Dayanma-durma qaydalarına nəzarət Yol Polisinə qaytarılsın - DEPUTAT
Bu gün Milli Məclisin payız sessiyasının son iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib. Dəyişiklikdə yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Bakı Nəqliyyat Agentliyinin) müəyyən etdiyi qurumun əməkdaşlarının hərəkəti yeni qayda ilə müəyyən edilib. Belə ki, qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılması) nəzərdə tutulmuş hallarda İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Avtosfer.az-a açıqlamasında məsələ ilə bağlı fərqli yanaşma ortaya qoyub. Deputat qeyd edib ki, ölkə başçısının 2018-ci il 6 iyun tarixli 179 saylı Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-cı (Dayanma və ya durma qaydalarının pozulması) və 346-1-ci (Parklanma qaydalarının pozulması) maddələrinə Bakı şəhərinin inzibati ərazisində baxmaq səlahiyyəti, eləcə də Prezidentin 2018-ci il 6 iyun tarixli 181 saylı Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətinin təşkil olunması və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edilməsi yalnız Bakı Nəqliyyat Agentliyinə həvalə olunub.
“Sürücülərimiz paytaxt ərazisində, əsasən də mərkəzi küçə və prospektlərdə, super marketlərin, kafe və restoranların, ticarət obyektlərinin qarşısında avtomobillərini iki, üç cərgədə saxlayırlar. Hətta yaşayış binalarının həyətlərinə girişlərdə, binaların blokları və uşaq meydançalarının qarşısında nəqliyyat vasitələrinin dayanması və durması qadağan olunan sahələrdə nəqliyyat vasitələri ilə dayanma və durma qaydalarını pozan şəxslərin sayının artması, həmin ərazilərdə digər nəqliyyat vasitələrinin, habelə piyadaların fasiləsiz və təhlükəsiz hərəkətinə ciddi maneələr yaranır. Bu kimi hallar isə avtomobillərin və piyadaların hərəkətinə mane olur. Bunun da təkbaşına öhdəsindən Bakı Nəqliyyat Agentliyi gələ bilməz”.
Çingiz Qənizadə dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin cərimələnməsinin və duracağa aparılması səlahiyyətinin Bakı Nəqliyyat Agentliyi ilə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə verilməsini təklif edir. “Bu baxımdan Bakı şəhərinin inzibati ərazisində Agentliklə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 346-cı və 346-1-ci maddələrinə baxılması, habelə bu maddələrin tələblərini pozan şəxslərin nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş qaydada təxliyəsinin həyata keçirilməsi səlahiyyətlərinin Daxili İşlər Nazirliyinə də verilməsi – bu növ qayda pozuntularına qarşı birgə effektiv mübarizənin aparılmasında, eləcə də nəqliyyat sıxlığının operativ şəkildə aradan qaldırılmasında mühüm rol oynayacaq. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin də nəzərdə tutulması vacibdir”.
Modern.az