Banner

Cadulanan avtomobillər

Yazarlar 1 Yanvar 2015 00:47 Oxunub 2979
Cadulanan avtomobillər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər cadulanmır, sadəcə, onları idarə edənlər özlərini lənətləyiblər

1960-cı ilin yanvarın 4-də yazıçı Alber Kamyü dostu Mişel Hallimarın avtomobili ilə Provansdan Parisə qayıdarkən qəzaya uğradı. Kamyü yerindəcə öldü. Dostu Mişel iki gündən sonra xəstəxanada keçindi. Mişel Hallimarın arxa oturacaqda əyləşən həyat yoldaşı və qızı sağ qaldı.

Bu qəza barədə müxtəlif versiyalar səsləndi. Versiyalardan birinə əsasən, bunu SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi həyata keçirmişdi. O səbəbdən ki, Kamyü sovet qoşunlarının Macarıstana qoşun yeritməsini kəskin şəkildə tənqid atəşinə tutur, o cümlədən Boris Pasternakı müdafiə edirdi. Digər versiyanı isə qara magiya ilə məşğul olanlar səsləndirdilər. Onların iddiasına əsasən avtomobil cadulu imiş, yəni lənətə gəlib. O illərin xəbərlərində bildirilirdi ki, Kamyünü ölümə aparan avtomobil əvvəllər də sükan arxasındakı başqa birini həyatla vidalaşmağa məcbur edib. Əlbəttə, qara magiyaçıların bu iddiası indiyə qədər səsləndirilsə də, elmi nöqteyi-nəzərdən qəbul edilmir.

Azərbaycanda da cadulu maşınlar barədə danışılır. Maşın bazarındakı satıcılardan soruşulsa, onlar alıcıların “kaprizləri” barədə geniş məlumat verə bilərlər. Məsələn, mövhumatçı adamlar qara rəngli maşınları almaqdan imtina edirlər, yaxud, 13 rəqəmli nömrələri istəmirlər. Həm də alınan maşının əvvəllər qəza törədib-törətməməsi də dəqiqliklə araşdırılır.

Əslində, maşınlar nə cadulanır, nə də lənətə gəlir. Hər gün ölkə yollarında dəhşətli avtomobil qəzaları baş verir. Son illər kütləvi şəkildə ölənlərin də sayında artım müşahidə edilir. Vəziyyət isə düzəlmir. Milli Məclis dəfələrlə cərimələrin miqdarını artırıb, küçə və prospektlərdə radar sistemləri qurulub. Amma hələ də texnika qəza və ölümlərin qarşısını almaqda acizdir. Dövlət tərəfindən görülən tədbirlərə əsasən Yol Patrul Xidməti əməkdaşlarının sürücülərlə birbaşa təması qismən azalıb, onların məvacibi artırılıb. Bütün bu görülən tədbirlərə baxmayaraq qəzaların sayında enmə müşahidə edilmir, hər gün ölüm xəbərləri gəlməkdədir. Deməli, söhbət cərimələrin artırılmasında, radar sistemlərinin çoxaldılmasında deyil. Burda söhbət insan psixiologiyasından gedir.

Son illər Fransa alimlərinin gəldiyi qənaət bundan ibarət oldu. Onlar 120 sürücü arasında apardıqları testin nəticələrini elan etdilər. Qeyd edək ki, bu sürücülər avtomobili yüksək sürətlə idarə edənlər olub. Test zamanı həmin sürücülərin bəzi fikirləri diqqəti cəlb edib. Məlum olub ki, onların bir qismi gecələr gec yatır. Digər qismi kompüterin qarşısında çox oturur və texnika ilə çox işləyir. Başqaları isə ailədə vəziyyətin dözülməz olduğunu bildiriblər. Ancaq 120 nəfərin 19 nəfəri qeyd edib ki, onlar kriminal verilişlərin, zor tətbiq edilən filmlərin daimi tamaşaçılarıdır. Və Fransa alimləri nəticəni Kütləvi İnformasiya Vasitələrinə açıqladılar. Özü də kəskin şəkildə. Beləliklə, alimlər bildirdilər ki, avtomobilləri yüksək sürətlə idarə edənlər əksər hallarda vəhşiləşmiş insanlar olur. Bunun köklü səbəbi isə beynin zorla, qanla, ölümlə doldurulması, humanistliyin sıradan çıxmasıdır.

Bir neçə il əvvəl Azərbaycanın əsas yollarının kənarlarında sosial xarakterli fotolar yerləşdirildi. Təxminən belə: “Ata, yolunu gözləyirik”, “Sürət ölümə aparır” və sair. Həmin plakatlar hələ də yerində qalmaqdadır. Ancaq bunlar azdır. Məsələn, Almaniya, Çexiya, Polşa kimi ölkələrdə qəzaların aradan qaldırılması üçün sosial çarxlar bütün günü efirlərdədir. Özü də ən baxımlı verilişlərin arasında nümayiş etdirilir. Azərbaycanda da bunu tətbiq etmək olar. Tutaq ki, qəzada ölən valideynlərin kimsəsiz qalan uşaqlarının sonrakı taleyi, yaxud, iki sevən gəncdən birinin nakam həyatına dair qarşı tərəfin göz yaşları və s. çarxlar çəkilməlidir. Efirlərdə göstərilməli, yol kənarlarında iri monitorlarda nümayiş etdirilməlidir. Respublikanın Dövlət Yol Polisi İdarəsi ayrı-ayrı teleşirkətlərə belə çarxların hazırlanmasına dair sifarişlər verə bilər. Bundan başqa həmin çarxlar ölkənin mobil operatorları tərəfindən ən çox qəza törədən, radara düşən sürücülərin nömrələrinə göndərilə bilər. Bundan başqa istər Dövlət Yol Polisi, istərsə də, Bakı şəhəri Yol Polisi İdarələrində psixoloqlar fəaliyyət göstərməlidir. Avtomobili yüksək sürətlə idarə edənlərlə psixoloqlar görüşdürülməli, onlarla söhbət aparılmalıdır. Nəzərə alsaq ki, hər gün avtomobil qəzalarının sayı artır, deməli, adamların psixiologiyasına təsir göstərməyin vaxtı çatıb. Cərimələrin miqdarının artırılması çox az sürücüyə təsir edəcək. Çünki, adamların əksəriyyəti daha da aqressivləşir. Onlara yüksək cərimənin və radarın gücü çatmır.

Avtomobillər cadulanmır. Sadəcə, onları idarə edənlər özlərini lənətləyiblər.

 

Azər Qismət

ŞƏRH YAZ
Ad

E-mail

Şərh