“Cırtdan” uşaq bağçasında özbaşınalıq: Uşaqları soyuqda çöldə saxlayırlar

Yazarlar 13 Noyabr 2018 08:30 Oxunub 3195
“Cırtdan” uşaq bağçasında özbaşınalıq: Uşaqları soyuqda çöldə saxlayırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Beş dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar”

Kapitalizm dövrünün tələblərinə uyğun olaraq günün yarıdan çoxunu iş başında keçiririk. Bu isə işdənkənar zəruri işləri vaxtında yerinə yetirə bilməməyimizə, uşaqlara zaman ayıra bilməməyimizə səbəb olur. Bu gün gərgin iş rejimində çalışan insanlar uşaqlarını dövlət və ya özəl bağçalara qoymaq məcburiyyətində qalır. Bəs görəsən, bu bağçalarda uşaqlara qarşı münasibət necədir?

Oxucularımızdan gələn şikayətlərdən birində Arifə Mikayılova yazır ki, beş dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar: “Yoldaşım da, mən də işləyirik. Hər gün tezdən uşaqları Sumqayıt şəhərində yerləşən 62 saylı “Cırtdan” körpələr evi-uşaq bağçasına gətirirəm. Uşaqlar bağçaya saat 09:00-a qədər gəlməlidir. 5-10 dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar. O gün səhər beş dəqiqə gecikmişdim, 15 dəqiqə qapı döymüşəm ki, uşaqları qoyum, işə gedim. Həm uşaqları soyuqda saxlayıb xəstələndirirlər, həm də valideynləri yubadırlar. Bizimlə bərabər neçə valideyn uşaqları ilə qalmışdı qapıda. Gördülər, açmırlar, naəlac çıxıb getdilər. Koridordan keçənlər eşidir, amma özlərini eşitməzliyə vururdular.

Onu da deyim ki, ciddi qayda-qanundan danışırlar, amma bağçanın direktorunu heç vaxt işdə görmədik. Nə vaxt direktorla görüşmək istədiyimi desəm, hələ gəlmədiyini deyirdilər. Saat 11:00-dan tez gəldiyini görməmişəm ki, problemimi deyim. Bağçada baş tərbiyəçi kimi çalışan Tağıyeva Günel qapını açıb dedi ki, içəridə komissiya var, siz gecikmisiniz, içəri buraxa bilmərik.

İşdən çıxanda, yolu nəzərə alıb çalışıram tez çıxım ki, uşaqları vaxtında götürüm. Yolların vəziyyətindən danışmağa dəyməz, hamı bilir ki, pik saatlarda tıxac olur. Bir az gecikirsən, yenə həmin vəziyyət. Bu dəfə də uşaqlar çöldə, soyuqda qalır. Uşaqları soyuqda saxlamaq nə dərəcədə doğrudur? Xəstələnsələr, bir şey olsa, valideynlərə kim cavab verəcək?”.

Eyni problemlə əlaqədar Bakıda fəaliyyət göstərən bir çox özəl və dövlət bağçalarından zaman-zaman şikayətlər eşidirik.

Avtosfer.az xəbər verir ki, bu səbəbdən oxu.az olaraq qərara gəldik ki, məsələni araşdıraq. Valideyn şikayət edir ki, uşaqları çöldə saxlayıb xəstələndirirlər. Tərbiyəçilər də şikayətlənir ki, iş saatları baxımından gecikən valideynləri gözləyə bilməzlər. Bəs bu sistemin bir balansı olmalıdır, yoxsa yox? Bu qayda-qanunlar necə tənzimlənir? Valideynləri gecikən uşaqların aqibəti necə olmalıdır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunun 3.9-cu maddəsində qeyd olunub: “3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən, pedaqoji şura tərəfindən müəyyənləşdirilir”.  Təhsil üzrə ekspert Elvin Bədirov deyir ki, bu problemlərin yaranmasının məktəbəqədər təhsil müəssisələrinə nəzarətin müvafiq İcra Hakimiyyətlərinə verilməsindən sonra başlayıb: “Məktəbəqədər təhsil müəssisələrinin İcra Hakimiyyətlərinin inhisarında saxlanılması kökündən yanlış addımdır. Nəzarət Təhsil Nazirliyindən alınıb İcra Hakimiyyətlərinə verilən vaxtdan bu və digər problemlərin sayı artıb. Bu günə qədər bağçalarda heç bir inkişaf yoxdur. Bu məsələ təcili şəkildə Təhsil Nazirliyinin aidiyyəti qurumlarının nəzarətinə verilməlidir. Bağçalarda gecikmələr, valideynlərin və tərbiyəçilərin narazılığı isə başadüşüləndir.  Xarakter baxımından gecikmə məsələsi bütün azərbaycanlılara xas keyfiyyətdir. Amma nizam-intizam qaydaları da hər bir müəssisədə eyni deyil. Hər bir bağçanın özünün nizam-intizam qaydaları var ki, buna uyğun addımlar atılmalıdır. Bu cür problemlərin hər hansı kəskin qadağalarla aradan qaldırılması mümkün deyil. Nazirlər Kabinetinin müvafiq qanununa əsasən, məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına uyğun şəkildə sistemləşdirilməlidir.  Qarşıdan qış gəlir. Bu məsələyə bağça rəhbərliyi tərəfindən güzəşt edilməlidir, əks təqdirdə uşaqların sağlamlığı ilə bağlı çox ciddi problemlər hələ bundan sonra üzə çıxacaq. Paralel olaraq bağça rəhbərliyi bu işi tənzimləyən zaman müəllimlərin, tərbiyəçilərin iş qrafikinə də dəyişiklik edəcəyi üçün məsələyə ciddi yanaşılmalıdır.  Bu, o demək deyil ki, müəllimlər iş saatından sonra oturub vəziyyətdən sui-istifadə edən valideynləri gözləməlidir. Ona görə də bu məsələyə nəzarətin birbaşa Təhsil Nazirliyinə verilməsini təklif edirəm. Təhsil Nazirliyinin hazırlayacağı bəlli standartlar çərçivəsində bağçaların fəaliyyətinə dair qaydalar tənzimlənərsə, nə gecikmə, nə cədvəllərin hazırlanması ilə bağlı problem olar, nə də rəhbərliklə valideynlər arasında anlaşılmazlıqlar yaşanar”.

Məsələyə rəsmi münasibət almaq üçün məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlarla da əlaqə saxlamağa çalışdıq. Bakı Şəhər İcra Hakimiyyətinə təbe olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirdilər ki, hazırda bu vəzifəyə təyinat yoxdur. İdarədə rəisi əvəz edən Eldar Yunusovla danışmağa çalışsaq da, bizi nə dinləyən oldu, nə də geri zəng edən. Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə məsələyə münasibət bildirəcək məsul şəxsin və ya əvəzləyici mütəxəssisin olmadığını dedi. Xatırladaq ki, şikayət məhz Sumqayıt şəhərindən fəaliyyət göstərən 62 saylı uşaq bağçasından idi. Nəzarətin olmaması da problemlərin mövcudluğunu və özbaşınalığın mümkünlüyünü bir daha təsdiq edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh