Daha çox Gürcüstandan gətirilən ikinci əl avtomobillər alışır - SƏBƏB
Bu günlərdə paytaxtın Qara Qarayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Hyundai Elantra" markalı minik avtomobilinin qadın sürücüsü idarəetməni itirərək öncə səkiyə, daha sonra isə işıq dirəyinə çırpılıb. Aldığı ağır zədədən avtomobil qəfil yanmağa başlayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənlərinin köməyi ilə yanğının qarşısı alınıb. Sürücü xəsarət aldığından təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.
Bu, son zamanlar paytaxtda baş verən ilk belə qəza hadisəsi deyil. Avtomobillərin vaxtlı-vaxtında texniki baxışdan keçməməsi, sürücülərin bəzilərinin məsuliyyətsizliyi bu cür qəzaların yaranmasına səbəb olur.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı «Şərq»ə bildirib ki, yol-nəqliyyat hadisələri zamanı kiçik bir qısaqapanma yanğın baş verməsinə, avtomobillərin alışmasına səbəb olur. «Əgər avtomobil bütün təhlükəsizlik qaydalarına cavab verirsə, yol-nəqliyyat hadisəsi, toqquşma zamanı belə hadisələr yaşanmaz. Çünki tam təhlükəsiz avtomobildən söhbət gedirsə, qəza zamanı avtomobilin mühərrikini söndürən kimi bütün elektrik naqilləri qapanır. O zaman avtomobilin digər yerlərinə cərəyan, yanacaq getmir.
Bəs o zaman bu yanğın niyə baş verir? Avtomobilin elektrik naqillərinə müdaxilələr olunduğundan bu cür qəzalardan qaçmaq olmur. Bəzi sürücülər var ki, müdaxilə bir yana, heç illərlə elektrik sistemini gözdən keçirmir.
Nəticədə də bu cür hadisələr baş verir. Xüsusən də Gürcüstandan gətirilən ikinci əl avtomobillər son vaxtlar Azərbaycanda çox ağır fəsadlar verməkdədir. Yaponiya istehsalı olan avtomobillərin sükan idarəetmə mexanizmi dəyişdirilir.
Bəzən qəza zamanı yararsız hala düşən iki avtomobildən birinin ön hissəsini, digərinin arxa hissəsini kəsib bir-birinə birləşdirməklə bir maşın düzəldirlər. Heç bizim mütəxəssislərin əksəriyyəti tapa bilmir ki, o nə cür calaq edilib. Ucuz qiymətə satılan belə avtomobillər zaman-zaman problemlər yaşadır. Bəzən heç bir hadisə baş vermədən də maşın hərəkətdə olarkən alışıb-yanır».
Sürücüləri bu məsələdə məsuliyyətli olmağa çağıran nəqliyyat eksperti «Yol hərəkəti haqqında» qanunun tələbini də xatırladaraq qeyd edib ki, hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsini yanğın söndürən balonla təmin etməlidir. E.Muradlının sözlərinə görə, bəzi sürücülər özlərini bu məsələdə ağıllı hesab etdiyindən texniki baxışdan keçməyə gedərkən qonşudan yanğınsöndürən balonu alıb qoyur maşına, qayıdandan sonra qaytarır: «Bu adama heç kim sual vermir ki, ay sürücü, bir gün maşınında yanğın baş versə, onda hansı təhlükəsizlik tədbirindən istifadə edəcəksən? Bəzi adamlar bunu formal olaraq qəbul edir, bəziləri boş vəziyyətdə qutusunu qoyur, bəzilərinin ümumiyyətlə işlətmə qaydasından xəbəri yoxdu. Yəni bu baxımdan bu istiqamətdə sürücülərin maarifləndirilməsinə ehtiyac var.
Sürücü yanğınsöndürən balonundan istifadə qaydasını bilmədiyinə görə, istər-istəməz hadisə zamanı sürücüdə də, avtomobildə olan digər sərnişində də panika yaranır. Yanğın xırda qığılcımlarla yaranır. Onun ətrafa yayılmaması üçün bir yanğınsöndürmə balonu kifayət edir. Bəzən 60-70-minlik avtomobili idarə edən sürücülər 20-30 manat xərcləməyə xəsislik edir.
Bunun nəticəsində də maşını itirirlər. İnsanlar bunun məsuliyyətini dərk etmir. Sadəcə texniki baxışdan keçəndə yadlarına düşür ki, avtomobil bütün təhlükəsizlik qaydalarına cavab verməlidir. Bizim sürücülərin əksəriyyəti bu vacib məsələyə çox laqeyd yanaşır».