Banner

Daha bir narkoman taksi sürücüsü saxlanıldı: yeni qaydalar niyə işləmir? - SOS!

Yazarlar 17 Oktyabr 2023 11:18 Oxunub 928
Daha bir narkoman taksi sürücüsü saxlanıldı: yeni qaydalar niyə işləmir? - SOS!
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elməddin Muradlı: “Poliklinikalar sürücülərə arayışı 60 manata satırlar, ona görə...”

Xəbər verildiyi kimi, sosial şəbəkələrdə paytaxt ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov “Report”un sorğusuna cavab olaraq bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb. Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır. Bəs belə faktlar niyə azalmır? Narkoman taksi sürücülərindən necə qurtulmaq olar? Görün o, nə qədər insanın həyatını təhlükə altına atıb və hələ neçə belə narkoman sürücü əhaliyə “xidmət edir”. Onları necə tanımaq olar? Necə olur ki, belə adamlar sürücülük vəsiqəsi ala bilir?

Qeyd edək ki, xeyli vaxt idi narkoman sürücülərlə bağlı narazılıq var idi. Ekspertlər də hər dəfə bu məsələ gündəmə gəldikdə bildirirdilər ki, oktyabrın 1-dən “Avtomobil nəqliyyatı haqqında” Qanunda edilmiş dəyişikliklər tətbiq edildikdən sonra belə neqativ hallara yol verilməyəcək. Taksi fəaliyyəti tamamilə tənzimlənəcək, yeni qaydalarla idarə olunacaq. Artıq qanundakı dəyişikliklər qüvvəyə minib, amma göründüyü kimi, bu sahədə neqativ hallar aradan qalxmayıb.

Yeri gəlmişkən, yeni qaydalara əsasən, minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməyəcək, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya ləğv ediləcək. Qanunvericiliyə edilən dəyişikliyə görə, taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 3 min manat rüsum da ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır. Sürücülər etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Bu sahədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Yeni qanunvericiliyin tələblərinə uyğun olmayan, rüsum ödəməyən, taksometr quraşdırmayan taksilər proqramdan çıxarılacaq.

Hamı Oyuna gəlib - Alt paltarı satan qaqaş da…

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunları dedi: “Taksi fəaliyyəti ilə bağlı hələ ki bütün qərarlar, qanunlar operativ şəkildə icra olunmur. Biz nə qədər də gözləsək, bu dəqiqə məsələ həll olunsun, bu mümkün deyil. Çünki qərar cəmi bir aydır qüvvəyə minir. Cərimələrin tətbiqi məsələsi yanvarın 1-dən hesablanacaq. Hələlik sürücülər yalnız təlimlərdən keçirlər, sertifikatlaşdırma prosesi həyata keçirilir. Təlimdən keçirlər, imtahan verib sertifikat alırlar. Onların sonrakı mərhələdə əsl imtahandan keçməsi nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin qərarına görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməlidir. Sürücülər taksi sürücüsü kimi imtahan verəcəklər. Bu imtahandan keçəndən sonra onların müəyyən bir ödənişləri var, onları edirlər. Nəqliyyat vasitəsi üçün taksi buraxılış kartı və sürücü üçün də buraxılış vərəqəsi alırlar. Bunlar yeddi il müddətinə qüvvədədir. Ardınca taksi sürücüsünün fərqlənmə nişanını alması gəlir. Amma bu proseslərə qədər sürücülər həm də tibbi müayinədən keçirlər. İndi tibbi müayinə prosesi başlayıb. Artıq bir çox taksi operator şirkətləri, hüquqi və fiziki şəxslər 10-20 maşın alıb, bundan istifadə edir, özləri üçün iş qurublar: "Onlar hamısı sürücülərdən tələb edir ki, sağlamlıq arayışı alsınlar. Çünki sağlamlıq arayışı almasalar, taksi operatorları (BOLT, UBER) onları sistemə qəbul etməyəcək". Ekspert iddia edir ki, taksi şirkətlərinin rəhbərləri ona bildiriblər ki, poliklinikalar sağlamlıq arayışını 50-60 manat müqabilində satırlar: “Biabırçılıq buradan başlayır. Prezidentin Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncamı var. Milli Məclisdə bu məsələ müzakirə olundu. "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişikliklər qəbul edildi və sairə. Nazirlər Kabineti bu qədər əziyyət çəkir sənəd imzalayır. Ortada hansısa bir mənəviyyatsız bir həkim, poliklinika bütün işin içinə zəhər qatır. Ölkə rəhbərindən tutmuş baş nazirə qədər, deputatlar, nazirliklər əziyyət çəkərək bu boyda məsələni qaldırdılar. Bu işin qarşısında bir həkim ölkəyə nə qədər ziyan vurur. Bu, erməniyə məlumat ötürmək kimi bir şeydir. Səhiyyə qurumları bu cür həkimlərlə, poliklinikalarla bağlı təcili tədbir görməlidirlər". Qeyd edək ki, ekspertin poliklinikalarda arayış müqabilində pul istənilməsi iddiası ilə bağlı TƏBİB-ə sorğu ilə müraciət etdik. TƏBİB-in ictimaiyyətlə əlaqələr sektorundan “Yeni Müsavat”a bildirildi ki, yalnız konkret faktlarla bağlı məlumat verildiyi halda qurum araşdırma apara bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh