Reklam

Ərəbə "ata bilməyən" taksi sürücüsü - Bakıda MARAQLI OLAY

Yazarlar 28 Avqust 2023 08:30 Oxunub 784
Ərəbə "ata bilməyən" taksi sürücüsü - Bakıda MARAQLI OLAY
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bazar günü xidmətindən istifadə etdiyim fərdi qaydada fəaliyyət göstərən taksi sürücüsünə verdiyim sual onun ürəyini boşaltması üçün “əsas” oldu. O, iyun və iyulda yaxşı iş olduğunu desə də, bu ay kasadlıqdan şikayət etdi.

Məlum oldu ki, taksiçi daimi fəaliyyət göstərmir. Onun ərəb müştərisi var və 3 ay onunla işləyib. İndi isə ərəb müvəqqəti olaraq vətənə qayıdıb. Bu öz yerində. Həmsöhbətim ərəblərin maraqlı bir xüsusiyyətini də dedi.

Sən demə əvvəlki illərdə gələn ərəblərə “qiymət oxumaq” mümkün imiş. İndi isə ərəblər “bicləşib, onlara atmaq mümkün deyil” (burda həmsöhbətim daha kəskin söz işlətsə də, etika xatirinə “atmaq” yazdım – müəl.).

Bəli, bu tip söhbətləri çoxları eşidib. Problem dünyanın əksər ölkələrində, xüsusən də Şərqdə mövcuddur. Taksi sürücülərinin nabələd sərnişinləri “xamlaması” elə taksi xidməti ilə bərabər doğulub desək, yanılmarıq. Amma.
Taksi fırıldağı ilk baxışda xırda iş kimi görünsə də, ölkəni nüfuzdan salan, turizmə zərbə vuran amildir və qarşısının alınması mümkündür. Təxminən 15 il əvvəl Avropa turizm şirkətlərinin birinin saytında belə bir tövsiyə ilə rastlaşmışdım: “Bakıda sürprizlə qarşılaşmamaq üçün taksi sürücüsü ilə qiyməti dəqiqləşdirin”. 

Doğrudur, indi aqreqator şirkətlər yerli və əcnəbi arasında fərq qoymur (qoya bilmir). Lakin fərdi taksiçilərdə hələ də “atmaq” meyli qalmaqdadır. Bununla isə, mübarizə aparmaq zəruridir.

Xarici təcrübəyə gəlincə, ötən həftə İstanbulda Türkiyə vətəndaşlarına imtina edərək, əcnəbiyə xidmət göstərən bir neçə taksi sürücüsü 10 günlük xidmətdən uzaqlaşdırıldı.

Avropanın ən çox turist qəbul edən şəhəri Parisdə isə bu saxtakarlıqla orijinal mübarizə üsulu var: mülki geyimli polislər alman, ərəb və ya ispan turist qismində taksiyə minib tanınmış ünvana, məsələn Notr-Dam kilsəsinə, və ya Eyfel qülləsinə getməyi sifariş edirlər. Əgər sürücü sərnişinləri “səyahətə çıxarırsa” (yəni, uzaq yolla aparırsa, ya da qəsdən tıxaca salıb gözlədirsə), o zaman cəza mexanizmi işə düşür. Fransa hüququnda da ən geniş yayılmış cəza cərimədir. Bu cərimə ilk dəfə üçün 135 avrodan başlayır və artır. 

Lakin bir istisna da var: müştəri yolu seçməkdə sərbəstdir. O, taksi sürücüsünə həm ən qısa yolu, həm də digər yolu təklif edə bilər. Bu zaman yolun uzanması və vaxt itkisinə görə taksi sürücüsü məsuliyyət daşımır. 

Aqreqatorla işləyən taksiçilər edə bilməsə də, bizdə də təəssüf ki, rayon sakinlərinə və əcnəbilərə “qiymət oxuyan” taksilərin sayı N qədərdir. Bu hal həm də təkcə Bakı üçün xarakterik deyil. Doğrudur, bizdə problemin miqyası Tehran, İstanbul, Moskva və ya Paris qədər olmasa da, mövcuddur. Bunun da qarşısını almaq çox da çətin deyil.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh