Dayanacaqların yerdəyişməsi tıxacı azaldacaq - Zebraları da uzaqlaşdırmaq lazımdır
Bakıda yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə yolun hərəkəti buraxmaq qabiliyyəti artıb.
Məlumat üçün bildirək ki, işıqforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu. Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi işıqforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.
Maraqlıdır, yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaqların yerlərinin dəyişdirilməsi tıxacların aradan qaldırılmasına və piyadaların hərəkətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, Bakı şəhərində avtobus dayanacaqlarının yerinin dəyişdirilməsi ümumilikdə, nəqliyyat axınının intensivləşməsinə xidmət edir. Yəni nəqliyyat sahəsində sıxlığı, müəyyən gecikmələri aradan qaldırır: “Xüsusən, yol kəsişmələrində və yol birləşmələrində, eləcə də piyada keçidlərinin yaxınlığında olan avtobus dayanacaqları müəyyən çətinliklər yaradır. Yol kəsişmələrində və birləşmələrində olan avtobus dayanacaqları digər nəqliyyat vasitələrinin sağa, sola manevr etməsinə imkan vermir. Çünki bildiyimiz kimi, avtobuslar vahid mərkəzdən idarə edilmir. Ayrı-ayrı şirkətlər vaxt müddətini öz intervalları üzərindən qurub. Və bu vaxt müddətində bəzən bir neçə şirkətin avtobusu eyni vaxtda dayanacağa daxil olur. Bizim indiki dayanacaqlarımız maksimum iki avtobus tutumuna malikdir. Çünki avtobusların uzunluğu əsasən 10-12 metr civarında olur. İki şirkətin avtobusları eyni vaxta dayanacağa daxil olanda təxminən 25-30 metr məsafəni zəbt edirlər. Avtobus dayanacaqları da elə təxminən bu qədər əraziyə malikdirlər. Beş-altı avtobus eyni vaxtda dayanacağa daxil olanda vəziyyət nəzarətdən çıxır. Beləliklə, avtobuslar yol ayrıclarını, yol birləşmələrini kəsir, nəqliyyat axını dayanır, tıxac baş verir. Bu da əlbəttə ki, Bakı şəhərində hərəkətin intensivliyini aşağı salır. Ona görə də avtobus dayanacaqlarının yerinin dəyişdirilməsini müsbət hal kimi qiymətləndirirəm ”.
Hələ ki, yol kəsişmələrində və yol birləşmələrində olan avtobus dayanacaqlarının yerinin dəyişdirildiyini bildirən ekspert gələcəkdə yolüstü piyada keçidlərinin (zebraların) yaxınlığında olan avtobus dayanacaqlarının da yerinin dəyişdirilməli olduğunu məsləhət görür: “Çünki vətəndaş dayanacaqda durub avtobus gözləyir və ayağı piyada keçidinin üstündə olur. Bura yaxınlaşan sürücülərin hamısı dayanıb, sonra keçir. Elə bilirlər ki, həmin vətəndaş yolu keçmək istəyir. Bu, sürücüləri bir tərəfdən çaşdırır. Digər tərəfdən, avtobus saxlayır, piyada avtobusdan düşən kimi yolu keçmək üçün yolun hərəkət hissəsinə keçir və maşın vurur. Belə bir situasiya İncəsənət Gimnaziyasının yan tərəfindəki dayanacaqdadır. Çox təhlükəli bir vəziyyətdir, dəfələrlə oradan keçən piyadaları bu səbəbdən maşın vurub. Başqa ərazilərdə də belə dayanacaqlar var. Statistika dairəsinin yaxınlığında var idi, artıq onu uzaqlaşdırdılar. Avtobus dayanacağının içində piyada keçidi ümumiyyətlə, olmamalıdır. Əvvəllər bəzi qurumlar avtobus dayanacaqlarının yanından piyada keçidini salmasının səbəbini belə izah etdilər ki, piyadalar yolu kənardan keçməsin. Lakin dediyim kimi, bunun fəsadları, mənfi tərəfləri də var. Bu da piyadavurmalara gətirib çıxarır. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi gələcəkdə bunu da nəzərə alsa çox yaxşı olar”.
Nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, Bakı şəhərinin daxili yollarında avtobuslar üçün kifayət qədər dayanacaqlar var. Onların xeyli hissəsi sərnişinlərin düzgün hərəkət etməsində, digər nəqliyyat vasitələrinin hərəkəti zamanı qəzalara səbəb olacaq risklərə gətirib çıxaracaq problemlər yaradır: “Bəzi avtobus dayanacaqlarını elə məsafədə yerləşdirirlər ki, orada məhz piyadaların keçidi üçün nəzərdə tutulan zolaqlarla tamamilə üst-üstə düşür, yaxud da yaxın məsafədə yerləşir. Xeyli sayda avtobus dayanacaqlarının yerinin dəyişdirilməsini əhəmiyyətli hesab etmək olar”.
Nəqliyyat ekspertinin sözlərinə görə, bəzi hallarda işıqfora çox yaxın məsafədə avtobus dayanacaqları quraşdırılıb, lakin bu normativlərə uyğun deyil: “Çünki bilirik ki, bəzi avtobuslar dayanacaqda müvafiq normativlərə uyğun müddətdə orda dayanmalı və gözləməlidir. Avtobusun dayandığı müddətdə hərəkətin intensivliyini təmin etmək üçün işıqforun yaşıl işığı yanarkən digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmasına səbəb olacaq amillər vardır. Bütün bunlara nəzər yetirəndə görürük ki, avtobus dayanacaqlarının yerdəyişmələrinə start verilməsi müsbət bir haldır”.
İ.Hüseynli bildirir ki, bəzi hallarda piyadaların nəqliyyat vasitəsindən düşərkən yol keçməsində problemlər var: “Çünki birbaşa hərəkətin intensiv vaxtında sərnişin avtobusdan düşüb öz piyada keçidindən keçərkən arxadan gələn nəqliyyat vasitəsi avtobusun yaratdığı maneə üzrə bəzi hallarda piyadanı görmür və bu da qəzalara gətirib çıxarır. Hesab etmirəm ki, Bakı şəhərində olan tıxac probleminə ümumilikdə səbəb olan faktor budur. Müvafiq dayanacaqların yer dəyişmələrinin aparılması çox yaxşı olardı ki, işıqfordan və piyada keçidlərindən xeyli məsafədə yerləşdirilsin. Belə olan halda piyada özünü toparlayıb onun üçün nəzərdə tutulan zolağa yaxınlaşana qədər digər nəqliyyat vasitələrinin törədə biləcəyi qəzalardan, hadisələrdən özlərini sığortalama imkanı əldə etmiş olurlar. Bütün bu mənalarda götürsək, bu prosesə başlanılmalıdır”.
İ.Hüseynli Bakı şəhərində xeyli sayda düzgün quraşdırılmış piyada zolaqlarının olduğunu deyir. Bunlar ikinci yolla baş yolun birləşməsinin alt hissəsində olmalıdır ki, sürücü həm baş yola daxil olub sağa tərəfə baxarkən alt yoldan gələn zolaqda olan həm piyadanı, həm də nəqliyyat vasitəsini görməlidir. Amma çox təəssüflər olsun ki, bizdə çoxlu sayda belə piyada zolaqları var ki, köməkçi yolu baş yola birləşdirən sağa istiqamətlənən halda piyada zolaqları yerləşdirilib. Amma soldan gələn nəqliyyat vasitəsini buraxmaq üçün sürücünün diqqəti solda olur və sonuncu nəqliyyat vasitəsini buraxarkən dərhal sağa, hərəkət zolağına istiqamətlənən kimi piyada zolağından keçən piyada ilə qarşı-qarşıya gəlir. Bu da bəzi hallarda qəzalara səbəb olur. Bir yandan da, həmin piyada zolaqlarının yanında avtobus dayanacaqlarının olması xeyli problemlərin yaşanmasına gətirib çıxarır. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri bunun üzərində işləyib hesablayacaqlar, daha doğru mövqe seçəcəklər. Bunlar hamısı dünya təcrübəsinə və normativlərə uyğunlaşdırılmalıdır”.
Könül Oruc