Ən çox qəza bu yollarda baş verir - Ekspert səbəbləri açıqladı
Ötən ilin statistikasına əsasən, Bakı şəhəri üzrə 619 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 212 nəfər həyatını itirib, 529 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ümumilikdə qəzaların ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Nobel, Moskva prospektlərində, habelə Buzovna, Maştağa yolu, eləcə də, Kənar Dairəvi Yolda və ölkə əhəmiyyətli magistrallarda baş verdiyini bildirib.
Yol qəzalarının sayı, insan tələfatı halları ötən illərlə müqayisədə azalsa da, hadisələrin eyni ərazilərdə baş verməsi narahatlıq doğurur. Bu səbəbdən aidiyyəti qurumlar həmin küçə və prospektləri müəyyən edəcək, yollarda qəzaların aradan qaldırılması üçün interaktiv xəritə hazırlanacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev respublika ərazisindəki yolların müasir nəqliyyat planlaşdırmasına uyğun gəlmədiyini deyib: “Küçələr, prospektlər lahiyələndirilməsinə görə müasir şəhərlərə uyğun deyil. İnkişaf etmiş ölkələrdə iki növ yollar var: yerli yol şəbəkəsi (küçə və prospektlər) və magistral yollar. Bunlar bir-birindən prinsipial olaraq fərqlənir və bir-biri ilə ayrı giriş və çıxışlarla birləşdirilir. Avropa İttifaqında yerli yollar üçün qəbul edilən sürət məhdudiyyəti 50 km/s-lə tənzimlənir. Yaşayış zonalarında olan yüksək sürət, yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş ölümlərin statistikasını artırır. 50 km/s-dən sonra hər əlavə 5 km/s ölmək ehtimalını iki dəfə artırır. İnkişaf etmiş dövlətlərdə sırf yaşayış zonası olan küçələrdə hərəkət sürətini 30 km/s qədər azaldırlar. Mərkəzi küçələrdə isə məhdudiyyət 50 km/s olur.
Küçə və prospektlərin ictimai məkan funksiyalarına daha çox diqqət ayrılmalıdır. Avtomobil yolları isə sırf intensiv nəqliyyat axını üçün nəzərdə tutularaq lahiyələndirilir. Bizdə bu məsələdə hələ də Sovet vaxtından qalan yanaşma qalmaqdadır ki, bu, bütün dünyada yanlış hesab olunur. Bizdə yollar nə yerli yol şəbəkəsinə uyğundur, nə də magistral yollara. Təxminən bu ikisinin qarışığı bir sistem tətbiq edilib ki, bu da nəqliyyat sistemində yaşanan bir çox problemlərin, eləcə də, qəzaların təməl səbəblərindədir.
Məsələn, Nobel prospekti nə küçə-prospekt layihəsindədir, nə də avtomobil yoludur. Bu, müasir şəhər konseptinə uyğun deyil. Nəticədə, bütün bu xoşagəlməz hallar həmin sadalanan prospektlərdə güclü tıxacların yaranmasına gətirib çıxarır. Nəqliyyatın pik saatlarında belə prospektlərdə tıxac olur, gecə saatlarında isə həddən artıq yüksək sürət, yollarda işıqlandırmanın zəif olması, piyadaların hərəkəti üçün uğurlu olmayan layihələndirmə müxtəlif yol qəzalarının baş verməsinə zəmin yaradır. Problemin kökündən həll edilməsi üçün küçə-prospektlər yenidən layihələndirilməlidir”.
Bütün dünya ölkələrində qəzaların ilkin səbəbinin yüksək sürət olduğunu deyən ekspert bildirib ki, buna baxmayaraq, düzgün yol infrastrukturu qəzaların qarşısını almağı bacarmalıdır: “Müasir şəhərlərdə sürət həddini tənzimləyəcək metodlar başqadır, bizdə isə başqa. Bizdə yollarda işıqforların sayını azaltmaqla tıxac problemini həll etməyə çalışırlar. Bu isə tam əks nəticə verir. Küçələrdə müxtəlif yol qovşaqları olmamalıdır. Yol kəsişmələrində işıqforlar qoyulmalıdır. Şəhər küçələrindəki infrastruktur çox yanlışdır. Dünya ölkələrində hərəkət zolağının enliliyi 3-3,25 m qəbul edilib, bizdə isə 3,75 m təyin edilib. Bu isə yüksək sürəti stimullaşdırır. Əslində, bu avtomagistrallar üçün seçilən layihədir, şəhər küçələri üçün yox. Yaxşı olardı ki, şəhərin küçə-prospektlərində qəza hallarının qarşısını almaq üçün süni yol daralmalarından istifadə etsinlər. Çünki bir yolun maksimum sürət həddi 80km/saat təyin edilsə belə, bu, o demək deyil ki, nəqliyyat vasitələri bu sürətlə hərəkət etməlidirlər. Ümumilikdə, paytaxt küçələrində yenidənqurma işləri aparılan zaman sol döngələrin yol ayrıcları və ya qovşaqlarla əvəz olunması avtomagistral yol xüsusiyyətlərinə aiddir və nəqliyyatın hərəkətində qəza halları yarada bilir”.
Ekspert onu da qeyd edib ki, hava limanına gedən yolun daha çox avtomagistral xüsusiyyətləri olsa da, yaxınlıqda yaşayış olan ərazilərdə piyada keçidlərinin qoyulması zəruri olduğu halda, yoxdur: “Buzovna yolunda, səhv etmirəmsə, 4-5 avtobus dayanacağı olsa da, piyada keçidləri yoxdur. Bu, təbii ki, qəza risklərini artırır”.