Banner

Dünyanın heç bir ölkəsində bütün parkomatlar pullu deyil

Yazarlar 19 Noyabr 2014 00:56 Oxunub 3625
Dünyanın heç bir ölkəsində bütün parkomatlar pullu deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Parkomatları quraşdıranların yol hərəkətinin təşkili ilə bağlı hansısa təsəvvürlərinin olmaması sual altındadır»

 

 

DYP: «Bəzi pullu parklama yerləri ləğv ediləcək»

 

Bakı şəhərində tıxac problemini yaradan səbəblərdən biri də şəhərin müxtəlif yerlərində düzgün saxlanılmayan maşınlardır. Buna görə də şəhərdə parkomatların yaradılması vacib idi. Prezident İlham Əliyevin Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirdikdən sonra, bu işə ciddi yanaşıldı və şəhərdə parkomatlar quraşdırılmağa başladı. 6-7 aydır ki, bu sahədə işlər aparılsa da, nəticələr ürəkaçan olmadı. Belə ki, parkomatlar harada gəldi qoyulub və bu heç də problemi həll etmir. Şəhərdə parkomatların quraşdırılmasını Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) həyata keçirir. Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələri paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi iradlarını bildiriblər.

BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev isə bildirib ki, parkomatın Nəqliyyat Nazirliyinə aidiyyatı yoxdur. Onun sözlərinə görə, avtobus dayanacaqlarına yaxın ərazilərdə parkomat qoyulmayıb: «Bir-iki mübahisə doğuran yer ola bilər ki, o da müzakirə oluna bilər».

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, dünyanın hər yerində dayanacaqlar yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin səlahiyyətindədir. Bu icra hakimiyyətinə aid olmayan bir işdir. Azərbaycanda isə bələdiyyələrə etibar olmadığı üçün bu işi, BŞİH-nə verdilər ki, o daha güclüdür. Eybi yox, o da yerli orqandır. Amma həm yol hərəkəti, həm də avtomobil yolları haqqında qanunda yollarda “nələr olmalıdır?”, “necə olmalıdır?”, “bu işi kim görməlidir?” kimi sualların çox dəqiq cavabları var. Bu iş həyata keçirilərkən bunları heç kim nəzərə almadı. Yol elə bir yerdir ki, ictimai əhəmiyyət daşıyır. Yolun həm hərəkət hissəsində, həm də səkisində hamı üçün rahat, fasiləsiz, təhlükəsiz hərəkət olmalıdır. Qanunvericilikdə göstərilir ki, yollarda həyata keçirilən bütün işlər, yolun sahibi və yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqanla razılaşdırılmalıdır. Azərbaycan qanunvericiliyinə görə Bakı şəhərindəki bütün küçə və prospektlərin sahibi dövlətdir. Dövlət adından idarəçiliyi isə «Azəryolservis» həyata keçirir. DYP isə bütün bu işlərin hamısına nəzarət edir. Bu iki qurumun razılığı olmadan yola tökülən xəzəli də süpürmək olmaz. Süpürmək üçün iş qarafiki gərək həmin orqanlarla razılaşdırılsın. Amma onlarla heç kim razılaşmadı və parkomatları hara gəldi düzməyə başladılar. Təbii ki qeyd etdiyim orqanlarla razılaşdırılmadığı üçün problem çıxmalıydı. Çünki o parkomatları quraşdıranların yol hərəkəti təhlükəsizliyi, yol hərəkətinin təşkili ilə bağlı hansısa təsəvvürlərinin olub-olmaması sual altındadır. Əvvəlcə qanunvericilikdə bunun konsepsiyası müəyyən olunmalı idi. Onun şəhərin hansı hissələrində təşkil olunması, hansında pullu, hansında pulsuz olması, necə təşkil ediləcəyi, hansı qurumun nəzarətində olacağı və qiymətlər müəyyən olunduqdan sonra dislokasiyası müəyyən olunmalı idi. Bunlar nəzərə alınmamış şəhərin hansı hissəsi gəldi, gətirib parkomat qurdular.Bu heç vaxt əməliyyat etməyən birinə cərrahiyyə əməliyyatı həvalə etməyə bənzəyir. Bu orqanların qarşılıqlı əlaqəsinin pis gündə olması gətirib proölemlərə çıxarır. Naqliyyat Nazirdliyi bu işdə gecikib. DYP isə lazımsız hərəkətsizlik göstərir. NN və DYP birinci parkomat peyda olanda etirazını bildirməliydi ki, bunu hansı qanunla qoymusunuz? Qanun yoxdursa,  yığışdırın. Amma indi təzədən reaksiya verməyə başlayıblar. Mətbuatda gedən bu reaksiyanın məğzi pul, nüfuz davasıdır. 6-7 aydır bu parkomatlar yerləşdirilir. Bu qədər vaxtda buna etirazlarını bildirməli idilər”.

 

Ekspert deyir ki, dünyanın heç bir ölkəsində bütün parkomatlar pullu deyil: “Hətta Azərbaycanın əhalisindən çox əhalisi olan şəhərlərdə belə. Bütün parkomatlar pullu olmamalıdır. Pullu dayanacaqları şəhərin elə yerlərində tətbiq etməlidirlər ki, orada dayanma yerləri məhduddur. Məsələn, bu şəhərin tarixi yerləridir və genişləndirmək, parklanma yaratmaq mümkün deyil. Belə yerlərdə pullu parklanma yerləri yaradırlar ki, bura gəlməkdən çəkinin, yəni bura pulludur. Belə yerlərə insanlara ictimai nəqliyyatla, ya piyada gəlməldəri məsləhət görülür. Şəhərin kənarlarında sakit, rahat yerlərdə heç bir ölkədə parkomat pullu olmur”.

 

Ə.Hüseynov deyir ki, bazar və bayram günləri parkomatlar pulsuz olmalıdır: “Parkomatlar bizə Parisdən gətirilib. Parisdə bazar və bayram günləri şəhərin istənilən yerindəki parkomatlar pulsuzdur. Axşam saat 21.00-dan səhər saat 08.00-a qədər hamısı pulsuzdur. Bunları da nəzərə almalıdırlar. İndiki parkomatlara baxanda adam elə gəlir ki, məqsəd yalnız pul yığmaq imiş. Heç olmasa asfaltın üstüə bir çəllək boya çəkərdilər ki, maşınlar burada dayanmalıdır”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev isə bu məsələ ilə bağlı bildirib ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib: "Bununla yanaşı, çox yaxşı haldır ki, paytaxt sakinlərinin gündəlik həyat və fəaliyyəti, eləcə də yol kənarlarında uzunmüddətli durmaların qarşısının alınması ilə əlaqədar yeraltı duracaqlardan kənar ərazilərdə tələbatdan asılı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 300-dək yerüstü parketmə yerləri müəyyənləşdirilərək pullu xidmətlər təşkil edilib. Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın hərəkətinə təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı 80-dən çox yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi müəyyən olunub ki, bu da xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə manelər yaradır".

K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların ləğvi ilə bağlı müvafiq tədbirlər görülür: "Hesab edirik ki, mərkəzdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində də razılaşdırılmış qaydada yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var və bu məqsədlə araşdırmalar aparılır”. «Üç nöqtə»

ŞƏRH YAZ
Ad

E-mail

Şərh