Deputatdan deputatlara cavab - "Günahkar yol polisi deyil"
Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə xüsusi maşın nömrələri ilə bağlı iradlarını bildirib. O deyib ki, yol polisləri bəzi hallarda xüsusi maşın nömrələri olan avtomobillərə yaxınlaşmağa qorxurlar. A.Əlizadənin sözlərinə görə, belə hallara son qoyulmadıqca, necə yaxşı yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək. Deputat Elmira Axundova isə A.Əlizadəyə dəstək olaraq bildirib ki, Qarabağ müharibəsində 30 min adam həlak olduğu halda, həmin dövrdən indiyədək 50 min nəfər avtoqəzalarda dünyasını dəyişib. E.Axundova bununla bağlı ayrıca qanun layihəsi hazırlanmasını da təklif edib. Hazırda belə bir qanun layisənin hazırlanması reallaşa bilərmi?
Avtosfer.az xəbər verir ki, modern.az-ın bu qəbildən olan sualını Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə cavablandırıb. O deyib ki, çıxışlarda faktlara və qanuna söykənən fikirlərə üstünlük verilməlidir: “Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında daha çox hüquq-mühafizə orqanlarına, prokurorluq və polis orqanlarına borcluyuq. Bu gün polis əməkdaşlarını xüsusi nömrəsi olan maşınlara yaxınlaşmağa qorxmaqda günahlandırmaq inandırıcı deyil. O maşınların nömrələrinin ləğv edilməsinin yollardakı avtoqəzalarla heç bir əlaqəsi yoxdur.
Onu da qeyd edim ki, xüsusi maşın nömrələrinin satışı ilə bağlı dedi-qoduların qarşısını almaq üçün qanunvericilikdə 2 il bundan əvvəl dəyişiklik etmişik. Belə nömrələr qanunauyğun şəkildə baha qiymətlərə satılır və hər bir kəs Dövlət Yol Polisinin rəsmi hesabına pul ödəməklə həmin nömrələri əldə edə bilir”.
Ç.Qənizadə həmkarı E. Axundovanın Qarabağ müharibəsi başlanandan bu günə qədər 50 min nəfərin yollarda ölməsi fikri ilə razılaşmayıb: “Statistik rəqəmlərə istinad edərək qeyd etmək istəyirəm ki, 1991-ci ildə 3336 avtonəqliyyat hadisəsi zamanı 1281 nəfər, 2015-ci ildə isə 2220 hadisədə 894 nəfər ölüb. Onu da nəzərə alaq ki, 1991-ci ildən bu günə kimi ölkəyə 1 milyondan yuxarı avtomobil gətirilib. 1991-ci illə 2015-ci ili müqayisə edərək onu da deyə bilərəm ki, həmin illərdə ölkədəki avtomobillər aşağı sürətli sovet maşınları idi və qəzalar daha çox baş verirdi. 2015-ci ildə isə ölkədəki avtomobillər daha komfortlu və yüksək sürətli olub. Törədilmiş avtoqəzaların sayı isə əvvəlki illərlə müqayisədə dəfələrlə aşağıdır”.
Ç.Qənizadə onu qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hər il dövlət büdcəsindən yeni yolların çəkilməsi və genişləndirilməsi üçün milyonlarla vəsait ayrılır: “Həmin yollarda rahat və təhlükəsiz hərəkət etmək üçün Milli Məclis tərəfindən bir çox qanunlara əlavə və düzəlişlər edilib, eyni zamanda yeni qanunlar qəbul olunub. Yollarda təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Yol Polisi əməkdaşları gecə-gündüz nəzarət funksiyasını həyata keçirirlər. Bu gün baş verən qəzalar və ölüm faktına görə biz günahı nə yol polisində, nə də yollarda axtarmalıyıq. Bizə bəxş edilmiş gözəl və rahat yollarda biz sürət həddini aşırıqsa, yol-hərəkət qaydalarına əməl etmiriksə, cinayətkarcasına özünə güvənərək avtomobili idarə ediriksə, bu cür qəzalar həmişə olacaq. Sürücülük vəsiqəsi əldə etmiş hər bir şəxs, sürücülük mədəniyyətinə malik olmalı və buna əməl etməlidir”.