Banner

DYP əcnəbi maşınlara niyə göz yumur? SİSTEM QURULMAYIB

Yazarlar 11 İyun 2014 10:30 Oxunub 9968
DYP əcnəbi maşınlara niyə göz yumur? SİSTEM QURULMAYIB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tranzit məqsədi ilə yollarımızdan istifadə edən maşınlar radara düşmür

 

Kamran Əliyev: «Onlara qarşı elektron protokol tərtib olunması mümkün deyil»

 


Ərşad Hüseynov: «Avtomatlaşdırılmış sistem xarici ölkələrə aid dövlət qeydiyyat nişanlarını da qeydiyyata alaraq rəsmiləşdirə bilməlidir»


 

Respublikamızda yol-hərəkəti qaydalarının pozulması hallarına qarşı ciddi tədbirlər görülür. Hazırda sürücüləri ən çox narazı salan hallardan biri də sürət həddinin pozulması zamanı cərimələnmələridir. Bəzən sürücülərə idarə etdiyi avtomobilin maksimum sürət həddindən daha artıq sürətlə hərəkət etdiyi ilə bağlı bildirişlər göndərilir və onlar cərimələnir. Məsələn, uzağı 180 km/saat sürət yığmaq gücünə malik avtomobilə 190-la radara düşməsi barədə protokol gönədərilməsi kimi gülməli hadisələr tez-tez baş verir. Amma bu cəza tədbirləri təkcə ölkə vətəndaşlarına tətbiq edilir. Xarici ölkə vətəndaşlarının idarə etdiyi və ölkəmizdən tranzit məqsədlə istifadə edən avtomobillər isə istənilən sürətlə hərəkət edə bilər və onlar heç bir cərimə ödəmədən ölkədən rahatlıqla çıxıb gedə bilirlər. Problem odur ki, xarici ölkə nömrə nişanı ilə Azərbaycana daxil olan avtomobillər radara düşür, amma bizim DYP-nin sistemi o qədər zəif işləyir ki, onu vaxtında qeydə ala və sürücünü növbəti postlarda saxlayıb cərimə protokolunu təqdim edib cəriməni ödətdirə bilmirlər. Bundan başqa, əslində, DYP Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) ilə də birgə sistem qurmalı, yəni, həmin avtomobillər qayda pozarkən radar və kameralarda qeydə alınan məlumatlar birbaşa DSX-yə və DGK-ya inneqrasiya olunmalıdır. Belə olan halda, qayda pozan əcnəbi sürücü ölkədən çıxarkən sərhəddə cəriməni ödəmək məcburiyyətində qalar. Necə ki, bu yaxınlarda bir azərbaycanlı Dağıstanda sürət həddini aşıb və 1 saatdan sonra sərhəddi keçib Azərbaycana gələrkən Rusiya sərhədçiləri onu saxlamışdı. Deməli, sistem elə qurulub ki, bir saatın içində məsələ həllini tapır və qayda pozan avtomobil barədə məlumatlar sərhəddə ötürülür. Bu zaman isə cəriməni ödəmədən ölkədən çıxmaq mümkün olmur. Azərbaycanda isə fərqlidir. Məsələn, Mahir Qurbanzadə adlı oxucu Avtosfer.az saytına yazıb ki, əvvəllər radara düşən avtomobili YPX saxlayıb yerində protokol tərtib edirdi. Amma yeni qanun buna icazə vermir: «Hazırda radarların əksəriyyəti MMX-dır. Radara düşən avtomobilin şəkli çəkilərək birbaşa BDYPİ-nə göndərilir və burada bir həftə ərzində protokollaşdırılıb ünvana göndərilir. Deməli, xarici ölkədən gələn avtomobil, məsələn, İran gömrüyündən Azərbaycana keçib yüksək sürətlə radarlara düşərək Azərbaycan gömrüyündən Rusiya ərazisinə daxil olur. Həmən xarici dövlətin vətəndaşı və idarə etdiyi xarici dövlət nömrəli avtomobillə Azərbaycan qanunlarını kobudcasına pozur və YPX-məcburən buna göz yumur».


