DYP postları qanunsuz əməllərin qarşısını alır – Ləğv etmək olmaz
Son günlər sosial şəbəkələrdə DYP stosionar postlarının ləğv edilməsi ilə bağlı müzakirələr gedir, müxtəlif təkliflər səslənir. Bu təklifi Mətbuat Şurasının üzvü Azər Həsrət gündəmə gətirib. Bəziləri də buna dolayısıyla dəstək veriblər. Lakin Avtosfer.az bu məsələyə dair öz mövqeyini bildirərək bəzi məqamları önə çəkir ki, əslində bu təklifin reallaşması ağır fəsadlar verə bilər və mümkün deyil.
Bu təklifin qaynaqlanmasına nəzər saldıqda məlum olur ki, Azər Həsrət postların birində saxlamasına etiraz edir və bunu qanunsuz sayır. Bildirir ki, YPX əməkdaşı onu postda saxlayarkən qayda pozduğunu bildirib. Elə Azər Həsrət dolayısıyla özü də bunu etiraf edir ki, doğurdan da sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edib.
Bəzən elə hallara rast gəlinir ki, YPX əməkdaşı qanunsuz hərəkətlərə yol verir, lakin bununla bağlı sürücülər aidiyyəti üzrə şikayət etdikdə, faktlar araşdırılır və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tərəfindən daimi əməkdaşlar intizam məsuliyyətinə cəlb olunur. Lakin bu o demək deyil ki, postlar ləğv edilməlidir. Bu postların ümumi fəaliyyətinə nəzər salsaq görərik ki, gün ərzində həmin postlarda nə qədər qanunsuz əməllərin qarşısı alınır. Məsələn, avtomobillərdə narkotik vasitələr aşkar edilir, respublikanın bölgələrindən paytaxta gətirilən və mənşəyi məlum olmayan ətlər məhz həmin postlarda tutulur və aidiyyatı üzrə təhvil verilib məhv edilir, qanunsuz silah gəzdirilməsi halları aşkarlanır. Bundan başqa, artıq 3 ilə yaxındır ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstərişi ilə stosionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb. Belə ki, uzaq məsafələrə yola çıxan sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb qısamüddətli istirahət edib, su içə bilər, əl-üzünü yuyub dincələ bilər.
Bu kimi faktları çox sadalamaq olar. Bunlardan biri də köməksiz vəziyyətdə qalmış sürücünün son anda məhz DYP postlarına müraciət etməsidir. Postların digər əsas funksiyası yol nəqliyyat hadisəsi zamanı hadisə yerinə operativ çatmaq, yola davamlı olaraq nəzarət etməkdir.
Həmin postlarda il ərzində onlarla axtarışda olan, qaçırılmış avtomobil aşkar edilir. Nə zaman? Sənədlər yoxlanılarkən, daxil olmuş məlumatlar araşdırılarkən. Məhz bu səbəblər kifayət edir ki, postlar fəaliyyətini davam etdirsin.
Dəyərli Azər Həsrət özə də etiraf edər ki, indiyədək DYP ilə bağlı etdiyi bütün şikayətlər dərhal araşdırılıb və nəticəsi də olub. Buna mən özüm şahidəm. Sonuncu qeyd etdiyi narazılığı da rəsmi qaydada DYP rəhbərliyinə ünvanlamış olsaydı daha effektli nəticəsi olardı.
O ki qaldı “Avropada postlar ləğv edilib, bizdə niyə qalsın” fikrinə, düşünürük ki, yol hərəkəti təhlükəsizliyi baxımından bizim Avropa ilə müqayisəmiz hələ tezdir. Çünki Azərbaycanda sürücülərin 30 faizi posta çatanda təhlükəsizlik kəmərini bağlayır, keçən kimi açır, elə bir o qədəri də posta çatanda sürəti azaldıb telefonu gizlədərək sonra yenidən telefonla danaşır, sürəti artırır, sağ zolaqla sol zolağı ayırd edə bilmir. Belələrinin əhatəsində DYP postlarını ləğv etmək nə dərəcədə düzgün olardı?
Elməddin Muradlı