Reklam

Dəniz mənzərəli mənzil adı ilə aldananalar: Çıxış yolu nədir? - VİDEO

Yazarlar 25 Dekabr 2023 21:17 Oxunub 6184
Dəniz mənzərəli mənzil adı ilə aldananalar:  Çıxış yolu nədir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şərqin Parisi adlandırılan Bakı şəhərinə ecazkar gözəllik qatan Xəzər dənizi mənzərəsi ilə hamını özünə heyran edir. Bu təbii ki, bina evlərinin qiymətinə də ciddi təsir edir. Belə ki, dəniz mənzərəli mənzillər əlavə dəyər qazanır. Mənzərəli mənzillər satın alıdıqdan sonra vətəndaş eyni binanın önündə yeni bina inşa edildiyini görür. Nəticədə vətəndaşın baha qiymətə aldığı mənzərəli mənzil artıq bu xüsiyyətini itirir. Bəs bu nə dərəcədə düzgündür? Vətəndaşlar belə problemlə qarşılaşdıqda nə edə bilər? 


Avtosfer.az-a bu barədə açıqlama verən tanınmış memar Elçin Əliyev bildirib ki, Bakı şəhərinin çox qədim, unikal və gözəl memarlığı var: 
“Əvvəllər Bakıda binalar amfiteatr formasında tikilirdi. Yəni dənizə yaxın olan binalar həmişə azmərtəbəli olurdu ki, arxada olan binalar üçün dəniz mənzərəsi bağlanmasın. Təəssüf ki, illərlə tətbiq olunan bu prinsipə artıq əməl olunmur. Şəhərin bir çox yerində dənizə yaxın hündürmərtəbəli binalar inşa edilib və tikilməyə davam edilir”. 

Memar hesab edir ki, belə tikintilər düzgün deyil. “Bu həmin tikinti işlərini aparan şirkətlərin mədəniyyətsizliyidir. Təbii ki, buna dövlət orqanları nəzarət etməlidir”.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Elçin Şəfiyev qeyd edib ki, mənzil alınarkən satıcı və alıcının razılaşdığı şərtlər önəm kəsb edir:
“Alqı-satqı müqaviləsində panorama görüntünün dəyişməyəcəyi və ya binanın qarşısında yeni tikili tikilməyəcəyi barədə maddə nəzərdə tutulubsa, bəndin pozulmasına görə alıcı kompensasiya tələb edə bilər. Belə maddələr müqavilədə yoxdursa görüntünü bağlayan yeni binanın və ya tikilinin sahibi istər maddi-mülki, istərsə də hər hansı bir məsuliyyətə cəlb edilə bilməz. Çünki tikilən binanın sahibinin həmin torpaq sahəsinə mülkiyyət hüququ varsa, bundan istifadə edir”. 
Hüquqşünas bildirib ki, qarşıda tikilən bina alıcının mənzil satın aldığı şəxsə məxsus olduğu zaman birbaşa olaraq artıq ödənilmiş məbləği məhkəmə vasitəsilə tələb etmək olar: “Belə halda qiymətləndirmə təşkil edilməli, bu barədə məhkəməyə vəsadət verilməli və konpensasiyya tələb edilməlidir. Müqavilə bağlandığı zaman razılaşdırılmış şərtlər əsasında sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hüquqi əsası ilə bağlı da Mülki Məcəllədə anlayış var. Belə ki, mənzil satıcısına qarşı iddia qaldırıb, müqavilənin ləğvi və ya qiymətin azaldılması tələb etmək mümkündür. Qeyd edim ki, bu iddia yüksək prespektivli olmaya bilər. Çünki belə hallar bir çox amildən asılıdır”.  


Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən "AID CONSULTING MMC"nin baş direktoruəmlak eksperti Vüsal Məstəliyev bildirib ki, bu kimi problemlər yaşamamaq üçün alıcılar mənzili alarkən əraziyə baxmalıdır:
“Vətəndaşlar şablon müqavilələrə aldanmamalı, müqaviləyə gələcəkdə mənzərənin önünün kəsilməyəcəyi, əks təqdirdə dəymiş ziyanın ödənilməsi barədə maddə əlavə olunmalıdır. Bu şərt olmasa alıcı həmin şəxsdən heç bir kompensasiya tələb edə bilməz”.   


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu da bildirib ki, layihələndirmə zamanı sifarişçinin mülkiyyətində olan torpağın sahəsinə, tikinti sıxlığı əmsalı kimi normativ göstəricilərə baxılır. Şəhərsalma və tikinti əmsalları imkan verdiyi təqdirdə inşaat işlərinin aparılması mümkündür.


Qeyd edək ki, vətəndaşlar mənzil alarkən diqqətli olmalı, müqaviləni oxumadan imzalamamlı, həmçinin öz şərtlərini də müqaviləyə əlavə etməlidir. Əks halda sözügedən məsələ ilə yanaşı digər ciddi problemlər də yarana bilər.

Qeyd:  Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh