Etibarnamə ilə maşın sürənlərə dərs olsun - Özünü yandıran sürücü
Bank qarşısında özünü yandıran vətəndaşın faciəsi etibarnamə ilə avtomobil əldə edənlər üçün dərs olmalıdır. Avtosfer.az vasitəsilə dəfələrlə vurğulayaraq izah etmişik ki, etibarnamə avtomobilə mülkiyyət hüququ yaratmır, sadəcə ondan müvəqqəti istifadə, bəzən həm də ona sərəncam hüququ yaradır. Amma etibarnamə verən şəxs özü mülkiyyətçi olaraq qalır və onun məruz qaldığı müxtəlif hüquqi problemlər etibarnamə ilə avtomobil alan şəxs üçün ciddi fəsadlar yarada bilər.
Məlum olayda baş verdiyi kimi, etibarnaməni vermiş mülkiyyətçi istənilən vaxt ona xitam verə bilər. Bunun üçün hətta banka borclu olmaq kimi ciddi səbəbə də ehtiyac yoxdur. Sadəcə "kefim belə istəyir" də yetərlidir. Etibarnamə notarius tərəfindən ləğv edildikdən sonra bu barədə məlumat qanunvericiliyin tələbinə əsasən avtomatik olaraq Dövlət Yol Polisinə ötürülür. Bundan sonra həmin avtomobili istənilən yerdə saxlayan DYP inspektoru sistemə daxil olarkən görür ki, sürücünün ona təqdim etdiyi etibarnamə ləğv edilib və etibarsızdır. Belə olan halda isə həmin sürücünün bu avtomobilə mülkiyyət hüququ yoxdur və o, İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunaraq 40 manat cərimə olunmalıdır. Amma ən pisi bundan sonrasıdır. Çünki elə həmin Məcəllənin 406.1.1-ci və 407.1-ci maddələrinə əsasən bundan sonra həmin avtomobil DYP-nin mühafizə olunan duracağına (cərimə meydançasına) aparılmalıdır. Özü də cərimə meydançasından bu avtomobili yalnız onun mülkiyyətçisi və ya onun tam yeni etibarnamə verdiyi başqa şəxs götürə bilər.
Etibarnamə ilə avtomobil sürənlər başqa problemlər də yaşaya bilərlər. Amma təkcə elə bu hadisə etibarnamənin mahiyyətini anlamaq üçün yetərli olmalıdır. Bu ciddi təhlükə xüsusən girovda olan avtomobili etibarnamə ilə əldə edənləri gözləyir, çünki belə halda bəzən mülkiyyətçinin də iradəsindən kənar olaraq problemlər çıxa bilir.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi də bu məsələ ilə bağlı açıqlama verib. Bildirilir ki, noyabrın 23-də «Muğanbank»ın qarşısında özünü yandıran Malik Hüseynov idarə etdiyi avtomobili Süleyman Allahverdiyevin adına sənədləşdirib və ondan etibarnamə alıb. Banka pulu gecikdirdiyi üçün bank S.Allahverdiyevdən bir neçə dəfə ödəniş tələb edib. Vəziyyəti belə görən Allahverdiyev Hüseynova verdiyi etibarnaməni ləğv etdirib. Bundan sonra yol polisi M.Hüseynovun idarə etdiyi avtomobili saxlayaraq cərimə meydançasına qoyub.
Ərşad Hüseynov,
hüquqşünas