Banner

DYP nömrələrin internetdə satışını gecikdirir: QANUN 3 İLDİR İŞLƏMİR

Yazarlar 15 Noyabr 2014 02:36 Oxunub 4796
DYP nömrələrin internetdə satışını gecikdirir: QANUN 3 İLDİR İŞLƏMİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlar illərdir Baş Dövlət Yol Polisi İdarəsinin elektron xidmət göstərməsini gözləyir

Babək Lazımzadə artıq 3 ildir avtomobil nömrələrinin onlayn satışının təşkil olunmasını gözləyir. İstifadəsində olan «VAZ 21015» markalı avtomobillə bağlı hər bir qərar vermək hüququ olan etibarnaməyə sahib olsa da, onu öz mülkiyyətinə keçirmək istəyir. Bunun üçün isə avtomobilin texniki şəhadətnaməsi dəyişməlidir. Avtomobilin dövlət qeydiyyat nişanının da dəyişmək istəyən Babək Lazımzadə Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) rast gəldiyi bürokratik əngəllər səbəbindən artıq 3 ildir gözləyir. Amma "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, satışda olan nömrələr BDYPİ-nin internet səhifəsində və DYP-nin imtahan-qeydiyyat şöbələrində vətəndaşların rahat görə biləcəyi yerdə tablolarda yazılmalıdır. Həm internet səhifəsində, həm də DYP-nin imtahan-qeydiyyat şöbələrində avtomobillərə veriləcək dövlət qeydiyyat nişanları, onların satış qiymətləri qeyd olunmalıdır. Vətəndaş da öz cibinə uyğun nömrəni seçməli, banka ödəniş etməli və qəbzlə birlikdə DYP-yə yaxınlaşıb həmin nömrəni almalıdır. Lakin 3 ilə yaxından qanunun bu müəddəası icra edilmir. Babək Lazımzadə kimi yüzlərlə vətəndaş isə hələ də DYP-nin bağlı qapıları arxasında növbə gözləyərək həm pul, həm də saatlarla vaxt itirirlər.

Halbuki hələ 2012-ci ildə BDYPİ-dən bildirildi ki, bununla bağlı işlər başlanılıb: «Yaradılacaq elektron-xidmət növü yeni avtomobil almış fiziki şəxslərə və ya hüquqi şəxslərə siyahını təqdim edəcək. Siyahıda avtomobil nömrələrinin qiymətləri də yer alacaq. Siyahı vaxtaşırı yenilənəcək».

 

24 xidmətdən cəmi 2-si

 

Əhalinin elektron xidmətlərdən daha çox istifadə edəcəyi qurumlardan biri Daxili İşlər Nazirliyi olsa da, göstərinlən xidmətin səviyyəsi qəneedici deyil. Vətəndaşların daha çox ehtiyac duyduğu sürücülük vəsiqəsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanlarının verilməsi, vətəndaşların şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportlarının dəyişdirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu kimi aktual xidmətlər hələ də elektron formada göstərilmir. İndiyədək nazirliyin  «Elektron hökumət» portalında cəmi iki xidməti vətəndaşların ixtiyarına verilib. Bunlar da «FİN-ə görə fərdi məlumatların axtarışı» və «Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin öyrənilməsi» xidmətidir. Halbuki Nazirlər Kabinetinin  təsdiqlədiyi qərarla DİN-nin 24 xidməti e-hökumət portalına inteqrasiya edilməlidir. Vətəndaşlar da DİN-nin müvafiq idarələrinin tabeliyinə verilən bu xidmətlərinin elektronlaşmasının tərəfdarı olsalar da, bu xidmətlər elektronlaşdırılmayıb. Bu isə həm də rüşvət hallarına yol açır.

 

«Bunun arxasında qanundan kənar davranışlar dayanır»

 

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, artıq 3 ildir avtomobillərə verilən dövlət qeydiyyat nişanları ilə bağlı dövlət rüsumlarının məbləğində dəyişiklik edilib: «Həmçinin, qanunda göstərilmişdi ki, həmin nömrələrin onlayn formada açıq satışı təsdiq olunsun. Amma hələ də həmin nömrələrin satışı təşkil olunmayıb. Bunun arxasında dövlət nömrə nişanlarının verilməsindəki qanundan kənar davranışlar dayanır».

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, elektron xidmətlər həm də ona görə tətbiq olunur ki, rüşvət, korrupsiya halları aradan qalxaraq şəffaflıq təmin olunsun: «Dövlət qurumları da daha çox ictimai-sosial əhəmiyyət kəsb edən məsələlərlə bağlı xidmətləri elektron təklif etməlidir. Faydalı xidmət olanda ondan istifadə də yüksək olur. Düşünürəm ki, avtomobillərə dövlət qeydiyyat nişanının verilməsi xidməti də elektron olsa, istifadə edənlər çox olacaq».

 

«Elektron hökumət rüşvət və korrupsiyadan uzaq, şəfaflığın təmin olunduğu bir sistemdir»

 

Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev də o qənaətdədir ki, elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir: «Sadə vətəndaşlara rahatlıq gətirən bu sistem informasiya cəmiyyətinə keçidin təmin edilməsi, şəffaf və demokratik virtual məkanın yaradılması, bürokratizm və rüşvətxorluğa qarşı mübarizədə çox səmərəli effekt verə bilər. Elektron hökumətin inkişafı ilə gələcəkdə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq».

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, bu istiqamətdə iş gedir: «Bu işlə mütəxəsislər məşğuldur. Amma avtomobil nömrələrinin onlayn satışının nə zaman gerçəkləşəcəyini deyə bilmərəm».

Araşdırma göstərir ki, avtomobil nömrələrinin onlayn satışı zamanı dəqiq qiymətlər mövcud olacaq. Çünki 2011-ci ildə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər qəbul edilib. Rəqəm və hərflərin kombinasiyasından asılı olaraq dövlət qeydiyyat nişanlarının qiymətləri 500 manatdan 2500 manatadək dəyişir. Adi, o cümlədən dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə dövlət rüsumu 18 manat müəyyənləşdirilib. Demək elektron hökumət vətəndaşlar üçün təkcə vaxta qənaət və bürokratik əngəllərdən xilas olmaq demək deyil. Bu həm də rüşvət və korrupsiyadan uzaq, şəfaflığın təmin olunduğu bir sistemdir. Görünür elə buna görə də, hələ də DİN-in Baş Dövlət Yol Polisi İdarəsində onlayn xidmətlər göstərilmir. Elektron hökumət elə bu qurumun hər bir vətəndaşın ardınca bağlanan qapıları kimi insanların üzünə qapalıdır. Bağlı qapı arxasında hansı işlərin görüldüyü isə çox suallar yaradır…

 

Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh