Ekologiyamıza zərər vuran “yeriyən tabut"lar - Azərbaycan onlardan nə vaxt xilas olacaq?

Yazarlar 4 Mart 2022 14:13 Oxunub 1390
Ekologiyamıza zərər vuran “yeriyən tabut"lar  - Azərbaycan onlardan nə vaxt xilas olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə il bundan əvvəl atmosfer havasının çirklənməsində əsas rolu stasionar mənbələr – sənaye müəssisələri, fabriklər, zavodlar oynayırdı. Burada səyyar, yəni qeyri-stasionar mənbələr, o cümlədən avtonəqliyyat vasitələrinin payı az idi. Son zamanlar isə atmosfer havasının çirklənməsində əsas rolu avtonəqliyyat vasitələri, yəni səyyar mənbələr oynayır. 

Sənayenin, ölkənin inkişafı, insanların rifah halının yüksəlməsi avtomaşınların sayının kəskin artmasına səbəb olub. Avtomobillərin sayı illər keçdikcə dəfələrlə artır. Digər tərəfdən, bu gün küçələrdə istismar müddəti bitmiş avtomobillərə rast gəlinir. Sözügedən bu avtomobillər həm sahibləri, həm də hərəkət iştirakçıları üçün təhlükə mənbəyi olmaqla yanaşı, ekologiyamıza da zərər vurur.

Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. 2019-cu ildə avtomobillərin utilizasiyası ilə bağlı layihənin hazırlanması üçün tender elan edilib və qalib seçilib. 

Maraqlıdır, ekologiyamıza da zərər vuran köhnə avtomobillərin utilizasiyası proqramı nə zaman tətbiq olunacaq? Həmin avtomobillərdən qurtula biləcəyikmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, ölkə rəhbəri aidiyyatı qurumlara bu barədə tapşırıq versə də, təəssüf ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinə həvalə olunmuş bu iş ləng gedir:

"Onlar da 2 ildir prosesi bir şirkətə tapşırıb ki, utilizasiya proqramı ilə bağlı bir layihə ortaya qoysunlar və bunun necə həyata keçiriləcəyi layihədə aydınlaşsın. Aydın məsələdir ki, pandemiyanın təsiri var, Vətən Müharibəsindən sonrakı vəziyyət bir az bu işlərin ləngiməsinə səbəb oldu. Amma prezident çıxışları zamanı da bildirib ki, nə olur-olsun sosial layihələr icra olunur və yol hərəkəti təhlükəsizliyi də sosial məsələdir. Zamanı çatdıqda buna da geniş diqqət ayrılacaq. Fikrimcə, əvvəlki illərə nisbətən köhnə avtomobillərin sayı xeyli dərəcədə azalıb. Əvvəllər belə avtomobillərə həddindən artıq çox rast gəlirdik, bu gün isə, onlar demək olar ki, bölgələrdə ayaq açmaqdadır. Bunlar Bakıda  və digər iri şəhərlərdə nadir rastlaşdığımız avtomobil növləridir”.

Müsahibimiz qeyd edib ki, Bakının elə qəsəbələri var ki, kənd kimidir və orada da belə avtomobillər idarə olunur:

"Xüsusilə dəmir yığanlar, mal-qara kəsiləndən sonra əmələ gələn tullantıları daşımaq üçün istifadə edirlər. Hər bir halda insanlar başa düşməlidir ki, bu çox təhlükəli əməldir, həmin nəqliyyat vasitələri ilə törədilən qəzalarda sağ qalmaq şansı aşağıdır.  Mümkün qədər köhnə avtomobillərdən uzaq durmaq lazımdır. Onlar maşın deyil, "yeriyən tabut"durlar. Düşünürəm ki, dövlətimizin həyata keçirdiyi siyasət həmin maşınların tez bir zamanda yığışdırılmasına gətirib çıxaracaq. Dünyanın bir sıra ölkələrində müxtəlif təcrübələr var, bu istiqamətdə müəyyən addımlar atılıb. Bunu Azərbaycan mentalitetinə uyğun formada da tətbiq etmək olar”.

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh