Banner

Dumanlı havada bu qaydalara mütləq əməl edin!

Yazarlar 22 Oktyabr 2014 23:38 Oxunub 7207
Dumanlı havada bu qaydalara mütləq əməl edin!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dumanlı hava sürücülər üçün ən çətin meteoroloji şəraitlərdən biri və bəlkə də ən təhlükəlisidir

Bu səhər Bakı və Abşeron yarımadasını bürümüş qatı dumanı görəndə bu yazını diqqətinizə çatdırmaq qənaətinə gəldim. Dumanlı hava sürücülər üçün ən çətin meteoroloji şəraitlərdən biri və bəlkə də ən təhlükəlisidir. Duman olduqda istər gündüz, istərsə də gecə vaxtı görünmə məhdudlaşır. Dumanın qatılığından (sıxlığından) asılı olaraq normal görünmə hətta 10-15 metrədək məhdudlaşa bilər. Duman vaxtı küçə və yollardakı süni işıqlandırma da heç bir səmərə vermir, hətta bəzən süni işıqlandırma  gör&uumuuml;nməni daha da pisləşdirir.

Məlumdur ki, duman havadan asılmış kiçik su zərrəcikləridir. Su özü şəffaf olsa da, kürə şəklində olan həmin zərrəciklər işıq şüalarını sındırır və nəticədə çox xaotik işıq fonu əmələ gəlir. Bu isə əslində görünməni daha da pisləşdirərək «pərdə» əmələ gətirir. Ona görə də dumana yönəlmiş işıq görünməni yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir.

Yolda avtomobillə hərəkət zamanı dumanın doğura biləcəyi təhlükələri önləmək üçün aşağıdakılara riayət etmək lazımdır: 

1) dumanın sıxlığına və yolun görünmə vəziyyətinə uyğun sürət həddi seçmək lazımdır. Dumanda hərəkət sürəti azaldılmaqla elə seçilməlidir ki, görünən məsafədə təhlükə olduqda onunla toqquşmadan qaçmaq, xüsusən zərurət olduqda avtomobili rahat dayandırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, duman səbəbi ilə yolun kənarı görünmədiyindən yola çıxan piyada, heyvan, yaxud işıq cihazları yandırılmamış nəqliyyat vasitəsi gözlənilmədən avtomobilinizin qabağında peyda olaraq qəza şəraiti yarada bilər. Sürəti elə seçmək lazımdır ki, belə hallarda da qəzadan qaçmaq mümkün olsun; 

2) dumanda istər gecə, istərsə də gündüz vaxtı əks istiqamətli hərəkət zolağına çıxmaqla ötməyə heç bir halda yol verilməməlidir. Hətta normal havada ötmənin qadağan edilmədiyi yerlərdə də qarşı hərəkət zolağına çıxmaqla ötmə istisna edilməlidir. Nəzərə almaq lazımdır ki, dumanda qarşıdan gələn avtomobil yalnız görünmə sahəsinə daxil olduqda görünür. Özü də o da sizə doğru hərəkət edir. Belə halda dumanın imkan verdiyi görünmə məsafəsində üz-üzə çıxan nəqliyyat vasitələrinin toqquşmadan yayınması çox çətin işdir. Unutmaq olmaz ki, yol hərəkəti qaydaları yolun məhdudiyyətli görünmə sahələrində ötməni qadağan edir. Bu qaydanın söykəndiyi məntiqə istinad edərək dumanda ötməyə yol verilməməlidir;

3) dumanda işıq cihazlarından istifadəyə xüsusi əhəmiyyət verilir. İşıq cihazlarından belə istifadə edilməlidir: 

- yolda başqa nəqliyyat vasitələrinin dolub-olmamasından asılı olmayaraq dumanda istər gecə, istərsə də gündüz vaxtı faranın uzaq işıqlarından istifadəyə yol verilməməlidir. Bu, olduqca təhlükəlidir. Çünki yuxarıda qeyd etdiyimiz səbəbdən, uzaq işıqların şüaları dumanda daha böyük sahədə sınaraq görünməni lap pis vəziyyətə gətirir;

- istər gecə, istərsə də gündüz vaxtı dumanda hərəkət edirsinizsə, mütləq faranın yaxın işıqlarını və duman əleyhinə qabaq və arxa faraları yandırmaq lazımdır. Belə etdikdə  həm arxanızca gələnlər, həm də qarşıdan gələnlər sizin avtomobilinizi nisbətən yaxşı görəcəklər, eyni zamanda siz də yolu nisbətən normal görəcəksiniz.

- Ümumiyyətlə, dumanda əsas diqqət qabaq duman faralarının qoşulmuş olmasına yönəldilməlidir. Bu faralar yolun səthinə daha yaxın yerləşdiyindən və onun işıq şüaları daha geniş sahədə yol səthinə yönəldiyindən dumanda yolu daha yaxşı işıqlandırır. Məlumdur ki, duman yer səthinə tam oturmur və yer səthinin üstündə dumansız bir təbəqə olur (həmin təbəqənin qalınlığı bəzən hətta 1 metrə çata bilər). Ona görə də qabaq duman faralarının işığı dumanda sınaraq sürücüyə maneə yaratmadan yolu nisbətən yaxşı işıqlandıra bilir;

4) dumanda yolda dayanmaya imkan daxilində yol verilməməlidir. Əgər dayanma qaçılmazdırsa, mütləq yolun hərəkət hissəsindən kənara – yol çiyninə, özü də yol çiyninin xarici kənarına yaxın çıxaraq dayanmaq lazımdır. Bu zaman dayanma müddətində mütləq işıq cihazları yandırılmış olmalıdır;

5) dumanda yol şəraitinin digər elementlərinə də xüsusi diqqət yetirmək lazımdır. Yol nişanlarının və nişanlanma xətlərinin tələbinə daha ciddi riayət edilməlidir. Xüsusən asfalt üzərində olan nişanlanma xətlərinə uyğun olaraq zolaqlar üzrə normal hərəkət vəziyyəti seçilməlidir. Nəzərə almaq lazımdır ki, dumanda, xüsusən də gecə vaxtı yolun kənarı görünməz olur. Bu səbəbdən qəflətən yoldan kənara çıxmanı istisna etmək üçün nişanlanma xətlərini rəhbər tutaraq hərəkət etmək lazımdır. 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh