Ekspert Çindən Avropaya dəmiryolu daşımalarından daha çox pay almağın yollarını açıqladı
Koronavirus pandemiyası zamanı Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, “China Railway Corporation”ın məlumatlarına əsasən, yanvarın 1-dən mayın 22-dək Çindən Avropaya 3 626 konteyner qatarı yolla salınıb, daşınan yüklərin həcmi isə 326 min TEU olub. Bu, ötən ilə nisbətən müvafiq olaraq 26% və 30% çoxdur. Təkcə mayda 1 033 yük qatarı ilə rekord həcmdə (93 min TEU) daşınmalar həyata keçirilib.
Ümumiyyətlə, Azərbaycan Çin-Avropa marşrutu üzrə konteyner yükdaşımalarından daha böyük pay almaq üçün hansı addımları atmalıdır?
Avtosfer.az xəbər verir ki, Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bununla bağlı bildirib ki, iştirakçısı olduğumuz Şərq-Qərb dəhlizi Çindən Avropaya dəmir yolu ilə yükdaşımalarda mövcud alternativlərdən biridir:
“Koronavirus pandemiyasının hava, dəniz və quru nəqliyyatı üçün əhəmiyyətli maneələr yaratdığı bir vaxtda Çindən Avropaya istiqamətlənən yük qatarları fasiləsiz ticarət axınlarının təmin olunmasının vacib logistik vasitəsi oldu. Yük qatarları Avropa ölkələrinə pandemiya ilə mübarizə üçün kömək göstərilməsində aparıcı rol oynadı. Dünyanın ən böyük ixracatçısı olan Çində iqtisadi aktivlik artdıqca Avropa istiqamətində yükdaşımaların sayında və həcmində əhəmiyyətli artımın şahidi olacağıq. Bu prosesdən bizim çıxarımız həmin yüklərin hansı hissəsinin Azərbaycan üzərindən daşınması olacaq".
Ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan üzərindən Çindən Avropaya konteyner qatarları Şərq-Qərb nəqliyyat dəhlizi (Orta Dəhliz) ilə daşınır: “Həmin dəhliz Çindən Avropaya dəmir yolu ilə yükdaşımalarda mövcud alternativlərdən biridir. Belə ki, Çin-Avropa marşrutu üzrə yüklərin əhəmiyyətli hissəsi Rusiya ərazisindən daşınır. Bəli, yüklərin diversifikasiyası baxımından Şərq-Qərb dəhlizi hər zaman aktuallığını qoruyacaq. Lakin dəhlizin rentabelliyini artırmaq, bu dəhlizə daha böyük həcmdə yüklərin cəlb olunmasını tələb edir. Bu isə dəhliz iştirakçıları tərəfindən bir sıra addımların atılmasını gündəmə gətirir. Qazaxıstan artıq dəhlizi min kilometr qısaldan yeni dəmir yolu xətti çəkib. Gürcüstanda Surami aşırımında tunel estakada kompleksinin tikintisi gedir. Bunlar birbaşa olaraq dəhliz üzrə hərəkətin intensivliyini artıracaq amillərdir”.
R.Ağamirzəyevin fikrincə, Azərbaycanın bu istiqamətdə atmalı olduğu bəzi addımlar var: “Belə ki, dəhlizə yeni yüklər cəlb edildikcə onun ötürücülük qabiliyyətinin artırılması zərurəti yaranacaq. Buna daha sürətli yükdaşıma ilə nail olmaq mümkündür. Dəhliz boyu intensivliyin artması isə yüksək təhlükəsizlik tədbirlərinin görülməsini labüd edir. Bura hasarlama işləri, müxtəlif səviyyəli yol ötürücülərinin tikintisi, siqnalizasiya və işarəvermə sistemlərinin müasir tələblər səviyyəsinə gətirilməsi daxildir".
Onun sözlərinə görə, bu işlər reallaşandan sonra əhəmiyyətli həcmdə yüklərin Orta Dəhlizə yönələciyini düşünmək düzgün olmazdı:
"Çünki həmin üstünlüklərin potensial müştərilərə çatdırılması istiqamətində ciddi piar işləri aparılmalıdır. Bura nəqliyyat və logistika sərgilərindən tutmuş, müxtəlif beynəlxalq konfranslarda iştiraka kimi bir sıra tədbirlər daxildir. Yuxarıda qeyd edilənlərin mərhələli şəkildə həyata keçirilməsi Çindən Avropaya gedən konteyner yükdaşımalarında əhəmiyyətli paya sahib olmağımıza imkan verəcək. Yükdaşımaların həcminin artması isə öz növbəsində tarif siyasətinin müəyyən olunması zamanı dəhliz iştirakcılarının manevr imkanlarını artırmaqla, tariflərin daha rəqabətqabiliyyətli olmasını təmin edəcək”.
Xatırladaq ki, Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət - birincisi, Gürcüstanın Poti və Batumi limanları, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu üzrə nəql edilir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Konsorsiumun üzvləri: Çin üzrə Çin Dəmir Yolları, Qazaxıstan üzrə KTZ Ekspress, Xəzər dənizi üzrə Xəzər Dənizi Gəmiçiliyi, Azərbaycan üzrə ADY Express, Gürcüstan üzrə Trans Qafqasus Terminals Şirkətləridir. Bu dəhliz üzrə hərəkət edən “Nomad Ekspress” blok qatarı yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdırır.