Sürücülər bu qaydaları daha çox pozduğu üçün cərimələr artırıldı - EKSPERTDƏN REAKSİYA

Yazarlar 8 İyun 2023 11:18 Oxunub 3754
Sürücülər bu qaydaları daha çox pozduğu üçün cərimələr artırıldı - EKSPERTDƏN REAKSİYA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda yol qəzalarının sayının azaldılması istiqamətində tədbirlər görülür. Bu məqsədlə aprel ayında Bakının bəzi küçə və magistrallarında sürət həddi endirilib. Növbəti mərhələdə isə yollarda sürət həddini aşmaya görə cərimələrin artırılması planlaşdırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Yeni layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər dəyişikliyə uyğun olaraq, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə yazılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda 1668 yol-nəqliyyat hadisəsi baş verib. Statistik rəqəmlər göstərir ki, qəzalar nəticəsində zərər çəkən şəxslərin sayı əvvəlki illə müqayisədə 6,1 faiz artaraq 2290 nəfər olub. Zərər çəkən şəxslərən 834-ü həlak olub, 1456 nəfər isə yaralanıb.

Bəs yeni dəyişiklik yol qəzalarının sayının azalmasına təsir edə biləcəkmi?

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, cərimələrin artırılmasına bir neçə səbəb var:

"Sözün açığı, cərimələrin məbləğinin artırılması ilə bağlı layihənin müzakirəsi bir növ cəmiyyətdən gələn tələb və sifarişdir. Cəmiyyət hansı formada inkişaf edirsə, necə davranırsa, qanunlar da ona uyğun qurulur. Bu məsələdə artıq-əskik nəsə yoxdur. Cəmiyyət buna layiqdir, bunu istəyir. Cəmiyyət qaydaları tez-tez pozur. Hüquq da onu tənzimləməyə çalışır".

Sürət həddinin aşılması psixoloji problemdir...

 

 

Ekspert yol-nəqliyyat hadisələrinin artdığını diqqətə çatdırıb:

"Qəzalar nəticəsində ölüm və xəsarət halları çoxalıb. Bütün bunların təhlili nəticəsində məlum olur ki, səbəblər sürət həddinin aşılması, narkotik vasitələrinin təsiri altında nəqliyyat vasaitəsinin idarə edilməsi, eləcə də yolayrıcı keçmə qaydasının pozulması, işıqforun qırmızı işığının tələbinin pozulması, dəmiryolu keçidlərinin keçmə qaydalarının pozulmasıdır. Sürücülər burada məsuliyyət daşıyır. Qəzaların nəticəsində biz hər gün insanlarımızı itiririk. Təbii ki, bunlar təhlil olunandan sonra ortaya çıxan nəticə bu insanlarla mübarizə metodlarının təkmilləşdirilməsidir. Onlardan biri də qanunvericiliyin sərtləşdirilməsidir. Mən düşünürəm ki, qanunvericilik bu dəfə maddi cəzalarla sərtləşdirilib. Gələcəkdə bunun mənəvi tərəflərini də nəzərə almaq lazımdır".

E.Muradlı sürət həddini pozanların tibbi müayinəyə göndərilməsini təklif edir:

"Hesab edirəm ki, saatda 41-60 kilometr, yaxud 60 və daha artıq sürət həddinin aşılması artıq psixoloji problem kimi görülməlidir. Yəni normal insan ya puluna güvənir, yaxud beynində, düşüncələrində problem var. 100 km/saat sürət həddi müəyyənləşdirilən yolda 200 km/saat sürətlə hərəkət edirsə, düşünmək lazımdır ki, bu adamın təfəkküründə problem var. Bu insanlarla başqa cür mübarizə aparmaq lazımdır. Bunlardan biri də həmin insanların tibbi müayinəyə göndərilməsidir. Məsələn, Avropanın bir çox ölkələrində elə insanlara mütləq psixoloji yardım tövsiyyə olunur ki, “gedin yoxlanın, görək, sürət həddini niyə aşırsınız?”. Bu baxımdan düşünürəm ki, bu məsələləri zəruri edən amillər var. Heç bir cəza səbəbsiz yerə artırılmır. Vaxt var idi ki, kəmər taxmamağa görə cərimə 10, ya da 20 manat idi. Sürücülər başqa qayda pozuntuları ilə bağlı saxlanılanda yol polisinə yalvar-yaxar edirdilər ki, "bir dənə “kəmər” yaz çıxım gedim".

Kəmər taxmamağa görə cərimə elə urvatsız olmuşdu ki, insanlar onu çox zövqlə özlərinə yazdırırdılar. Çünki kəmərə görə cəza 60 manatdır, digər qayda pozuntularına görə cəza isə  60 manat və 3 baldır. Belə yanaşmalara görə cəzaların sərtləşdirildiyini düşünürəm. Gələcəkdə tendensiya bu cür davam edəcəksə, yenə də cəzalar sərləşdiriləcək. Bu insanlarımızın təfəkkürü, daxili mədəniyyəti, yol mədəniyyəti tam formalaşana qədər davam edəcək. Burada qeyri-adi heç nə görmürəm. Əgər heç kim qayda pozmasa, cərimələrin artırılmasından narahat olmasınlar. Təsəvvür edin ki, adam öldürmək üçün cəzalar sərtləşdirib. İnsanlar çıxıb, buna etiraz etmir.  Adama sual verərlər ki, bunun sənə nə dəxli var, sən ki adam öldürmürsən. Bu məsələdə də belədir. Şəxsən mən sürət həddini aşmıramsa, 300 manatlıq cərimədən niyə narazıyam. Zəhmət çəkib qanunlar çərçivəsində maşınımı idarə etməliyəm.  Bu məsələləri obyektiv düşünmək lazımdır. İnsanlar bunu cəmiyyətə basqı kimi qiymətləndirməməlidirlər.  İnzibati tənbeh tədbiri maarifləndirmə addımıdır. İnsan bunun mahiyyətini dərk etsin ki, bu cəza ona niyə yazılıb. Onda nəticə çıxaracaq", - Elməddin Muradlı vurğulayıb.

Qaranlıq yollar ağır faciələrə səbəb olur...

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli də yeni qərarın effektli olacağını düşünür.

"Biz yollarda qəzaların sayının və yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq istəyiriksə, hərtərəfli iş görməliyik. Sadəcə cərimələri yüksəltməməliyik. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbi qaydaların bilərəkdən pozulması ilə bağlıdır. Digər səbəblər də bura aiddir. Yol infrastrukturlarının yaxşı olmaması, qaranlıq və çala-çuxur yolların olması, eyni zamanda köhnə avtomobillərin olmasını səbəblər sırasına daxil edə bilərik. Biz cərimələri yüksəldirik, ancaq yol infrasturukturu ilə bağlı hər hansı islahatlar aparmırıq. Bu gün Bakı şəhərində elə yollar var ki, təhlükəlidir, faktiki olaraq qəza ocaqlarıdır. Biz onlarla bağlı hər hansı işləri görümürük. Yollarda, işıqfor olan ərazilərdə, nizamlanmayan keçid olan ərazilərdə keçidlərə qalmış yol nişanlarının qoyulmaması, keçidlərin vaxtlı-vaxtında boyanmaması, bunlar hamısı qəzalara səbəb olur.  Qaranlıq yollar ağır faciələrə səbəb olur. Biz bunun son vaxtlar şahidi oluruq", - o vurğulayıb.

Yol polisləri sürücülərə pusqu qurur...

 

 

Ekspert dəyişiklikdən sui-istifadə hallarının ola biləcəyini güman edir.

"Yeni qanundan bəzi yol-patrul xidməti əməkdaşları sui-istifadə bilərlər. Onlar sutkanın müəyyən vaxtlarında pusqu qurub, qayda pozuntularını gözləyirlər. Yalnız bundan sonra cəza yazırlar. Təəssüf ki, belə hallar da var.  Nərimanov rayonu yol-patrul xidməti əməkdaşlarından xeyli narazılıq var. Əhməd Rəcəbli küçəsində yaşayan vətəndaşlar deyirlər ki, gecə vaxtında Nərimanov rayonu yol-patrul xidmətinin əməkdaşları hətta məhəllənin içərisinə daxil olub, işıqları söndürüb, pusqu qururlar. Bu isə Dövlət Yol Polisinin illər ərzində gördüyü irimiqyaslı işlərin, çəkilən zəhmətlərin yerə vurulması deməkdir. Ona görə də belə cərimələrin artırılması ilə yanaşı, fürsətcil polislərə qarşı da mübarizə aparılmalıdır”, - Eldəniz Cəfərli sözlərini yekunlaşdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh