Deputat İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərdən yazdı
Millət vəkili Vüsal Hüseynovun Milli Məclisin analitik informasiya jurnalında ilk məqaləsi yer alıb. Mövzu yeni İnzibati Xətalar Məcəlləsi ilə bağlıdır. Avtosfer.az həmin məqalənin faydalı hesab olunan bəzi məqamlarını diqqətə çatdırır:
Məcəlləyə əsasən yol hərəkəti qaydalarının pozulması əleyhinə olan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin yəni foto və video kameraların köməyi ilə aşkar edildiyi halda inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədiyi təqdirdə, şəxs məsuliyyətdən azad edilir. Burada “elektron kabinet” dedikdə ASAN ödəniş sistemi nəzərdə tutulur. Bu sistemə asanpay.az internet səhifəsi vasitəsilə vətəndaşlar çıxış əldə edə, yol verilmiş inzibati xəta ilə bağlı sənədlərlə tanış ola və elektron qaydada müəyyən edilmiş cərimələri ödəyə bilərlər.
Məcəllədə həmçinin inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunmasının tələb edilməsinin qadağan edilməsi müəyyən edilib. Bu halda həmçinin həmin nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilməsi qadağan edilir.
Məcəlləyə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək, avtonəqliyyat vasitəsi sahibləri tərəfindən icbari sığorta müqaviləsinin bağlanmaması, motodəbilqə taxmadan, yaxud motodəbilqəsi olmayan sərnişinləri motosikletdə daşımaqla bağlı inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə məsuliyyət tədbirləri tətbiq edilir.
Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər edilməsinə görədə yeni məsuliyyət müəyyən edilmişdir. Belə ki, dayanma və ya durma qaydalarının pozmuş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə cərimə müəyyən edilmişdir.
Nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə cəzalar sərtləşdirilmişdir. Belə ki, yeni məcəlləyə əsasən, bu halda 400 manat cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Əvvəlki məcəllədə isə bu halda 300 manat miqdarında cərimə nəzərdə tutulurdu.
Məcəlləyə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı videoyazı aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin videoyazının kütləvi informasiya vasitələrində yayımlanmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin inzibati xəta hadisəsinin fotosunun həmçinin videoyazısının həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmasını nəzərdə tutan yeni müddəa əlavə edilmişdir.
Məcəllədə tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə yeni inzibati məsuliyyət müəyyən edilmişdir. Belə ki “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə müəyyən edilmişdir. Bu yerlər tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda və digər müəyyən edilmiş yerlərdir.
Məcəllədə jurnalistlərin hüquqlarının pozulması ilə bağlı maddədə nəzərdə tutulan sanksiyalar da sərtləşdirilmişdir. Blə ki, Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə cərimə məbləği iki yüz manatdan üç yüz manatadək məbləğdə, həmçinin Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə müəyyən edilmişdir. Müqayisə üçün deyək ki, əvvəlki məcəllədə bu maddə üzrə sanksiyalar qırx manatdan yetmiş manatadək və müvafiq olaraq altmış manatdan doxsan manatadək miqdarda müəyyən edilmişdir.
Vüsal Hüseynov,
Milli Məclisin deputatı