Banner

Dönmə siqnalı həyatın dönüş nöqtəsi ola bilər

Yazarlar 19 May 2015 15:08 Oxunub 17339
Dönmə siqnalı həyatın dönüş nöqtəsi ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dönmə siqnalı hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır

Sürücülərin yollarda riayət etməli olduğu qaydalardan biri də müxtəlif manevrlər edərkən dönmə siqnalı verməkdir. Bu tələb avtomobil sürücüləri ilə bərabər, velosiped, moped, at arabası kimi nəqliyyat vasitələrini idarə edən şəxslərə də aiddir.

Manevrdən əvvəl siqnal verilməsi hər hansı manevrin təhlükəsiz olması və başqa hərəkət iştirakçılarının bu barədə xəbərdar edilməsi üçün zəruridir. Belə siqnal sürücünün niyyəti barədə başqa sürücüləri, piyadaları, velosipedçiləri və s. məlumatlandırmaq məqsədi güdür. Sürücü belə siqnalı başqa hərəkət iştirakçılarının olub-olmamasından, etdiyi manevrin onların hərəkətinə təsir edib-etmədiyindən, hərəkət iştirakçılarına qədər məsafədən asılı olmayaraq, hətta kimsəsiz bir şəraitdə də verməlidir.

Sürücü hərəkətə başlama, hərəkəti dayandırma (dayanma), yerdəyişmə, dönmə, ötmə manevrlərindən əvvəl dönmə siqnalları ilə xəbərdarlıq etməlidir. Tormozlama və geriyə hərəkət manevrindən əvvəl də işıq cihazları ilə müvafiq xəbərdarlıq edilir.

Nəqliyyat vasitəsinin manevri barədə siqnal işıq cihazları vasitəsilə verilir. Bu məqsədlə hazırda istehsal olunan və istismar edilən bütün mexaniki nəqliyyat vasitələri müvafiq işıq cihazları ilə təchiz olunur. «Yol hərəkəti haqqında» Konvensiyanın 5 saylı Əlavəsinin 39-cu bəndində deyilir ki, asma mühərrikli velosipedlər istisna olmaqla, hər bir avtomobilin və qoşqunun yanıb-sönən sarı işıqlı dönmə göstəricisi fənərləri olmalıdır. Adı çəkilən Konvensiyaya və YHQ-yə uyğun olaraq, bütün mexaniki nəqliyyat vasitələri müvafiq rejimdə işləyən stop-siqnalla və geriyə hərəkət fənərləri ilə də təchiz edilməlidir. 

Nəqliyyat vasitəsinin müvafiq işıq cihazı işləmədikdə, yaxud nəqliyyat vasitəsi belə işıq cihazları ilə təchiz edilməmişdirsə (velosipedlər, mopedlər, at arabaları), sürücü etmək istədiyi manevr barədə xəbərdarlıq siqnalını əli ilə verməlidir. Qanunvericilik nəqliyyat vasitələrinin növlərini, konstruksiyasını nəzərə alaraq sürücünün verəcəyi siqnalların hər iki əllə verilə bilməsini təsbit edir. Əl ilə siqnalın yalnız sürücü tərəfindən verilməsi nəzərdə tutulur. Əllə siqnal yazıya əlavə olunan şəkildəki kimi verilir. 

Manevr barədə siqnal müvafiq manevrə başlamazdan əvvəl verilməlidir. Qaydalar siqnalın manevrə başlamazdan nə qədər əvvəl verilməli olduğunu təsbit etmir. Sürücü yol şəraitini, hərəkət intensivliyini, hərəkət sürətini, edəcəyi manevrin mahiyyətini və s. amilləri nəzərə almaqla siqnalın verilmə anını müəyyən etməli, lakin hər bir halda onu manevrə başlamazdan əvvəl verməlidir.

Manevr barədə siqnal müvafiq manevr başa çatdıqdan dərhal sonra kəsilməlidir. Manevr barədə siqnal əllə verildikdə manevrin tam təhlükəsiz və rahat icrası üçün sürücünün hər iki əlindən istifadəsinin zəruri ola biləcəyini nəzərə alaraq belə siqnalın manevrdən bilavasitə əvvəl kəsilə bilməsi nəzərdə tutulub.

Dönmə siqnalı hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Əgər həmin siqnal hərəkətin başqa iştirakçılarını çaşdıra bilərsə, sürücü belə siqnalı verməməlidir. Dönmə siqnalının digər hərəkət iştirakçılarını çaşdırması daha çox yol şəraiti ilə bağlı ola bilər. Məsələn, yolayrıcında ötməyə yol verildiyi halda belə yolayrıcına çatmağa az qalmış ötmək istəyən nəqliyyat vasitəsinin sola dönmə siqnalı verməsi digər hərəkət iştirakçılarının həmin nəqliyyat vasitəsinin sola və ya geriyə dönəcəyini düşünməsinə səbəb ola bilər. Dönmə siqnalının hərəkət iştirakçılarında çaşqınlıq yaratmasına dairəvi hərəkət təşkil olunan yolayrıclarında daha çox rast gəlinir. Belə yolayrıcında dairə boyunca bir və ya bir neçə qapalı hərəkət zolağı dairəyə birləşən bütün yolların hərəkət zolaqları ilə kəsişir və nəqliyyat vasitələrinin mürəkkəb trayektoriya üzrə hərəkətini şərtləndirir. Ona görə də sürücü hərəkət qaydalarına uyğun olaraq dairəvi yolayrıcına daxil olarkən, orada hərəkət zamanı və oradan çıxarkən bir neçə fərqli dönmə siqnalı verməlidir ki, bunların da mahiyyətini dərk etmək hər bir hərəkət iştirakçısına müyəssər olmur (əslində sürücülərin də əksəriyyəti həmin siqnalları düzgün vermir). Məhz bu səbəbdən dünyanın bəzi dövlətlərində dairəvi hərəkət olan yolayrıcında dönmə siqnalı vermək qadağan olunub.

Manevrdən əvvəl verilən siqnal müstəsna olaraq digər hərəkət iştirakçılarını məlumatlandırmağa xidmət etdiyindən sürücüyə hər hansı üstünlük vermir və eyni zamanda digər hərəkət iştirakçıları üçün həmin sürücüyə yol vermək, yaxud başqa güzəşt etmək vəzifəsi doğurmur. Ona görə də manevr edən nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin bütün qaydalarına riayət etməli, başqa hərəkət iştirakçılarının vəziyyətini, yol şəraitini və s. nəzərə alaraq təhlükəsiz manevrə başlamalıdır. 

Nəhayət, avtomobillərin dönmə siqnalları ilə təchizindəki problemlər və manevrə uyğun siqnalların verilməməsinə görə sürücülərin məsuliyyəti məsələsinə də toxunaq. 

Hər bir sürücü bilməlidir ki, onun avtomobilində və ya motosikletində dönmə işığının olmaması, yaxud bu işığın işləməməsi (yəni hətta dönmə işıqlarından birinin lampasının sadəcə yanmaması) texniki nasazlıq sayılır və bu, İnzibati Xətalar Məcəlləsinin 155.2-3-ci maddəsinə əsasən, 50 manat cəriməyə səbəb olur. 

Dönmə işıq cihazları normativ tələblər pozulmaqla dəyişdirilmiş olduqda (məsələn, plyonka və ya boya çəkilməklə onların rəngi dəyişdirildkdə, yaxud elektrik sisteminə müdaxilə edilərək iş rejimi dəyişdirildikdə), yaxud normativlərə uyğun olmadıqda (məsələn, sarı deyil, qırmızı rəngdə olduqda), bu əməl İXM-in 152.2.2-ci maddəsi ilə 150 manat miqdarda cəriməyə səbəb olacaq və belə avtomobil həmin problem aradan qaldırılanadək DYP-nin cərimə meydançasına qoyulacaq. Bəzi sürücülərin diqqətinə çatdırıram ki, dünyanın bəzi ölkələrində (xüsusən, Amerika qitəsində) avtomobillərə istehsalçı tərəfindən qırmızı rəngli dönmə siqnalı qoyulur. Bu, bizim ölkədə mövcud olan standarta uyğun deyil və belə avtomobili sürmək İXM-in 152.2.2-ci maddəsi ilə məsuliyyətə səbəb olacaq

Sürücü etdiyi manevrə uyğun dönmə siqnalı (işıq cihazı ilə və ya əllə) vermədikdə və ya siqnalı səhv verdikdə isə müvafiq manevrin qaydasını pozmuş sayılacaq. Bu isə məsələn, zolaqlarda yerdəyişmə zamanı İXM-in 151.1-ci maddəsi üzrə 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə isə İXM-in 151.2-ci maddəsi üzrə 60 manat cərimə və 3 cərimə balı deməkdir.  

Beləliklə, sürücülər dönmə siqnallarına barmaqarası baxmamalı, hərəkət təhlükəsizliyi üçün bunların əhəmiyyətini dərk etməli, dönmə işıq cihazlarını daim saz vəziyyətdə saxlamalı və onlardan düzgün istifadə etməlidirlər. 

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh