Diqqət! 69 manata görə avtomobilinizi əlinizdən ala bilərlər - EKSPERT DANIŞIR

Yazarlar 29 Oktyabr 2016 18:00 Oxunub 9549
Diqqət! 69 manata görə avtomobilinizi əlinizdən ala bilərlər - EKSPERT DANIŞIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Ona görə də etibarnamə çox güvənsiz, etibarsız bir sənəddir"

Avtomobil onun həvəskarı olan hər kəsin arzusudur. Amma bu arzu bəzən adamı elə arzuolunmaz situasiyalarla üz-üzə qoyur ki, ətək-ətək pul sayıb aldığın dəmir parçasına da, atdığın addıma da nifrət edirsən. Birincisi ona görə ki, əksəriyyət avtomobil alarkən onu adına keçirmək istəmir və daha çox etibarnaməyə etibar edir. Bu isə növbəti mərhələdə müxtəlif problemlərin, arzuolunmaz halların yaranmasına səbəb olur. İkincisi, Dövlət Yol Polisində incidilmək, süründürülmək istəməyən vətəndaşlar ən "optimal" çıxış yolu kimi notarial kontorlara üz tuturlar. Deməli, dolayısıyla problemin yaranmasında bu işə məsul olan şəxslərin də "əməyi" az deyil.

Avtosfer.az xəbər verir ki, bu barədə ekspert nə düşünür? "Digesta" hüququ firmasının direktoru Ərşad Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, etibarnamə tapşırıq hüququdur və mülkiyyət hüququ verməyən bir sənəddir. Etibarnamə avtomobildən istifadə, onun haqqında sərəncam verilməsi hüququnu başqasına verir, amma mülkiyyətçi olaraq özü qalır. Həmin avtomobilin bütün sənədlərində mülkiyyətçinin adı keçir və hüquqi problemlər yarananda, həmin problemlərin mərkəzində də mülkiyyətçi durur. Avtomobili etibarnamə ilə idarə edən şəxs mülkiyyətçinin tapşırığını yerinə yetirir, onun adından çıxış edir, öz adından heç nə edə bilmir. "Ona görə də etibarnamə çox güvənsiz, etibarsız bir sənəddir".

Bəs etibarnamənin dövlət qiyməti nə qədərdir?

"Sərəncam vermək hüququnu ehtiva edən etibarnamə yad adama verilirsə, dövlət rüsumu və notarial rəsmiləşdirmə rüsumunun qiyməti 20 manatdır, yaxın qohuma verilirsə, 10 manatdır. Sürmək üçün verilən etibarnamə isə yad adama 10, yaxın qohuma 5 manatdır. Təcrübədə dəfələrlə olub ki, kimsə avtomobili etibarnamə ilə alıb, sonda mülkiyyətçi mülkiyyət hüququnu ona verməkdən imtina edib. Belə şeylər çox olur. Ər-arvad boşanırlar, onlardan biri avtomobilə iddia edir. Belə hallarda avtomobil hərracda satılıb, ikisi arasında bölünməlidir. Yaxud, maşının texniki pasportu adına olan şəxsin banka borcu varsa, borcu ödəyə bilmirsə, avtomobilə həbs qoyula bilir".

Əksəriyyət üçün "lazımsız" hesab edilən mülkiyyətçilik hüququnu əldə etmək üçün nə qədər ödəmək lazımdır?

"Bunun 69 manat dövlət rüsumu var. Bir çox hallarda Dövlət Yol Polisində sənədləşməylə bağlı süründürməçilik halları olduğuna görə insanlar işlərini notariusda həll edirlər. Sadəcə, insanlar öz haqlarını tələb etməlidirlər. İkincisi, dövlət orqanları bu kimi hallara yol verməməlidir. Dövlət orqanının vəzifəsi insanlara xidmət etməkdir. Azərbaycanda regional olaraq texniki baxış şöbələri var. Hər kəs öz yaşayış yeri üzrə həmin şöbəyə müraciət etməlidir. Əslində, bu proses notariusda həllini tapmalıdır. Amma qanundakı kimi notarius o işə müdaxilə etsə, daha da mürəkkəbləşər. Çünki qanuna görə, vətəndaş avtomobilini həmin şöbəyə aparmalı, şöbədən arayış almalıdır ki, avtomobil girovda, bankda deyil, sonra notariusda müqavilə bağlamalıdır, ardınca qayıdıb getməlidir həmin şöbəyə ki, indi bunu mənim adıma keçirin. Deməli, qanun bu mənada yetərincə mürəkkəbdir və sadələşdirilməsinə ehtiyac var".

Ə.Hüseynov yol polisində qanunsuz tələblərin ediləcəyi halda vətəndaşlara aidiyyatı qurumlara müraciət etməyi məsləhət görür. "Əgər vətəndaşdan bununla bağlı əlavə pul tələb edilirsə, 69 manatlıq sənədə görə artıq pul istənilirsə, korrupsiya ilə mübarizə aparan qurumlara müraciət edilməlidir. Kimin başına belə şey gəlsə, müraciət etsin. Avtomobilin alqı-satqısında alqı-satqı prosesinə qanunda nəzərdə tutulduğu kimi getmək, öz adına rəsmiləşdirmək lazımdır ki, sabah problem çıxmasın. Sabah problem çıxanda onun hüquqi həlli mexanizmi də olmur, aylarla vaxt, qat-qat artıq vəsaitlər xərclənir. Bunu önləmək üçün qanunda nəzərdə tutulduğu kimi rəsmiləşdirmə getməlidir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh