Reklam

Ekspert tıxac problemini kəskinləşdirən qərardan danışdı - Çətin olacaq

Yazarlar 27 Sentyabr 2018 12:57 Oxunub 1936
Ekspert tıxac problemini kəskinləşdirən qərardan danışdı - Çətin olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Bu işi BNA təşkil etməlidir, onlar isə hazır deyil”

Bakının tıxac problemi görülən tədbirlərə baxmayaraq məsələ çözülmür. Ötən illər ərzində yol infrastrukturu yenilənib, dar, ensiz küçələr genişləndirilib. Nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərdə hərəkətinə imkan verən körpülər də inşa olunub. Ancaq tıxac problemi sanki Bakının “alnına yazılıb”. Maraqlı fakt ondan ibarətdir ki, tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır.  Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda çox az irəliləyiş müşahidə olunur. Alternativ yollar da şəhər sakinlərinin karına gəlmir. Hazırda hər gün Bakının mərkəzi küçələrində, girişində və “20 Yanvar” metrosu istiqamətində nəqliyyatın hərəkəti demək olar ki, iflic vəziyyətdə olur.

Bu qədər yol çəkilişi, yolların genişləndirilməsi həyata keçirildiyi halda niyə tıxac problemi yaşanır? Ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyir ki, 2018-ci il iyulun 15-də yol polisinin dayanma-durma, parklama qaydalarının təşkili, bu sahəyə nəzarət səlahiyyətləri alınıb Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Bu qərar Bakıda yaşanan tıxac probleminin kəskin şəkil almasına gətirib çıxarıb:

Elməddin Muradlı ile ilgili görsel sonucu

“Həmin gündən sonra ortada boşluq yaranıb. Həmin qərar verilərkən boşluğun yaranacağı nəzərə alınmayıb. Bu gün paytaxtda, xüsusən mərkəzi küçələrdə müşahidə edilən tıxacların yaranması da məhz həmin qərara bağlıdır. Hər halda, səlahiyyətlər BNA-ya keçənə qədər dayanma-durma, parklama qaydalarını əhatə edən səlahiyyətlər Dövlət Yol Polisində (DYP) saxlanılmalı idi. Qanunla, məntiqlə bu il iyulun 15-dən DYP-nin səlahiyyətləri bitib. Bu işi BNA təşkil etməlidir. Agentlik isə buna hazır deyil. BNA-nın infrastrukturu hazırda qurulmaqdadır. Kameralar quraşdırılır. BNA  çalışır ki, ümumiyyətlə, sürücü ilə hər hansı bir təmas olmasın, məsələ elektron qaydada həll edilsin. Yəni sürücü maşını qanunla qadağan olunmuş ərazidə saxlayıbsa, kameralar qeydə alacaq və sürücüyə cərimə tətbiq olunacaq. Parklama qaydası pozularsa da, eyni mexanizm işə düşəcək, sürücünün mobil telefonuna, ünvanına cərimələnməsi haqda məlumat gələcək. Əslində bu çox yaxşı sistemdir, lakin işlək duruma gətirilməlidir. Hazırda şəhərin küçələrində kim harada, necə istəsə maşını saxlayır. DYP əməkdaşı sürücüyə nəqliyyat vasitəsini qadağan olunmuş ərazidə saxladığını bildirir və maşını ərazidən götürməsini istəyir. Sürücülər də bilirlər ki, DYP əməkdaşlarının artıq dayanma-durma, parklama ilə bağlı hər hansı cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Odur ki, şəhərdə tıxac problemi daha kəskin şəkildə özünü büruzə verir”.

Elməddin Muradlı deyir ki, şəhərdə BNA kameralarının quraşdırılması dövlət büdcəsinə milyonlarla manata başa gələcək: “Şəhərin elə küçələri, dalanları var ki, orada kamera quraşdırılması mümkün deyil. Yaşıllıqlar, ağaclar görüntünü məhdudlaşdırır. Ona görə də BNA-nın tam olaraq, mükəmməl şəkildə bu işi qura biləcəyinə inamım azdır”.

Ekspert DYP-nin səlahiyyətlərinin alınıb BNA-ya verilməsinin səbəblərinə də toxunub: “DYP əməkdaşları 30 saniyə ərzində vətəndaşın maşınını götürüb cərimə meydançasına aparırdı. Bu da  problem yaradırdı. Ardından başladılar planşetlə harada gəldi maşınların şəklini çəkib cərimə tətbiq etməyə. Vətəndaş maşından düşüb aptekə girib dərman alır, çıxır artıq cərimə yazılıb. Amma yaxınlıqdakı telefon mağazasının, böyük supermarketin qarşısında dayanan, real olaraq yolu kəsən maşınlara toxunmurdular. Bu da digər problem idi.  Belə narazılıqlar yaradıb vəziyyəti qəlizləşdirdilər və səlahiyyətləri əllərindən alınıb BNA-ya verildi. BNA həmin infrastrukturu nə vaxt quracaq, proses nə vaxt başa çatacaq bilinmir”.

Elməddin Muradlının sözlərinə görə, səlahiyyətlər  DYP-də olduğu müddətdə Bakı şəhərində xidmət aparan 300-350 nəfər əməkdaş həm də tıxac problemi ilə məşğul olub: “Təsəvvür edin ki, 350 nəfər əməkdaş hər gün dayanma-durma, parklama qaydaları ilə bağlı tənzimləmə aparırdılar. İndi isə həmin əməkdaşların belə səlahiyyəti yoxdur. Digər tərəfdən də həmin 350 nəfər də bu işin öhdəsindən ortabab səviyyədə gəlirdi. Bundan sonra eyni işi kostyumda gəzən BNA əməkdaşları gerçəkləşdirəcək. Bu işin necə baş tutacağı mənə qaranlıqdır. Sürücülərimiz qayda pozmağa meyllidirlər, kobud, aqressiv reaksiyaları da var. Düşünürəm ki, BNA əməkdaşları sürücülərlə çox böyük problemlər yaşayacaqlar. Ziya Məmmədovun dövründə Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücülərin əlbəyaxa davaları, yollarda yaşanan xoşagəlməz hadisələrin yenidən təkrar olunması ehtimalı da böyükdür. Geriyə, həmin günlərə qayıtmağın tərəfdarı deyiləm. Sürücülər var ki, nəqliyyat vasitəsini az qala yolun ortasında, 3-cü cərgədə saxlayırlar. DYP əməkdaşı yaxınlaşır, maşını yoldan götürməsini tələb edir. Sürücü də bilir ki, DYP-nin artıq səlahiyyəti əlindən alınıb və maşını çəkmir. Sürücülərdə arxayınlıq yaranıb ki, DYP cərimə yazmır və necə gəldi maşını saxlayırlar. Düşünürəm ki, səlahiyyətlər BNA-ya tam keçənə qədər, mexanizm işə düşənə qədər DYP bu işi yerinə yetirməlidir ki, şəhərdə yaşanan kəskin tıxac problemi aradan qaldırılsın”.

 

musavat.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh