DYP-nin xaricdən gələn plyonkalı maşın oyunu; kim haqlıdır?

Yazarlar 23 İyul 2014 09:30 Oxunub 14205
DYP-nin xaricdən gələn plyonkalı maşın oyunu; kim haqlıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «DYP-nin həmin hərəkətləri birmənalı olaraq qanunsuzdur»

  

«Belə avtomobillər həmin təchizatla qala və belə vəziyyətdə geri qayıda bilərlər»

 

Son günlər Rusiyadan, Qazaxıstandan və bəzi başqa xarici ölkələrdən öz avtomobili ilə Azərbaycana gələnlərin tipik bir şikayətini tez-tez eşidirik. Onlar deyirlər ki, gəldikləri ölkədə (Rusiyada, Qazaxıstanda və s.) buna qanunla icazə verildiyinə görə avtomobilin arxa yan şüşələrində (yəni arxa qapıların şüşələrində) pərdə və tünd plyonka olur. Belə vəziyyətdə Azərbaycana daxil olurlar, gömrük nəzarətindən keçirlər və ölkə ərazisində isə hansısa bir yerdə DYP əməkdaşları avtomobili dayandıraraq pərdə və plyonkaya görə mühafizə olunan duracağa aparır. Nəticədə uzun-uzadı çək-çevir, baş ağrısı, əsəb gərginliyi keçirdiklərini deyən həmyerlilərimiz bildirirlər ki, onlardan yüksək məbləğdə cərimə alınır və beləliklə də Azərbaycana gəldiklərinə görə peşman olurlar. Bu şəxslərin şikayəti haqlıdır. Həqiqətən də, Azərbaycana müvəqqəti, yəni xarici ölkənin dövlət qeydiyyat nişanlarını və qeydiyyat şəhadətnaməsini saxlamaqla 1 ayadək müddətə gələn belə nəqliyyat vasitələri barəsində DYP-nin həmin hərəkətləri birmənalı olaraq tam qanunsuzdur. Bəs qanunsuzluq nədən ibarətdir? Məsələ belədir. Həmin avtomobillər beynəlxalq yol hərəkətində iştirak edən nəqliyyat vasitələridir, çünki «Yol hərəkəti haqqında» Qanunun 1-ci maddəsinin 4-cü bəndində deyilir: 4) beynəlxalq yol hərəkəti bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir.

Beynəlxalq yol hərəkətində iştirak edən nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığına dair tələblər «Yol hərəkəti haqqında» 1968-ci il Vyana Konvensiyasına 5 saylı Əlavədə müəyyən olunub. Həmin Əlavənin 1-ci bəndinin son cümləsini olduğu kimi diqqətinizə çatdırıram: «Beynəlxalq hərəkətdə olan bütün nəqliyyat vasitələri ilk dəfə istismara verildiyi anda qeydə alındıqları ölkədə qüvvədə olmuş texniki tələblərə cavab verməlidir». Deməli, Azərbaycana müvəqqəti, yəni xarici ölkənin dövlət qeydiyyat nişanlarını və qeydiyyat şəhadətnaməsini saxlamaqla 1 ayadək müddətə gələn nəqliyyat vasitəsi «Yol hərəkəti haqqında» 1968-ci il Vyana Konvensiyasının üzvü olan dövlətdən gəlmişdirsə, həmin nəqliyyat vasitəsinə münasibətdə Azərbaycan Respublikasının yol hərəkətinə dair qanunvericiliyinin deyil, daimi qeydiyyatda olduğu həmin xarici dövlətin qanunvericiliyi tətbiq edilməlidir. Başqa sözlə, bizim DYP-nin əməkdaşlarının belə nəqliyyat vasitələrini «Azərbaycan qanunvericiliyinə uyğun təchiz edilməmişdir» deyə mühafizə olunan duracağa aparması, daha sonra onun sürücüsünü cərimələməsi tamamilə qanunsuzdur. 

Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Deməli, hər bir halda Vyana Konvensiyasının yuxarıda istinad etdiyimiz norması «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunundan üstündür və xaricdən müvəqqəti gətirilən avtomobillərdə pərdə-plyonka məsələsində Konvensiyasının həmin norması tətbiq edilməlidir.

Həm də xatırlatmaq istəyirəm ki, xarici ölkələrdə avtomobillərin texniki təchizatına dair tələblər Vyana Konvensiyasının 5 saylı Əlavəsində, bu təchizatın təfərrüatları isə BMT-nin Avropa İqtisadi Komissiyasının qəbul etdiyi qaydalarda müəyyən edilmişdir. Həmin qaydalardan biri – 43 saylı Qaydalar avtomobillərdə sükan arxasında olan sürücünün kürəyindən arxada olan şüşələrin (yəni arxa qapıların şüşələrinin) tündlüyünü normalaşdırmır. Bu Qaydalar dünyanın əksər ölkələri, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Belorus və digərləri tərəfindən milli standart kimi də qəbul edilib. Ona görə də həmin Qaydaları milli standart kimi təsdiqləyən və Vyana Konvensiyasının üzvü olan dövlətlərdən Azərbaycana müvəqqəti gətirilən avtomobillərin arxa yan şüşələrində tünd plyonka və ya istənilən növ pərdə olmasına görə həmin avtomobillərin saxlanılması, onların sürücülərinin cərimələnməsi qanunsuzdur və əslində Azərbaycanın Konstitusiyasını da pozmadır. Belə avtomobillər müvəqqəti gəldikləri müddətin sonunadək həmin təchizatla qala və belə vəziyyətdə geri qayıda bilərlər. Yalnız onların sahibləri bu avtomobili müvafiq prosedurdan keçirərək Azərbaycanda daimi qeydiyyata aldırmaq istədikdə (yəni onlara bizim nömrələri aldıqda) onların təchizatı bizim qanuna uyğunlaşdırılmalıdır.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

İsmail 1 Oktyabr 2018 23:18
Bizim maşın Rusya maşınıdı arxa yan şüşələri plyonkalıdı ildə bir defe gəlir Azerbaycana plyonkaya göre dyp əməkdaşları cerime yazırlar plyonkanı sökürler cerime meydançasına aparırlar xaiş olunur bu vəziyyəti ortadan qaldırın
Chingiz 18 Mart 2017 20:08
Evvela bu chox muhum sualdi xarici vetendashin Arezbaycana avtomobili ile gelmesi.Daha dogrusu utanc verici bir haldir.imkan varsa bu suali dovlet seviyyesinde hell etmek lazimdir.chunki 3-5 ilde bir defe vetenive ailenle gelmek isteyirsen oz avtomobilimle,amma bir inkshaf etmish olkenin dunya standartlatina mehel vermemesi,hetta bu qanunlardan xeberi olmamasi bizim dovleti xarici dovletlerin qarshisinda gulunc veziyyetine qoyur ve olkeye oz avtomobili ile gelen butun xarici olke vetendashlarinin huquqlarini pozmaqla onlarin bizim Azerbaydan dovletine turizm axninin qarshisini alir.Artiq derecede xahish edirik ki bu problem tezlikce hell olunsun.
vugar 10 Noyabr 2014 22:55
Halaldir Size Ershad Muellim. Insanlara oz huquqlarini bilmelerine komek edirsiz.
Anar 10 Noyabr 2014 22:55
gurcustan mawinidi mende 2 defe wtrafnoya apariblar plyonkanin ustunde.