Əslində, Mahir Qurbanzadənin fikirlərində reallıq çoxdur. Sürət həddini pozmağa görə yolda avtomobili saxlamaq olmazsa, xaricdən gələn və ölkənin bir başından daxil olub, bir neçə saatdan sonra o biri başından çıxıb başqa ölkəyə gedən TIR-lar, turist maşınları və ya digər xarici nəqliyyat vasitələri qayda pozarsa, nə etmək olar? Onların sürücülərinə zəng edib DYP-yə dəvət edəcəklər? Xeyr. Bu qadağan edilib. Sürücüyə zəng edib DYP-yə dəvət etmək olmaz. Olsa belə, DYP-də müxtəlif xarici dilləri bilən kadrların çox olduğunu düşünməyə dəyməz. Bəlkə, ünvana məktub göndəriləcək? Bu da real deyil. Çünki həmin avtomobillər və onları idarə edən sürücülər Azərbaycanda qeydiyyatda deyil, ünvanları da yoxdur.


Dərindən araşdırılsa məlum olacaq ki, heç DYP-nin həmin sürücülərdən xəbəri də olmur. Bir halda ki, onlar qayda pozarkən, sürət həddini aşarkən DYP saxlamır, radara düşürsə, silib atırlar, o zaman belə məlum olur ki, həmin avtomobillərdən yalnız sərhədçilər və gömrükçülər xəbərdar olurlar. Onların isə DYP ilə əlaqəsi olmadığı üçün nə DYP-nin onlardan, nə də onların DYP-dən xəbəri olur. Yəni, bir-birlərinə məlumat ötürə bilmirlər, operativlik yoxdur və sair. Digər tərəfdən, Avtosfer.az saytının məlumatına görə, son vaxtlar Azərbaycana ərəb və kiril əlifbası ilə yazılan nömrə nişanlı avtomobillər də daxil olur ki, DYP-nin radarları həmin hərfləri və nömrələri oxuya bilmir. Yəni, görüntü kimi çəksə də, Mərkəzi Məlumat Sistemində heç nə tapılmır. Beləliklə də, öz vətəndaşlarımıza qarşı sərt mübarizə aparan DYP əcnəbi sürücüləri bir qapıdan qarşılayıb o biri qapıdan yola salır, onlar qayda pozsa belə.


Bu yaxınlarda beynəlxalq yükdaşıma ilə məşğul olan şirkətdə çalışan bir əcnəbi sürücü özü etiraf edib ki, Azərbaycanda bilərəkdən 20-dən çox yerdə sürət həddini aşaraq qayda pozub. Amma Azərbaycandan Rusiyaya keçərkən bu barədə ona heç nə deyən olmayıb. Bu əhvalatı azərbaycanlılara danışan həmin əcnəbi sürücü bu vəziyyətdən təəccübünü də gizlətməyib. Onu təəccübləndirən Azərbaycanın yaraşıqlı DYP maşınları, ağacların arxasında gizlənib radar quranlar yox, sürəti aşıb qayda pozduğunu ona sübut edə bilməyən Baş Dövlət Yol Polisi İdarəsinin nöqsanıdır. Çünki təcrübə göstərir ki, DYP informasiya texnelogiyaları sahəsində xeyli geridə qalıb. Məsələn, bir müddət əvvəl dövlət nömrə nişanlarına vurulan elektron çiplər vasitəsilə bütün qayda pozuntularının, hətta nömrəni başqa maşına vurmaq kimi əməllərin dərhal aşkar olunacağını bəyan edən Baş DYP İdarəsi iki il sonra həmin çiplərin heç nəyə yaramadığını etiraf etdi. Hansı ki, bu çiplər üçün milyonlar xərclənmişdi. İndi isə əcnəbi sürücülərin qarşısında aciz qalan DYP vəziyyətdən çıxış yolunu onda görür ki, belə qayda pozan əcnəbi sürücülərin sayı az olur…


Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, yol hərəkəti qaydalarının pozulması hallarının tam elektronlaşdırılmış qaydada rəsmiləşdirilməsi bir sıra yeni tələblər doğurur: «Bunlardan biri ölkəmizin ərazisinə tranzitlə gələn nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilən qayda pozuntuları ilə bağlıdır. Belə nəqliyyat vasitələri bəzən ölkəmizin ərazində cəmi bir neçə saat hərəkətdə olurlar və ölkəni tərk edirlər. Ona görə də onların törətdiyi qayda pozuntuları ən qısa zamanda qeydə alınaraq rəsmiləşdirilməli və həmin nəqliyyat vasitələri ölkənin sərhədini tərk edərkən qayda pozuntusuna görə cərimənin ödətdirilməsi təmin olunmalıdır. Bu problemin uğurlu həlli üçün 2 məsələni həll etmək lazımdır:


1) ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə nəzarət edən avtomatlaşdırılmış sistemlər xarici ölkələrə aid dövlət qeydiyyat nişanlarını (nömrələri) da qeydiyyata alaraq rəsmiləşdirə bilməlidir;


2) DYP-nin istifadəsində olan həmin avtomatlaşdırılmış sistemlərin məlumatları dərhal Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə, hətta Dövlət Miqrasiya Xidmətinə ötürülməlidir ki, əcnəbi sürücünün idarə etdiyi nəqliyyat vasitəsi sərhədi keçərkən ödənilməmiş cərimənin sərhəd-keçid məntəqəsində ödətdirilməsi təmin edilsin.


