DİQQƏT! Həyatınızı ciddi təhlükəyə atırsınız – VİDEO
Bəzi məsul şəxslərin səhlənkarlığı insanların canına ya da malına təhlükə yaradır. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, paytaxtda tikilən bəzi binalar təhlükəsizlik qaydalarına əməl etmir. Mövzu ilə bağlı ekspert və sakinlər öz fikirlərini bildiriblər.
Ərşad Hüseynov - Ekspert: "Yolda, hərəkət hissəsində, yolların səkilərində piyada və nəqliyyatın hərəkətini özbaşına məhdudlaşdırarsa, buna görə fiziki şəxs 80 manatdan 100 manata qədər, vəzifəli şəxs, fərdi sahibkar və yaxud da hüquqi şəxsin fərdi nümayəndəsi 400 manatdan 500 manata qədər, şirkətlər, təşkilatlar isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər".
Tikinti aparılan ərazinin ətrafına çəkilən hasarın piyada səkisini tutması məsələnin belə desək, ən yumşaq tərəfidir.Avtomobil yoluna çıxmağımız bir yana, üstəlik başımızı göydən gələ biləcək bəlalardan da qorumalıyıq.
Bu bəla daş, taxta, dəmir, çəkic və başqa əşyalarla gələ bilər. Tikinti obyektlərinin ətrafına çəkilən qoruyucu çətir bəzən gözdən pərdə asmaq effekti verir, bəzən isə ümumiyyətlə olmur.
Fərid Ələkbərov - Sakin: "Yolla məktəbə gedirdik, qayıdanda gördüm taxta düşdü göydən".
Samid Aydəmirov - Sakin: "Gedəndə görürəm ki, binanın qoruyucu dəmirləri pis gündədir. Əgər o dəmir örtük dağılıbsa, orada işləyən qardaş düşə bilər, özünü də bəlaya sala bilər. Ordan kiminsə başına daş da düşə bilər".
Raul Mehdiyev - Məktəbli: "Mən binanın yanından keçmirəm gedəndə. Qorxuram, başıma daş düşə bilər".
Tikinti şirkətinin təhlükəsizlik qaydalarına əməl etməməsinə görə xəsarət alan şəxsin məhkəməyə müraciət edərək kompensasiya tələb etmək hüququ var.
Natiq Abdullayev - Hüquqşunas: "Əgər hadisə xəsarət alan insanın əmək qabiliyyətinin itirilməsi ilə nəticələnə bilərsə, o tam bərpa olunana qədər tikinti şirkətindən təzminat ala bilər".
Ekspertlər bu məsələdə təkcə hüquqi mübarizəni əsas saymır. Təhlükəsizliyə məsul şəxslərin həm də insani davranış nümayiş etdirmələri vacib hesab edilir.
Ramil Osmanlı - Ekspert: "Məncə sahibkarlar bu məsələdə özləri də aktiv olmalıdırlar. Onlar bu problemin ortaya çıxmaması üçün, insan tələfatının qarşısının alınması üçün, ayrı-ayrı şəxslərin uzun və ya qısa müddətli fiziki məhdudiyyətlərə məruz qalmaması üçün bu məsələlərə çox ciddi diqqət yetirməlidirlər".