Banner

Canımızı alan qəzalardan necə qorunaq?

Yazarlar 29 Yanvar 2015 23:04 Oxunub 2077
Canımızı alan qəzalardan necə qorunaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşamaq istəyirsənsə, məsuliyyətli OL!

Respublikada avtomobil parkının yüksək sürətlə genişləndiyi müasir dövrdə insanların qarşısında bir tələb dayanır - məsuliyyət, qanun-qaydaya riayət. Etiraf edək ki, məhz bu məqam bir çox məsələlərin həllində açar rolunu oynayır. Günümüzün gerçəyidir ki, Azərbaycan cəmiyyətində hər bir insanın təhlükəsiz yaşamasına dövlət təminat verir. Hazırda qanunçuluğun qorunması və təhlükəsizliyin təmin olunması ictimai həyatımızın bütün sahələrini əhatə etməkdədir. Amma yol-hərəkət qaydalarına əməl etmək hər kəsin öz məsuliyyətidir və yollarda özünü daha qabarıq göstərir. 

Reallıqlar və müşahidələr də sübut edir ki, sürücü və piyada məsuliyyəti yollarda təhlükəsizliyin başlıca şərtidir. Deməli, avtomobili yüksək sürətlə idarə edən, qarşıdan gələn nəqliyyatın hərəkəti istiqamətinə çıxaraq qəza şəraiti yaradan sürücünün, müəyyən olunmayan yerdən keçən piyadının bu məsuliyyətdə öz payı var. Görünən budur ki, yol polisi hamıdan ictimai məsuliyyət, intizam gözləyir. Bu, həm də tələbdir, sosial sifarişdir. Həmin tələbə cavab verməyən insanın nə qədər müsbət cəhətləri olsa da, "məsuliyyətlidir" deyə fikirləşmək nəinki çox çətindir, hətta mümkün deyil. Niyə? Ona görə ki, insanların özünü cəmiyyətdə necə aparması mübahisəsiz qəbul olunan qaydalarla, qanunlarla tənzimlənir. 

 

Nahaq yerə demirlər ki...

 

Hadisələrin əksəriyyəti yüksək sürət, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması səbəbindən baş verib. Mütamadi olaraq, müşahidə edirik ki, paytaxt ərazisində yol polisi gecə saatlarında avtoreydlərdə keçirir. Məqsədi yollarda hərəkətin təhlükəsizliyi təmin edilməsi, sürücü məsuliyyətininin aşılanmasıdır. Nahaq yerə demirlər ki, məsuliyyət özü də bir mədəniyyətdir. Bu gün yol hərəkəti iştirakçılarının məsuliyyətsizliyi birbaşa ölümə, ən azı ömürlük bədbəxtçiliyə aparır. Yol mədəniyyətinə riayət etməyən məsuliyyətsiz şəxslər, əslində özlərinin və başqalarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradırlar. Qanunvericiliyə zidd olan belə hərəkətlər çox vaxt ağır nəqliyyat qəzalarına səbəb olur, ən yaxşı halda vətəndaşların əmlakına dəyən ziyanla yekunlaşır.

 

Qəzalar, cəzalar... 

 

Avtomobil yollarının təhlükəsizliyi, hərəkət iştirakçılarının intizamı bütövlükdə yol polisinin diqqət mərkəzindədir. Yollarda məsuliyyət həm həddindən artıq fərdi, həm də eyni zamanda həddindən artıq ictimaidir. Dünya təcrübəsinə görə, bunun üçün iki yol mümkündür. Birincisi məsələni təbii gedişin ixtiyarına buraxmaqdır ki, yəni yol hərəkəti mədəniyyəti formalaşsın, amma bu, uzun çəkən bir prosesdir. İkinci yol qanun pozucularına qarşı sərt cərimələrin və cəzaların tətbiqidir ki, bu məsələlərlə bağlı son illər xeyli işlər görülüb, hətta qanunvericilikdə dəyişikliklər edilib. Aparılan təhlil və ümumiləşdirmələrlə müəyyən olunub ki, əvvəlki dövrlə müqayisədə sanksiyalar sərtləşdirildikdən sonra həm törədilən inzibati xətaların, həm də yol hərəkəti qaydalarının pozulması nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzalarının sayında azalma var. Ancaq elə məsələlər var ki, bilavasitə insanların şəxsi keyfiyyətləri ilə bağlıdır. 

Bakı şəhərində 901 yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vurğulayıb ki, respublikanın avtomobil parkında maşınların sayı milyondan artıqdır, bu nəqliyyat vasitələrinin çoxu paytaxtın payına düşdüyü üçün son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hallarının olması narahatçılıq doğurur. İl ərzində qeydə alınan yol nəqliyyat hadisələrinə qaşı həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri azalmış, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə olunub. 

Ötən il qəzalar nəticəsində 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 2013-cü illə müqayisədə 110 hadisə, 29 ölüm və 106 xəsarət azalıb.

 

Yaşamaq istəyirsənsə, məsuliyyətli OL!!!

 

Hazırda müasir texniki vasitələrin köməyi ilə qayda pozuntularının qeydə alınması böyük rol oynayır. Təkcə ötən il respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085-ə çatdırılıb. Bakı şəhərində isə 1356 nöqtədə əlavə olaraq qurulan video müşahidə sistemi 4224 qədər artırlıb.  Bundan əlavə, çoxlu piyada keçidiləri tikilir. Bütün bunlar təhlükəsizliyə xidmət edən amillərdir. Yol polisi tərəfinin qabaqlayıcı tədbirləri nəticəsində yüzlərlə avtoqəzaya səbəb ola biləcək şəxslərin müəyyən olunaraq yoldan kənarlaşdırılması deyilməyən əsas faktdır. Bunun hər birinin arxasında böyük faciə dayana bilər. Lakin təəccüb və təəssüflə vurüulanmalıdır ki, texniki vasitələrin qurulmasından, radarların çoxluğundan şikayət edənlər də tapılır. Şikayət edirlər ki, yol polisi müxtəlif yerlərdə gizli radar qurub. Yəni, vətəndaş qaydanı poza bilməməkdən şikayət edir, bir sözlə, həyatının sığortalanmasından, təhlükəsizliyindən narazı qalırlar. Əgər yol polisi radarın köməyi ilə kiminsə sürətlə gedib qəza törətməsinin qarşısını alır və onun həyatını xilas edirsə, bu pisdirmi? Odur ki, cəmiyyətin də qəbul etmədiyi hərkətlərə qarşı gündəlik həyatımızda tez-tez rast gəlinən etirazlar heç kimi təəccübləndirməməlidir.

 

Elşad HACIZADƏ

[email protected]

ŞƏRH YAZ
Ad

E-mail

Şərh