Birinci məsələnin həlli üçün yollarımızda quraşdırılan radarlar və kameralar elə olmalıdır ki, təkcə Azərbaycanın deyil, digər dövlətlərin də nömrələrini avtomatik olaraq oxuya bilsin. Bu isə çətin deyil. Çünki «Yol hərəkəti haqqında» Konvensiyanın 35 və 36-cı maddələrində, habelə 2 saylı Əlavəsinə uyğun olaraq, beynəlxalq yol hərəkətində iştirak edən avtomobillərin və onların qoşqularının qeydiyyat nişanı (nömrəsi) ya rəqəmlərdən, ya da rəqəm və hərflərdən ibarət olmalıdır. Rəqəmlər ərəb rəqəmləri, hərflər isə latın əlifbasının baş hərfləri olmalıdır. Lakin başqa rəqəm və ya hərflərin də işlədilməsinə yol verilir, lakin bu hallarda qeydiyyat nömrəsi ərəb rəqəmləri və latın baş hərfləri ilə təkrar edilməlidir.


Deməli, latın hərflərindən və ərəb rəqəmlərindən ibarət olmayan nömrə vurulmuş avtomobillərin ölkəmizə gəlməsinə yol verilməməlidir. Belə olduqda sadəcə olaraq xarici ölkələrə məxsus avtomobillərin qeydiyyata alınaraq avtomatik şəkildə oxunması qalır. Beynəlxalq təcrübədə bu tipli radar və kameralar çoxdan məlumdur. Yəqin ki, onlar ölkəmizdə də var.


İkinci məsələnin həlli isə DYP-nin mərkəzi məlumat xidməti ilə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin məlumat xidmətləri arasında inteqrasiyanın olmasından, yaxud bu qurumların məlumat xidmətləri arasında operativ şəkildə məlumat mübadiləsinin olmasından asılıdır. Əgər belə məlumat mübadiləsi olarsa və həmin mübadilə təxirə salınmadan, lazımi operativliklə edilərsə, hətta sərhədə yaxın ərazidə qaydanı pozan avtomobil sərhəd-keçid məntəqəsinə çatana qədər onun törətdiyi qayda pozuntusu və ödəyəcəyi cərimə məbləği barədə məlumatı sərhədçilərə və gömrükçülərə çatdırmaq mümkündür».


Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyir ki, xarici dövlət nömrə nişanlı avomobillər də sürət həddini keçirsə, radarlar tərəfindən qeydə alınır: «Həmin avtomobillərin foto şəkilləri çəkilir. Amma bizim bazada həmin avtomobil sahibinin kim olması ilə bağlı məlumat yoxdur. Ona görə də onlara qarşı elektron protokol tərtib olunması mümkün deyil. Məgər bizim vətəndaşlarımız azdır ki, xarici ölkələrdə qaydanı pozub ölkəni tərk edir? Bizdə də ölkəmizdən tranzit məqsədlə istifadə edən və sürət həddini keçən avtomobil sahiblərinə qarşı cərimə tətbiq olunmur. Bizdə bu sistem hələ ki, Dövlət Sərhəd Xidmətinin infolrmasiya bazasına qoşulmayıb. Buna görə də, məlumat dərhal həmin bazaya ötürülə bilmir. Özü də bu hadisələrin sayı çox olmur. Bu çox nadir haldır və yol hərəkətində ciddi təhlükə yaratmır. Azərbaycanda cəriməni ödəməyən nə qədər sürücü var. İndi biz onlarla mübarizəni qoyaq bir kənara, başlayaq ki, nə var-nə var 1-2 əcnəbi sürücü qaydaları pozacaq, onlara qarşı ölçü götürək? Amma bütün bu sistem mərkəzləşəndən və elektron hökumət portalına yüklənəndən sonra bu məlumat Dövlət Sərhəd Xidmətinə də ötürüləcək. Bundan sonra həmin vətəndaşlar da Azərbaycan Respublikası ərazisində törətdikləri inzibati xətaya görə cərimə ödəyəcəklər».

 


Elməddin MURADLI

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh