Banner

Bütün istiqamətlərdə dəmir yolu xəttinin olması bizə nə verəcək? - TƏHLİL - FOTOLAR

Yazarlar 7 Mart 2023 15:00 Oxunub 2090
Bütün istiqamətlərdə dəmir yolu xəttinin olması bizə nə verəcək? - TƏHLİL - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda dəmir yolunun inkişafı son illər daha da sürətlənib. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev qarşıya tapşırıqlar qoyub və ciddi nəticələri olan layihələr icra olunur. Onlardan biri də Bakı-Qəbələ dəmiryolu xəttidir. Artıq bu xətt martın 18-dən rəsmən sərnişinlərin ixtiyarına verilir. Martın 4-dən isə bilet satışı başlayıb.

Turizm zonası sayılan Qəbələyə sərnişin qatarının işləməsi olduqca ciddi hadisədir. Artıq turizm şirkətləri bu layihəyə maraq göstərir. Turistlərin seçəcəyi tur-paketlərdə Bakı-Qəbələ dəmiryolu xəttindən istifadə də təklif olunacaq.

Turistlər Qəbələyə daha çox qatarla gedəcək

Hər halda şirkətlər bunun uğurlu olacağını bildikləri üçün bu addımı atırlar. Çünki turist üçün Bakıdan avtomobillə Qəbələyə getmək, orada bir və ya bir neçə gün maşını və sürücünü saxlamaq çox xərc aparır. Amma qatarla Qəbələyə gedən turist üçün orada yalnız lazım olanda taksi ilə hərəkət etmək daha sərfəlidir. Bunun sayəsində bölgədə həm ictimai nəqliyyat, həm də taksi xidməti inkişaf etmiş olacaq.

Yeni dəmir yolu xətti ilə paytaxtdan Qəbələyə və qonşu rayonlara qısa zaman kəsiyində rahat və təhlükəsiz şəkildə səfər etmək imkanı əldə ediləcək. Bu xətt həm də gələcəkdə yük daşımalarında istifadə oluna bilər.

Təhlükəsiz nəqliyyat növü dəmir yoludur

Bütün inkişaf etmiş dövlətlər əvvəlcə dəmir yolu sistemini inkişaf etdirir, sonra avtomobil yollarındakı təhlükələri dəmiryoluna yönləndirir. Məsələn, bu gün yollarda nə qədər təhlükəli yüklər daşıyan yük maşınları var. Onların yükü qədər özləri də təhlükəlidir. Əksəriyyəti köhnə və yararsızdır, onları idarə edənlərin isə bəzən sürücülük hüququnun olmadığı üzə çıxır. Üstəlik, bu maşınlar yollarımızın tez-tez sıradan çıxmasına səbəb olur. Onların işini gələcəkdə dəmir yolu görəcək və nə qədər təhlükə aradan qalxmış olacaq.

100 avtomobil yoxsa bir qatar?

Başqa bir vacib məqam. Deyək ki, bir sərnişin Bakıdan avtomobillə Qəbələyə gedir. Orta hesabla 4 saatdan artıq vaxta çatacaq. Kimsə deyirsə ki, mən 3 saata çatıram, o zaman əmin olun ki, yol hərəkəti qaydalarını tapdalaya-tapdalaya hərəkət edib. Yəni normal qaydalar çərçivəsində, normal sürətdə hərəkət etməklə Qəbələyə 4 saatdan tez çatmaq mümkün deyil.

Bir sərnişinin bu səfəri öz maşınıyla yox, qanunsuz faəliyyət göstərən rayon taksiləri ilə etmiş olsa 15 manatdan ucuz olmayacaq. Nəzərə alsaq ki, həmin nəqliyyat vasitələri ilə hərəkət birbaşa həyat və sağlamlıq üçün təhlükə mənbəyidir.

Tarif Şurasının qərarəna uyğun olaraq, avtobus biletlərinin dəyəri 9 manat 50 qəpik təşkil edir. Avtovağzaldan Qəbələyə 314 km olan yolu təxmini 5 saata getmək olur.

Bütün bunlara konkret bir prizmadan yanaşanda baxıb görürük ki, bir avtobus 48 nəfəri, bir mikroavtobus 8-16 nəfəri, bir minik taksisi isə 4-6 nəfəri daşıya bilir. Qəbələyə sərnişin daşıyacaq İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarında isə ümumi 364 yer var - standart 294, biznes 61 və birinci sinif 9.

Yol hərəkəti təhlükəsizliyi baxımından yanaşsaq 364 nəfəri Qəbələyə daşımaq üçün ən azı 7 avtobus, 25 mikroavtobus və ya 100-ə yaxın minik avtomobili lazım olacaq.

İndi gəlin, məsələyə ekoloji cəhətdən yanaşaq. Məlum məsələdir ki, Qəbələ turizm zonasıdır. Bu zonaya hər gün sərnişin daşınır və hamısı da avtomobil nəqliyyatı ilə daşınır. O zaman Qəbələyə istirahətə gedənlər elə Bakıdakı havanı udmuş kimi olacaqlar.

Alternativ ictimai nəqliyyat və...

İstənilən halda dəmir yolu xəttinin açılması vətəndaşlara alternativ ictimai nəqliyyat təqdim etməkdən başqa bir şey deyil. Yəni biz maşınla da gedə bilərik, avtobusla da, dəmir yolu ilə də. Hələ yeri gəlsə təyyarə ilə də ola bilər.

Nəzərinizə çatdırım ki, Bakı-Qəbələ sərnişin qatarına 294 standart yer üçün qiymət 14 AZN, 61 yerlik biznes sinif üçün 31 AZN və 9 birinci sinif üçün 93 AZN-dir. Amma bu sahədən anlayışı olmayan bəzi insanlar 294 yer üçün 14 manatlıq bilet qiymətini kənara 9 ədəd birinci sinif üçün 93 manatlıq bilet qiymətini qabartmaqla görülən işlərə kölgə salmağa çalışır. Sanki ADY hamını məcbur edir ki, mütləq 93 manatlıq bilet alsın. Belə bir tələb yoxdur. Heç kimi də məcbur edən yoxdur ki, Qəbələyə mütləq qatarla getməlisən. Sadəcə olaraq, dövlət tərəfindən yürüdülən siyasət ondan obarətdir ki, vətəndaş üçün ictimai nəqliyyat çoxşaxəli olmalıdır və insanlarımız istədiyi nəqliyyat növündən istifadə etsin.

Qəbələyə tarixin heç bir dövründə dəmir yolu xətti olmayıb. Bu gün bu yenilik baş tutursa, bunu sadəcə alqışlamaq lazımdır.

309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.

Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Sürət qatarı ilə sürətli qatar arasında fərq

Bəzi insanların sürət qatarının gec hərəkət etməsini tənqidi yanaşması isə onu göstərir ki, real vəziyyətdən xəbərsizdirlər. Birincisi, bu qatarda orta sürət 100 km/saatdan aşağı deyil. Xətt bəzi yerlərdə, xüsusən Kürdəmirdə yaşayış məntəsi və bazarın içindən keçir. Bu evləri və bazarı orada ADY tikdirməyib. Vaxtında kimlərsə göz yumub və belə vəziyyət yaranıb. Bu səbəbdən də dəmiryolunun həmin nöqtələrində hərəkət sürəti saatda 60-a qədər enir. Bu isə təhlükəsizlik üçün atılan addımdır. Digər nöqtələrdə isə sürət saatda 140-dan artıq olur. Bəli, bu da dünya standartlarında aşağı sürət sayıla bilər. Amma bizim relyefimiz, şəhərsalma və məskunlaşma sistemimiz elə qurulub ki, bizim üçün bu sürət normaldır.

Guya kimsə Qəbələyə gedəndə dağlıq ərazidə saatda 140-la maşın sürüb? Ömründə dəmir yolunun D hərfinin mahiyyətindən xəbəri olmayanlar bu gün inkişafa doğru atılan addımlara ləkə yaxmağa çalışanda heç olmasa normal arqumentlər tapsaydılar pis olmazdı.

Və unutmayaq ki, dünyada sürət qatarı ilə sürətli qatar arasında fərq var. Sürət qatarı saatda 140 km sürətə qədər gedənlər sayılır. Sürətli qatar isə saatda 250 km-i də ötə bilir. Yəni bu gün Bakı-Qəbələ xəttində hərəkət edən qatar sürət qatarıdır və normal sürət rejiminə uyğun hərəkət edir.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh