Ekspert BNA-nı SƏRT TƏNQİD ETDİ: “... fantastik qiymətlər təklif edir”

Yazarlar 26 Oktyabr 2022 14:18 Oxunub 1114
Ekspert BNA-nı SƏRT TƏNQİD ETDİ:  “... fantastik qiymətlər təklif edir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son aylarda Bakıda tıxaclar daha da intensivləşib. Hər gün paytaxt sakinləri saatlarla tıxacda qalırlar. Avtobusların hərəkətində gecikmələr, xəttə az sayda avtobusların buraxılması narazılıqlara səbəb olur. Bakı Nəqliyyat Agentliyi (BNA) yeni yarandıqdan sonra bir çox avtobus xətləri ləğv olundu, bəzilərinin məsafəsi qısaldıldı. Əlavə avtobus xətləri yaradıldı ki, bu da paytaxtda avtomobil sıxlığının artmasına və tıxacların yaranmasına səbəb oldu. Bunun əks effektini görən BNA son günlərdə yenidən uzun məsafəli avtobusları xəttə buraxmağa başlayıb.  Sərnişin bir nöqtədən digərinə getmək üçün bəzən 3 avtobus dəyişməli olur ki, bu da onların maddi vəziyyətinə təsir göstərir.

 Nəqliyyat eksperti Elməddin Muradlı Ucnoqta.az-a bildirdi ki, Bakı Nəqliyyat Agentliyi yarananda qarşısına 3 əsas vəzifə qoyulmuşdu: 
"İctimai nəqliyyatın inkişafı, tənzimlənməsi, taksi fəaliyyətinin təkmilləşdirilməsi idarə edilməsi, parklanmanın təşkili və idarə edilməsi. BNA 7 il ərzində bu vəzifələri öhdəsindən gələ bilmədi”.

Elməddin Muradlının sözlərinə görə, ictimai nəqliyyat bərbad vəziyyətdədir: “Taksi fəaliyyəti ilə bağlı vəziyyət də yaxşı deyil. BNA fəaliyyətə başlayanda 25- 30 min taksi var idisə, ictimai nəqliyyatın düzgün təşkil olunmaması nəticəsində taksilərin sayı  60 minə çatdı.

Parklanma ilə bağlı vəziyət isə daha da pisdir. Parklanma ilə bağlı BNA-nı nəzərə alan yoxdur. Sürücülər harada gəldi avtomobili saxlayır. BNA parklanmanın pulsuz olduğunu desə də hansısa şirkət əraziyə əməkdaş cəlb edib pul yığır”.

Ekspert bildirir ki, avtobus zolaqları dünyada tətbiq olunan modeldir:
“Azərbaycanda da tətbiqi yaxşı haldır. Sadəcə olaraq yollarda belə zolaqların çəkilməsi  nəqliyyat axınına əks təsir göstərəcək. Təsəvvür edək ki, 10-15 dəqiqədən bir avtobus keçən zolaqdan həmin müddətdə yüzlərlə avtomobil keçə bilərdi. Nə qədər sıxlıq olsa da heç kim zolağa daxil olmamalıdır. Bizdə isə bu mümkün olmadı. Bəzi küçələrdə zolağa daxil olanlara cərimə yazılsa da bəzilərində yazılmır. Bəzi yerlərdə kamera çəkmir. Hər yerə də kamera yerləşdirmək mümkün deyil. Amma ictimai nəqliyyatı inkişaf etdirmək üçün zolaqların çəkilməsi vacibdir. Sadəcə biz əvvəldən də təklif etdik ki, mövcud yol şəbəkəsinin hesabına avtobus zolağı yaratmaq əks effekt verəcək. Əlavə zolaq yaratmaq mümkündüsə bunu etmək lazımdır. Bu sistem təşkil olunmadı. Hazırda Bakının Baş planında bəzi məsələlər öz əksini tapıb. Əlavə zolaqlar yaradılması ilə bağlı açıqlama verilib”.

 BNA-nın fantastik, pafos dolu çıxışları effekt vermədi:
“Agentliyin Nazirlər Kabinetinə göndərdiyi təkliflərin əksəriyyəti lazımsız olduğundan geri qaytarılır. Bu səbəblərdən Agentliyin fəaliyyəti qənaətbəxş sayıla bilməz. Düzdür BNA Bakıda bir çox yeniliklər etdi. İctimai nəqliyyatda kart sisteminə keçid edildi, səkilərdə panduslar, təhlükəısizlik tumbaları quraşdırıldı. Avtobulsarda kart sistemi tətbiq olunsa da orada da boşluq var ki, daşıyıcı şirkət 5 faiz alır. Bu da daşıyıcı şirkətlər üçün əlverişli deyil. Ümumi götürdükdə BNA-nın gördükləri bütün işlərdə problem var.

E. Muradlı bildirir ki, BNA parklanma ilə bağlı fantastik qiymətlər təklif edir:
“Nazirlər Kabineti şəhər kənarında 20 qəpik, şəhər daxilində 50 qəpik olmasını, BNA isə daha yüksək məbləğ tətbiq olunmasını təklif edir. Bu qurum əhalinin hazırki vəziyyətini başa düşmək istəmir. Hesab edirlər ki, avtomobil idarə edənlər hamısı pulludur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh