmadan keçmək qadağandır» nişanının tələbinə əsasən, tıxac yaranması səbəbindən, başqalarına yol vermək, maneə ilə toqquşmanın qarşısını almaq  üçün, yaxud yol hərəkəti qaydalarının tələb etdiyi digər hallarda hərəkətsiz vəziyyətə gətirilməsi dayanma deyil.

Qaydalara əsasən, aşağıdakı yerlərdə dayanma qadağandır:

1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 

2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 

3) 1.1, 1.3, 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə;

4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 

5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 

6) 1.1 — 1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 

7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda;

8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 

9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 

10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 

11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda.

Bunlardan başqa, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiynində, yol çiyni olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Deməli, istənilən yerdə avtomobillərin ikinci cərgədə dayanması qadağandır.

Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Deməli, ortasında yox, yalnız sağ tərəfində tramvay xətti olan yollar istisna olmaqla, ikitərəfli hərəkət olan yolun solunda dayanmaq həmişə qadağandır.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh