Banner

DYP-dən ŞOK əməllər və ciblərə gedən PULLAR - FOTO

Yazarlar 30 Noyabr 2014 19:51 Oxunub 4705
DYP-dən ŞOK əməllər və ciblərə gedən PULLAR - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin radarlardan ən çox Balakişi Əhmədovun rəhbərlik etdiyi Alay istifadə edir

Ötən yazılarımızdan birində ölkəmizin magistral əhəmiyyətli yollarında sürət rejiminə nəzarətlə bağlı problemlərin olduğunu qeyd etdik. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının xidmət etdiyi həmin yollarda yenə də tez-tez hərəkətdə olan patrul avtomobillərində, bəzi yerlərdə isə yolun kənarında yaşıllıqların və başqa maneələrin arxasında gizlədilmiş radarlarla avtomobillərin sürətinin ölçülməsi hallarına rast gəlinir. Bu yaxınlarda Ələt-Astara yolunun “Şirvan” Qoruğu yaxınlığından keçən hissəsində yoldan kənarda patrul avtomobilinin kollar arxasında gizlədilərək radar qoyulduğu əks etdirən foto yayılmışdı. Bu hallar isə demək olar ki, hər gün təkrarlanır. Bunun nə dərəcədə qanuni olduğunu araşdırmaq üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O, Avtosfer.az-a açıqlamasında yollarda sürət rejiminə bu qaydada nəzarətin qanun pozuntusu olduğunu söylədi: «Həmin məsələ İnzibati Xətalar Məcəlləsi (İXM) və Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimatla aydın şəkildə tənzimlənir. İXM-in 391.1-1-ci maddəsində deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının (yəni DYP-nin) Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Adı çəkilən Təlimatda da sürət rejiminə nəzarət üçün nəzərdə tutulan xüsusi texniki vasitələrin, yəni radarların tətbiqi qaydası kifayət qədər dəqiq təsbit edilmişdir. Təlimatda deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik bütün xüsusi texniki vasitələr Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır.

Beləliklə, İXM-in 391.1-1-ci maddəsi və DİN-in təsdiq etdiyi Təlimatın həmin müddəaları yalnız DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmuş radarların tətbiq edilməli olduğunu nəzərdə tutur. Deməli, həmin Sistemə inteqrasiya olunmamış radarlardan istifadə oluna bilməz. Əgər həmin Sistemə inteqrasiya olunmayan radarlardan istifadə olunarsa, bu, qanun pozuntusudur. Qanunun pozulması ilə əldə olunan sübutlar isə etibarsız sayılır və belə sübut hüquqi məsuliyyətin əsası kimi çıxış edə bilməz. Başqa sözlə, DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmamış radarların qeydə aldığı  qayda pozuntusuna görə sürücü inzibati məsuliyyətə cəlb edilə bilməz”.

Bəs inteqrasiya olunma nə deməkdir? Hüquqşünas bu məsələyə də aydınlıq gətirdi. Onun sözlərinə görə, Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunma o deməkdir ki, xüsusi texniki vasitənin qeydə aldığı məlumat insan müdaxiləsi olmadan, avtomatik qaydada, birbaşa və real vaxt rejimində həmin Sistemə yerləşir. Bunun üçün isə bu texniki vasitə ilə Mərkəzi İnformasiya Sistemi arasında həm real vaxt rejimli (online) rabitə, həm də xüsusi proqram təminatı olmalıdır. Əgər bunlar yoxdursa, deməli, radar inteqrasiya olunmayıb: «Məlumat üçün bildirirəm ki, hazırda DYP-nin istifadəsində həm Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan, həm də inteqrasiya olunmamış radarlar var. İnteqrasiya olunan radarlar əsasən yolların konkret yerlərində quraşdırılmış stasionar radarlardır. Patrul avtomobillərində quraşdırılmış və hərəkət vaxtı sürəti ölçən, habelə “Şirvan” Qoruğu yaxınlığında çəkilmiş şəkildə gördüyümüz kimi mobil radarlar isə həmin Sistemə inteqrasiya olunmayıb. Belə radarların bu Sistemə inteqrasiyası texnologiyası hələ ki, mövcud deyil. 

Qanunvericiliyə edilən son dəyişikliklərədək Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmamış radarlardan da geniş istifadə olunurdu. Hətta DİN-in adını çəkdiyimiz Təlimatının əvvəlki redaksiyasında deyilirdi ki, müvafiq qayda pozuntuları (o cümlədən sürət rejimini pozma) DİN BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminə bilavasitə inteqrasiya edilməmiş avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları Mərkəzi İnformasiya Sistemində müəyyən edilmiş xüsusi proqram üzrə həmin gün elektron daşıyıcı vasitəsilə Sistemin mərkəzi serverinə ötürülməlidir. Hazırki qanunvericilik isə inteqrasiya olunmamış radarlardan istifadə olunmasını birmənalı qadağan edir. Belə radarların qeydə aldığı məlumatın sonradan DYP əməkdaşı tərəfindən həmin Sistemə yerləşdirilməsi isə inteqrasiya demək deyil. Bu, qanunvericiliyin tələbini aşkar şəkildə pozur».

Beləliklə də, ekspert bildirir ki, hazırda DYP-nin patrul avtomobillərində olan, yaxud patrul avtomobilləri ilə gəzdirilərək yol kənarında müxtəlif yerlərdə (o cümlədən dayanmış avtomobillərdə) qoyulan radarlar qanunsuzdur. Çünki onlar Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmayıb. Ümumiyyətlə, belə radarları tarixə qovuşdurmaq lazımdır. Amma təəssüflər olsun ki, bu radarlardan daha çox Baş Dövlət Yol Polisi İdarəsinin Alayında geniş istifadə olunur. Polkovnik Balakişi Əhmədovun rəhbərlik etdiyi Alayın işçiləri arasında bu radarlardan məhz rəisin göstərişi ilə istifadə edildiyini deyənlər var. Görəsən, niyə? Ona görə ki, Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmuş radarların qeydə alındığı pozuntulara görə ödənilən cərimələr dövlət büdcəsinə gedir. Amma Balakişi Əhmədovun işçilərinin tətbiq etdiyi və sistemə inteqrasiya olunmamış radarlardan yığılan pulların hara getdiyi məlum deyil.

Gəlin, günümüzün kiçik bir reallığını xatırlayaq. Hansısa sürücü rayona gedib-gələrkən yolda sürət həddini aşdığı üçün postlarda və ya yollarda xidmət edən DYP əməkdaşları tərəfindən saxlanılır. Hansı ki, bunun özü də qanunsuzdur. Çünki qanunvericiliyə edilmiş son dəyişikliklərə görə, sürət rejiminin pozulması xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıbsa, sürücünü yolda bu qayda pozuntusuna görə saxlamaq qadağandır. Amma Balakişi Əhmədovun işçiləri sürücünü saxlayır və onlara noutbuk və ya digər texniki vasitələr görüntülər təqdim olunur. Ağıllı sürücü dərhal bildirir ki, əgər qayda pozuntusu varsa, cəriməni ünvana göndərin, banka ödəyərəm. Bu zaman yol polisləri ya həmin sürücüyə «yaxşı yol» deyir, ya da postdakı otağa dəvət edib «burada özümüz həll edə bilərik» deyirlər. Belə vəziyyətdə, sürücüdən cəriməni alıb ciblərinə qoyurlar və hələ boynuna minnət də qoyurlar ki, filan qədər bal yazılmalı idi, hörmət edib yazmırıq.

«Cəriməmi ünvana göndərin» deyib yoluna davam edən sürücülər də olur ki, onlar aylarla, illərlə həmin qayda pozuntusuna aid bildiriş gözləsələr də, heç bir məktub gəlmir. Niyə? Çünki həmin qayda pozuntusu qanunsuz radar vasitəsilə çəkilib və bu radarın göstəricisini sistemə vurub ünvana məktub göndərmirlər. Səbəb də odur ki, bu, əlavə əziyyətdir və oradan gələn pul cibə yox, dövlətə keçir. Bu isə bəzilərinə sərf eləmir. Əlbəttə, bütün bunlardan DYP rəhbərliyinin xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı.

Düzdür, ölkəmizin yollarında sürət rejimi ilə bağlı problemlər var və sürət rejiminə səmərəli nəzarət edilməlidir. Amma bu nəzarətin özü, habelə qaydanı pozanların məsuliyyətə cəlb edilməsi qanuna ciddi riayət olunmaqla həyata keçirilməlidir. Yol kənarına istifadəsinə yol verilməyən radarların qoyulması isə ən azı qanunvericiliyə hörmətsizlikdir. Həmin radarların qeydə aldığı avtomobilin sürücüsünü yolda və ya postda dayandıraraq “radara düşmüsən, cərimə ödəməlisən” demək isə ikiqat qanun pozuntusudur. Çünki adı çəkilən Təlimatda birmənalı şəkildə deyilir ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Ona görə də inteqrasiya olunmamış radarlardan istifadə etmə və bu azmış kimi sürücünü yerində saxlayaraq cərimə tətbiq etmə kobud qanun pozuntusudur.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Turan 23 Sentyabr 2015 17:48
mmx-an var deyilr, ammatənbeh qərarı yoxdur. Bu işin çoxluğundan deyil, sadəcə ondan ibarətdir ki, qərar çıxarılsa mütləqdir ki cərimə dövlət büdcəsinə ödənilsin. Məqsədli şəkildə bunu edirlər, camaatın avamlığından istifadə edirlər. İşin ki dyp-yə düşdü vay sənin halına. yəni ən-azı alqı satqı vaxtı getməlisən. Bu zaman isə moizələr başlayır, nə başlayır. MMX-ların var get sildir. İndi behləşdiyin müştəriyə də başa sal. Kimə necə şikayət edəsən ki məsələ həll olunsun və ən azı behin batmasım. Bax belə. Bu reallıqdır və dyp-nin ağıllı ideyalarının məhsuludur.
Nizami Yusifov 10 Noyabr 2014 22:55
Millete tele quranlar..! Haram oldursun sizi!
Nizami Yusifov 10 Noyabr 2014 22:55
Millete tele quranlar..! Haram oldursun sizi!