Dünyada elektromobil erası başlamamış bitib - RƏY
Yazarlar
4 İyul 2024 15:49
Oxunub 498
Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.
Avtosfer.az-ın məlumatına görə, sosioloq Elçin Bayramlı açıqlamasında qeyd etdi ki, elektrik avtobuslarının istehsalı çox baha başa gəlir, üstəlik, ətraf mühitə və insanlara zərərləri çoxdur:
- Birincisi, bu, istehsal deyil, sadəcə, yığımdır. Yəni elektrikli avtobuslar ölkəmizdə istehsal olunmayacaq, yalnız yığılacaq. Bu da çox baha başa gəlir. Onlara xidmət, servis xərcləri də çox bahadır. Elektrik mühərriklərini çalışdıran batareyalar da çox bahadır. Üstəlik, bu batareyalar xarab olub tullandıqda ətraf mühitə də böyük ziyan vurur. İnsan sağlamlığına da ziyandır. Bir neçə ölkədə vətəndaşlar dəymiş zərərin qarşılanması - kompensasiya tələbi ilə məhkəməyə müraciət ediblər. Elektrik avtobuslarının ekologiyaya ilk dövrdə müsbət təsiri ola bilər. Amma sonra bunun zərərli olduğunu görəcəklər. Ümumiyyətlə, dünyada elektromobil erası başlamamış bitib. Məlum olub ki, elektromobillər ekologiyaya daha çox zərər vurur. Elektrik avtobusların ictimai nəqliyyatda tələbatı ödəmək imkanı olmayacaq, həm çox baha başa gəlir. Batareyalar güclü maqnit sahəsi yaradır, mənfi tərəfləri insan sağlamlığına ziyandır. Hazırda dünyada hidrogenlə işləyən maşınların istehsalı prioritetdir. Bu avtomobillərin potensialı güclüdür. Elektromobillərə bu qədər vəsait qoymaqdansa daha çox sərnişin daşıya bilən, tutumu daha geniş, sərfəli nəqliyyat vasitələri - tramvay, trolleybus, elektrik qatarlarına üstünlük verilməlidir. Təəssüf ki, tramvay, trolleybusları ictimai nəqliyyatdan çıxardılar, bununla da ölkə iqtisadiyyatına və nəqliyyat sektoruna böyük zərər vurdular. Hesab edirəm ki, ictimai nəqliyyat problemini elektrik avtobusları olmadan da həll edə bilərik. Bakıətrafı qəsəbələrə elektrik qatarlarının sayını artırmaq lazımdır. Əgər istəyiriksə ekologiyaya faydası olsun, elektrik qatarlarına üstünlük verilməlidir. Bir neçə elektrik avtobusu gətirilib ölkəyə. Ancaq bu, problemi həll etməyəcək. Onların ekologiyaya faydası zənn edildiyi kimi böyük deyil. Faydası az, zərəri, vəsaiti isə böyükdür.
(sherg.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR