Ekspert: “Avtodayanacaq sahibləri soyğunçuluqla məşğuldurlar”
Bakının “28 May” metrostansiyasının yaxınlığındakı avtodayanacaqdan istifadə edənlərin sayı o qədər də çox deyil. Rəyini öyrəndiyimiz avtomobil sahibləri səbəb olaraq qiymətlərin çox baha olmasını göstərirlər. Ülfət Məhərrəmov deyir ki, şəhərin mərkəzindəki əksər dayanacaqlarda 1 saat üçün 50 qəpik ödəniş nəzərdə tutulduğu halda, burda məbləğ 1 manat müəyyənləşdirilib: “Ona görə də sürücülər ora yaxın getmək istəmirlər".
Aydın İbrahimov da qiymətin bahalığından şikayətçidir: "3 saat üçün 2 manat alırlar".
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni dayanacaq yerinin başqa qurum tərəfindən təşkil edildiyini bildirib: "Ora Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin ərazisidir ".
Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Xidmətinin əməkdaşı isə “Toplum TV”-nin qiymətlərlə bağlı sualına belə cavab verib: “Parklanma sahələrindən əsasən sərnişinləri qarşılayan və yola salan şəxslərin istifadəsi nəzərdə tutulub, tariflər qısamüddətli istifadəni təşviq etmək məqsədilə formalaşdırılıb”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı həmin ərazidə uzun müddətdir ki, xoatik vəziyyət olduğunu, avtomobillərin nizamsız şəkildə park edildiyini xatırladır: “Əvvəllər o dayanacaq Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyində idi, hətta parkamotlar da yerləşdirilmişdi. Sonra bu səlahiyyət BNA-ya verildi. Bu qurum Nazirlər Kabinetinə Bakıda avtodayanacaq yerlərinin və qiymətlərinin tənzimlənməsi ilə bağlı təkliflər göndərib, amma cavab ala bilmədiyinə görə parklanma ilə bağlı vəziyyətə nəzarət edə bilmir”.
ELMƏDDİN MURADLI
Nəqliyyat məsələləri üzrə digər ekspert Ərşad Hüseynovsa yerüstü avtodayanacaq qiymətlərinin dövlətin müəyyən etməli olduğunu vurğulayır: “Bizdə iki cür dayanacaq var - qapalı və açıq. Küçə və prospektlərdə yerləşən dayanacaqlar hamınındır, yəni dövlətindir. Hazırda qiymətləri nə Tarif Şurası, nə də Nazirlər Kabineti müəyyən edir”.
Buna görə də ekspert indi müəyyən edilən qiymətlərin qanunazidd olduğunu söyləyir.
Ərşad Hüseynovun sözlərinə görə, qapalı dayanacaqlarda vəziyyət fərqlidir, onlar, adətən ticarət mərkəzlərinin və ya yeni tikilən binaların zirzəmi qatında yerləşir, qiymətləri də həmin tikililərin sahibləri müəyyənləşdirir.
Elməddin Muradlı deyir ki, parkinq qiymətləri məlum olmadığından paytaxtda ayrı-ayrı şəxslər konkret olaraq soyğunçuluqla məşğuldurlar, avtomobil sahiblərindən zorla pul tələb edirlər.
Ekspert həmçinin qeyd edir ki, yalnız yeraltı avtodayanacaqlar dövlət tərəfindən icarəyə verilib və buna görə ödəniş tələb olunur, amma vahid qiymət siyasətinin olmaması sui-istifadə hallarına gətirib çıxarır: “Əhalindin gəlirlərinə uyğun qiymətlər müəyyənləşməlidir. “28 May” metrostansiyası ərazisinə gedənlərin hamısı qatarla səyahət edənlər deyil, imkanlı insanlar deyil. Əksinə, ora kasıb insanlar daha çox gəlir, çünki yaxınlıqda topdansatış qiymətinə ərzaq məhsulları və başqa mallar satılan məkanlar var. İnsanlar orda ucuzluq olduğuna görə gedirlər”.
Bakı avtodayanacaqlarındakı parkinq qiymətləri
Bakı şəhərində 10-dan çox avtodayanacaq var. "28 Mall" Ticarət Mərkəzinin zirzəmi qatında yerləşən dayanacaqda da 1 saat üçün 1 manat ödəmək lazımdır. Daha artıq müddətə güzəştli qiymətlər tətbiq olunur: 2-3 saatlıq parkinq üçün 2 manat, 3-5 saat üçün 3 manat, 5-7 saat üçün 5 manat nəzərdə tutulub. Bir sutkalıq parkinqin qiymət 20 manatdır.
"Park Bulvar"dakı avtodayanacaqda qiymətlər "28 Mall"a nisbətən ucuzdur. Burada 1-3 saatlıq parkinq üçün 2 manat, 3-8 saat üçün 3 manat, 8-12 saat üçün 6 manat, 12-15 saat üçün 10 manat ödənir. Amma dayanacağa giriş çekini itirənlər 20 manat cərimə olunur və burda 24 saat maşın saxlamaq qadağandır.
Daha bir böyük avtomobil dayanacağı “Fəvvarələr” meydanı yaxınlığındakı "Garage"-dır. Burada avtomobil sahibləri 1 saatlıq parkinq üçün 1 manat, 3 saata qədər 2 manat, 6 saata qədər 3 manat, 12 saata qədər 6 manat, 24 saata qədər isə 10 manat ödəyirlər. Dayanacaqdan uzun müddət istifadə edən müştərilərə güzəşt edilir.
Bakıdakı ən böyükyeraltı avtodayanacaq “Azadlıq” meydanında yerləşir, burada da qiymətlər 1 manatdan başlayır, amma intervallar üzrə qiymətlər daha ucuzdur - 2-5 saatlıq parkinq üçün 2 manat, 5-12 saat üçün 3 manat, 12-24 saat üçün isə 6 manat ödəniş müəyyənləşdirilib.
Bu dayanacağın digərlərindən daha bir fərqi itirilmiş çekə görə cərimə məbləğinin çox yüksək -30 manat olmasıdır.
Bəs digər ölkələrdə parkinq qiymətləri necədir?
Avropadakı orta aylıq parkinq qiymətləri aşağıdakı kimidir: Sürixdə avtomobil sahibləri dayanacaqlara 1 ayda 822 dollar, Romada 744 dollar, Cenevrədə 705 dollar, Osloda 612 dollar, Vyanada 575 dollar, Kopenhagendə 567 dollar, Stokholmda 546 dollar, Milanda 518 dollar, Birmingemdə 496 dollar, Mançesterdə 429 dollar, Moskvada isə 421 dollar ödəyirlər.
Almaniya, Fransa və İspaniya isə Qərbi Avropaya nisbətən daha məqbul qiymətlər tətbiq edir. Şərqi Avropada qiymətlər 200 dollardan aşağıdır. Məsələn, Sofiya şəhərində bu qiymət 184 dollar, Varşavada 153 dollar, Tiran, Zagreb, Bükreş kimi şəhərlərdə isə 144 dollardır.
Dünyanın ən bahalı avtodayanacaqları siyahısına London liderlik edir. Bu şəhərdə bir maşın üçün bir aylıq parkinq xərci 1000 dollardır. İkinci yerdə Uest-End şəhəridir, bu şəhərdə aylıq parkinq xidmətinin qiyməti 956 dollardır. Siyahıdakı 3-cü yeri Amsterdam (805), 4-cü yeri isə Honkonq (745) tututr. Sidney aylıq 657 dollar xərclə siyahının 5-ci pilləsində dayanır.
Nyu-Yorkun Manhetten ərazisində 1 saatlıq parkinqin qiyməti 1 dollardan 3 dollara qədərdir. Tokioda isə bu məbləğ 744 dollar təşkil edir.
Dubay və Abu Dabidə avtomobil sahibləri parkinq xidmətindən 1 saatlıq istifadə üçün 4,08 dollar, Parisdə 1.20-3.60 avro ödəməlidirlər. Hindistanın paytaxtı Nyu-Dehlidə parkinq üçün gündəlik xərc 1.5 dollar təşkil edir.
Avropanın bəzi ölkələrində uzunmüddətli parkinqə izacə verilmir. Məsələn, 1 saatlıq parkinqin 1 avro olduğu Venada avtomobili dayanacaqda ancaq 2 saat, ödənişin 2-3.50 avro civarında müəyyənləşdiyi Brüsseldə isə 2 saatdan 3 saata qədər saxlamaq mümkündür.
Dünyada pulsuz avtodayanacaqlar da var
Tel-Əvivdə 29 pulsuz dayanacaq var. Parisdə pulsuz parkinq ərazisi tapmaq müşkül məsələ olsa da, avqust ayında bütün yeraltı dayanacaqlar pulsuz xidmətə keçir. Berlindəsə pulsuz avtodayanacaqlar yalnız bəzi hotel və əyləncə mərkəzlərində mövcuddur.
Londonda pulsuz dayanacaqlar rayonlar üzrə müəyyənləşib. Mançestr Sitidə parkinq xidməti axşam saat 19.00-dan səhər saat 8.00-ə qədər pulsuzdur. Şənbə günü isə pulsuz parkinq saat 11.00-dən başlayır və bazar ertəsi saat 8.00-ə qədər davam edir.
Nyu-Yorkda dayanacaqlardan bazar və bayram günlərində pulsuz istifadə etmək olur.
Mexikoda isə cümə günü saat 20.00-dan bazar ertəsi saat 8.00-a qədər parkinq üçün heç bir ödəniş etmirlər.