Reklam

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qeyri-operativliyi - GÜNDƏM

Yazarlar 22 Aprel 2016 20:13 Oxunub 2730
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qeyri-operativliyi - GÜNDƏM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Metrostansiya yaradılıb, amma dayanacaq barədə sonra düşünüləcək

Yeni metrostansiya açılsa da, hələ də dayanacaq haqqında düşünülür. Məşhur məsəldə deyildiyi kimi, “isinmədik istisinə, kor olduq tüstüsnə!”. Hamının böyük sevincinə səbəb olan “Avtovağzal” və “Memar Əcəmi-2” metrostansiyalarının istifadəyə verilməsindən dörd gün keçməsinə baxmayaraq, ancaq ilk gündən yaşanan və tezliklə həllinə söz verilən problemlər hələ də davam etməkdədir. Hələ də Bakı, xüsusilə, Bakıərtafı, o cümlədən, Abşeron rayonunun kənd və qəsəbələrinin sakinlərinin böyük əksəriyyətinin hər iki metrostansiyanın, əsasən də, “Avtovağzal”ın istifadəyə verilməsindən xəbərləri yoxdur. Həmin yaşayış məntəqələrindən çoxları yenə də şəhərə metro ilə deyil, bir neçə dəfə marşrut dəyişməklə gəlməkdədirlər. Yəni, stansiyaların açılışı barədə hansısa plakat-filan yoxdur. Eyni zamanda, metrostansiyasına, xüsusən də, “Avtovağzal”a  giriş-çıxışlar çox olduğu üçün insanlar çətinlik çəkməkdədirlər, haradan girib, haradan çıxacaqlarınlı bilmirlər, istiqamətverici işarələr olsa da, hamısı ümumi xarakter daşımaqdadır, konkretlik yoxdur. Həmçinin,  “Memar Əcəmi” dən “Memar Əcəmi-2”-yə keçid etmək və “Avtovağzal”a getmək üçün istiqamətverici işarə yoxdur, varsa da, görmək mümkün deyil. Bununla yanaşı, metro sahəsinə birbaşa aidiyyatı olmasa belə,  Sumqayıt, Bakıətrafı,  Abşeron kənd və qəsəbələrindən şəhərə gələn marşrutların məhz “Avtovağzal” stansiyasının düz yaxınlığına çəkilməsi, orada dayanacaq təşkil edilməsi hələ də mümkün olmayıb. Həmin bölgələrdən şəhərə gələn marşrutlar “Avtovağzal”ın, belə demək mümkünsə, “Pramida”nın yanında insanları düşürsələr də,  sakinlər şəhərdən geri qayıtmaq üçün yenə də Beynəlxalq Avtovağzalın arxasındakı “Sumqayıt avtobuslarının dayandığı yer”  adlanan dayanacağa və ya Biləcəri dairəsindəki dayanacağa getmək, oradan marşrutlara minmək məcburiyyətində qalırlar. Bu isə insanlara xeyli vaxt itkisi, həmçinin, əlavə əsəb və stress yaşadılması deməkdir. Əslində isə nəqliyyat, sərnişindaşıma sahəsinə məsul olan qurumlar bu məsələni metrostansiyalar, xüsusilə, “Avtovağzal” açılmazdan əvvəl düşünməli və bunu açılışından dərhal sonra reallaşdırmalı idilər. Necə ki, Bakıətrafı, Abşeron kənd və qəsəbələrindən şəhərə, əsasən də “Nizami” metrostansiyası istiqamətinə gələn marşrutları heç bir səbəb olmadan (sadəcə, tıxac məsələsi bəhanə gətirilirdi) və heç bir məlumat vermədən bir gecənin içində nəqliyyat nazirinin bir tapşırığı ilə  əvvəlcə “20 Yanvar”a, oradan Vərəm Dispanseri (hələ dəfələrlə söz verilməsinə baxmayaraq, keçən ilin may-iyunundan Beynəlxalq Avtovazğal tərəfə çəkilən avtobusların sonradan əvvəlki dayanacaqlara gediş-gəlişinə imkan verilməməsindən danışmıram) tərəfə çəkdilər, o zaman bunu da məsul qurumlar və şəxslər anındaca həll etməliydilər.

Qeyd edək ki,  bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumunun açıqlaması da  yüngül şəkildə desəm, çox absurd görünür. Belə ki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı  “Kaspi”yə  açıqlamasında bildirib ki, bu barədə gələcəkdə bəzi dəyişikliklər ola bilər. “Gələcəkdə təbii ki, müəyyən dəyişikliklər olacaq. Bunun üçün isə tələbat və sıxlıq nəzərə alınmalıdır. Əgər metrostansiyanın qarşısında böyük insan və avtobus sıxlığı müşahidə olunarsa, mütləq dəyişikliklər olacaq və belə bir dayanacaq yaradılacaq. Amma hələ ki, “Avtovağzal” stansiyası cəmi bir neçə gündür açıldığına görə, hesab edirəm ki, bu haqda danışmaq üçün çox tezdir” - deyə, o, sözlərinə əlavə edib. Cavabdan belə anlamaq mümkündür ki, yeni metrostansiyalarının açılışı Dövlət Avtomobil Nəqliyyatı Xidməti üçün gözlənilməz olub. Elə təəssürat yaranır ki, hamının bildiyi və gözlədiyi bir hadisədən bu strukturda xəbər tutan olmayıb və onlar günlərin bir günündə adıçəkilən ərazidə metrostansiyasının gözlənilmədən peyda olduğunun şahidi olublar. Əslində isə gözlənilən açılışla bağlı həmin təşkilat çoxdan hazırlıqlı olmalı idi və müasir tipli çevik idarəetməyə malik struktur olub, operativ halda avtobus dayanacaqları məsələsini həll etməli idilər. Adıçəkilən metrostansiyaların tikintisinin məntiqi də elə ondan ibarət idi ki, Sumqayıt və həmin zonada olan yaşayış məntəqələrindən Bakı istiqamətində gələn avtobuslar şəhərin içərisinə daxil olmasın və Bakının nəqliyyat sıxlığı probleminə qismən yardımçı olsun. Amma rəsmi nümayəndənin cavabından belə məlum olur ki, bu strukturda bu barədə indiyə qədər düşünməyiblər və hələ bundan sonra vəziyyətin necə olacağını müşahidə edib, qərar çıxarmaq niyyətindədirlər.

Yaxşı ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəsmisi yeni metrostanyiların tikintisinin məqsədəuyğunluğunu şübhə altına almayıb və məsələnin həllinin vaxtı məlum olmayan gələcəyə saxlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh