Reklam

Əsgərlərimizi yol qəzalarından necə qoruyaq? - MN, DSX və DQ-nin DİQQƏTİNƏ

Yazarlar 4 Mart 2022 13:09 Oxunub 2406
Əsgərlərimizi yol qəzalarından necə qoruyaq? - MN, DSX və DQ-nin DİQQƏTİNƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin xidməti maşınlarını yollarda görəndə çox vaxt qorxu hissi keçirirəm. Çünki sürücülər maşını çox təhlükəli sürür. Əks istiqamətə çıxmaq, təhlükəli manevrlər və sair.

Əksər hallarda məlum məsələdir ki, hərbidə sürücü olmaq elə-belə iş deyil. Komandirə, ya da hansısa generala pul verməlisən və "qulluq" göstərməlisən ki, uşağı yanına sürücü götürsün. Sürücülərin də əksəriyyəti "papanın-mamanın" gül balaları olur ki, hərbidə kef eləsin. Bunlar şəhərlərdə, rayon mərkəzlərində baş verən hadisələrdir. Döyüş bölgələrində, dağlıq ərazilərdə xidmət isə şərəfdir, həyat tərzidir. Orada sürücülərin çoxu MAXE-lərdir. Görünür, onların da arasında diqqətsizlik edənlər var.

Dünən Şuşada əsgər Kazımov Vüsal yol qəzasında həlak oldu. Birinci və sonuncu qəza deyil. Allah hamısına rəhmət eləsin. Onlar xidmət vaxtı həlak olubsa, şəhiddir. Ancaq onları qoruya bilərdik axı. Bəs niyə qorumadıq? Kimdir günahkar?

Məlum məsələdir ki, Azərbaycan Ordusu Şuşada, Laçında, Kələbəcərdə 30 ilə yaxın müddətdə olmayıb, cəmi 2 ildir orada xidmət edirlər. İndi orada xidmət edən MAXE-lərin çoxunun heç 30 yaşı yoxdur. Yəni, yol şəraitini, iqlimi - hava şəraitini dəqiq hesablaya bilmirlər, amma bunları bilmək və əmək etmək vacib məsələdir. Bunu isə komandir heyəti, ordunun başında duranlar, nəqliyyat xidmətinə baxan generallar etməlidir. Onlar hərbi qulluqçuları sürücü kimi seçməli və yetişdirməlidir. Hər yerindən duran sürücü olmalı deyil. Amma bəzən rəhbərlərin çoxunun başı yanacağı satmağa, detalları mənimsəməyə, xarab olan maşınları əsgərlərə təmir etdirməyə, beləliklə də, ciblərini doldurmağa qarışır.

Hansı ki, hərbidə bir sürücü 20 insanın həyatına cavabdehdir. O da naşı sürücü olsa, o zaman qəza və ölüm qaçılmazdır.

Dünyanın bir çox ordularında, elə qardaş Türkiyə ordusunda yol qəzalarında əsgər ölümləri hər zaman narahatlıq yaradıb. Amma onlar bu hadisələrin qarşısını almaq üçün yollar axtarıblar. Məsələn, Türkiyədə jandarmanın qəzalarının sayı 70 faiz azalıb. Niyə? Çünki peşəkar təlimçiləri bu prosesə cəlb edib hadislərin mahiyyətini araşdırdılar. Sonra isə qabaqlayıcı tədbirlər gördülər.

Sürücü sürücü işini gördü, aşpaz aşpazlıq etdi. Yəni, sürücü elə hazırlandı ki, onun başqa işi olmadı, yalnız normal xidmət, normal istirahət tələb olundu ki, yola çıxanda özü ilə birlikdə başqa əsgərləri də təhlükəyə atmasın.

Odur ki, Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili Qoşunları bu məsələlərə diqqətlə yanaşmağa çağırıram. Pul hesabına kimisə sürücü götürüb insanları ölümə göndərməyin. Sürücü heyətini ayrıca seçin, yetişdirin, peşəkarlığın artırılması üçün təlimlərə cəlb edin. Nəzərə almaq lazımdır ki, adicə hava və yol şəraitini düzgün qiymətləndirməyən biri sürücü ola bilməz.

Laçında, Şuşada, Kəlbəcərdə və digər yerlərdə ən vacib element yol və hava şəraitini nəzərə almaqdır.

Əsgərin döyüş şəraitində şəhid olması faciə deyil, Vətən üçün savaşdı və şəhid oldu. Amma yol qəzasında əsgər ölümü bizi ciddi şəkildə narahat edir, üzür. Lazımdırsa biz də təlimlərə qoşulaq, nə qədər mütəxəsis varsa bu işə cəlb edək, yetər ki, əsgərimiz qəzada ölməsin.

Döyüş qəzası adamı yandırmır, amma yol qəzası ürəkləri parçalayır. Axı peşəkar sürücü istənilən qəza riskindən yayına bilər. Axı o cür ərazidə xidmət edənlərə ən müasir nəqliyyat vasitələri xidmət göstərməlidir. Əgər yenə də təzə texnikaları efirdə göstərib köhnələri əsgərlərin istifadəsinə verirsinizsə, bu, artıq xəyanətdir...

Orduda ən ciddi təhlükə komandirin yanaşmasıdır. Bəzən sürücüyə istirahət vermədən saatlarla yol sürdürürlər. Sürücü yata bilməz, "sürücü dincələ bilməz" kimi səhv yanaşmalar var orduda. Sanki sürücü daşdır, dəmirdir. Xeyr.

Komandir anlamalıdir ki, onun və onlarla əsgərin həyatı həmin sürücüdən asılıdır. Odur ki, sürücü ilə davranış qaydaları dəyişməlidir. Sürücü normal yatmalı, normal qidalanmalıdır. Yoxsa "əmr edirəm, sür" deyib sürücünü çarmıxa çəkmək faciəyə səbəb olacaq. Bu cür həssas məsələlərə diqqət edilməlidir...

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh