Ekspert: "Sürücü keçid olmayan yerdə piyadanı vurmamaq üçün avtomobili necə, hara qaçırsın?"
“Təəssüf doğuran hallardan biri odur ki, yol nəqliyyat hadisəsi piyadanın günahı ucbatından baş versə belə, yenə də sürücünün məsuliyyətə cəlb olunduğunu görürük. Hadisə araşdırılmaq üçün avtotexniki ekspertizaya göndərilir. Oradan da rəy verilir ki, sürücü bu hadisənin qarşısını ala bilərdi. Amma piyada keçidinin də olduğu 90 km/saat sürət olan yolda piyadanın oradan niyə keçdiyi ilə bağlı hər hansı rəy verilmir. Piyada bu yola niyə çıxır?... İnsanlarımızın keçid olmayan yollardan istifadə etməməsi üçün hər yerə hasar çəkəsi, setka ilə, dəmir torlarla çəpərləyəsi deyilik ki! Onlara təbliğat xarakterli təsirlər göstərmək lazımdır ki, keçid üçün nəzərdə tutulmayan yollara çıxmasınlar.”
Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
E.Muradlı qeyd edib ki, Bakıda piyada vurma halları 50 faizi ötüb: “Paytaxtda baş verən ümumi yol nəqliyyat hadisələrinin 50 faizindən çoxu piyadavurmaların payına düşür. Respublika üzrə isə piyada vurma halları ilə bağlı qəzaların göstəricisi 50 faizə yaxındır. Bu, böyük göstəricidir. Bu qədər piyadavurma hadisəsi olmasa və bu qədər insan yolda piyada qismində ölməsə, Azərbaycan yol nəqliyyat hadisələrinin statistikasına görə dünyanın inkişaf etmiş ölkələri ilə təxminən eyni səviyyədə qərarlaşa bilər. Bir ildə 700 nəfər yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişirsə, bunun 300-ə yaxını piyadaların payına düşür. Bu isə təəssüf doğuran bir haldır. İnsanlar bu göstəricilərdən nəticə çıxarmalıdırlar. Qanunvericiliyə görə aşağı sürətli olan yollarda keçiddən istifadə etməyən piyadalar 20 manat, 80km/saat sürətdən yuxarı olan yollarda isə 40 manat məbləğində cərimələnirlər. Lakin görünən odur ki, bu məbləğ də onlara təsir göstərmir. Bu il ərzində respublika üzrə 15 minə yaxın piyadaya cərimə yazılıb. Bu kiçik rəqəm deyil. Bəzən görürsən ki, piyada keçidinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verir və piyada dünyasını dəyişir. Yəni insanlar 100-200 metrlik məsafədə olan keçidə getmirlər, tənbəllik edirlər. Yolu keçdikləri halda belə, necə gəldi qaçaraq keçirlər. Sanki 90-100 km/saat sürətlə hərəkət edən avtomobil qəfil əyləcə basıb saxlamaq funksiyasına sahibdir. Belə bir texnologiya hələki yoxdur. Avtomobil sürətinin yarısı qədər olan məsafədə qəfil əyləcə basma zamanı hərəkət edir. Yəni 90 km/saatla hərəkət edən avtomobilin əyləc sistemi 40-45 metr sonra tam olaraq tutur. Bu halda isə sürücü nə edə bilər? Maşını necə, hara qaçırsın? 20 Yanvar dairəsində dəmir məhəccərlər qoyublar ki, insanlar o ərazilərdən yolu keçməsinlər. Ancaq yenə də görürsən ki, yaşlı-başlı adamlar gəlir o məhəccərlərin üstündən tullanıb yolu keçirlər.”