Banner

Ətraf mühitin qorunması: neqativ hallarla mübarizə

Yazarlar 28 İyul 2023 21:02 Oxunub 970
Ətraf mühitin qorunması: neqativ hallarla mübarizə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaşadığımız dünyada ətraf mühitin mühafizəsi və bu istiqamətdə tədbirlərin təşkili uzun illərdən bəri prioritetliyini qoruyub saxlayan qlobal mövzudur. Təsadüfi deyil ki, kiçik yaşlardan etibarən təbiətin qorunmasıyla bağlı fikirlər bizə aşılanır.

Öncə ailə, sonra üfüqümüzü genişləndirən təhsil müəsisələrindən öyrəndiyimiz və doğru olaraq beynimizə həkk olunan məlumatlar da buna xidmət edir. Bu mənada ətraf mühiti çirkləndirməmək üzərimizə düşən ilk  vəzifədir. Lakin təbiəti mühafizə etmək sadə olsa da, istisnalar mövcuddur. Hər gün qarşılaşdığımız mənzərə işin əyani sübutudur. Belə ki, yaşıllığın məhv edilməsi, məişət tullantılarının zibil qutularından kənara atılması, suyun çirkləndirilməsi təəssüf ki, cəmiyyətin əsasını təşkil edən insanların əməlləridir. 


Ətraf mühitin çirklənməsinə səbəb olan əsas amillərdən biri də iqtisadiyyat və ekoloji vəziyyət arasındakı uyğunsuzluqdur. Bir tərəfdən sürətlə inkişaf edən elmi texnoloji və sənaye yenilikləri ilə təbiətə hakim olub, iqtisadi baxımdan yaşayış səviyyəsini yüksəldərkən digər tərəfdən də təbiəti yox edirik. Ətraf mühit ilə iqtisadi irəliləmə arasında seçim etmə məcburiyyəti yaratmamaq isə işin çətin tərəfidir.

Çünki ətraf mühit problemlərinin varlığı iqtisadi artımı durdurmaq və ya zəiflətmək üçün əsas deyil. Təbii ki, bu yolda balansı yaratmaq məqsədilə insan köməyinə texnologiya gəlir. Bu baxımdan meydana gələn çirklənmələr uyğun texnologiya ilə nəzarət altına alına və ya dayandırıla bilər.


Gündən-günə inkişaf edən ölkəmizdə ətraf mühitin qorunması istiqamətində də müəyyən addımlar atılır. Xüsusilə son illərdə tullantı  konteynerlərinin zibil çeşidlərinə görə ayrılması, plastik və polietilen məhsullardan istifadənin azaldılması, təbiətin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkili, gənc nəslin nümayəndələri arasında bu sahəyə marağın artırılmasıyla bağlı layihələrin icrası gözlə görünən irəliləyişlərdəndir. Eyni zamanda təbiətin çirklənməsinə görə məhsuliyyət daşıyan qurumlardan fərdi insanlara qədər cərimələrin tətbiqi də ətrafın mühafizəsində effektiv üsuldur. 

Hər il Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində ətraf mühitin təmizlənməsi, həmçinin təbiətə nəzarəti gözardı edən, yaxud üzərinə düşən vəzifəni vaxtında icra etməyən hakimiyyət nümayəndələrinin və zərər verən şəxslərin cərimələnməsi danılmazdır. 
Özəlliklə yayın gəlişiylə əlaqədar DİN əməkdaşları bu sahəyə nəzarəti daha da artırıb. Belə ki, ənənəyə sadiq qalan polislərimiz bu il bir çox qəsəbə və rayonlarda reyd keçirərək məhsuliyyət sahiblərini cərimələyib. 

Avtosfer.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov mövzuya münasibət bildirib. Təəssüf hissi ilə şəhər və rayonlarda problemin aktuallığını qoruyub saxladığını bildirən Amil bəy dövlət səviyyəsində tullantıların idarə edilməsiylə bağlı konkret tədbirlərin görülməsinin  və proqramların təşkilinin öncəliyini vurğulayıb. Əhalinin məskunlaşdığı ərazilərdə, yaxud yaşayış yerlərinin yaxınlığında xüsusi yerlərin ayrılmasının, konteynerlərin təmin olunmasının vacibliyini göstərən ekspert işin təxirəsalınmaz şəkildə getməsini qeyd edib.

Onun sözlərinə görə, ətraf mühitin təhlükəsizliyi ilə əlaqədar paytaxtın mərkəzi küçələrində belə tədbirlər görülsə də yarımçıq əhəmiyyət daşıyır. Ölkənin sürətli inkişafı nəticəsində yeni ərazilərin insanlar tərəfindən mənimsənilməsi ətraf mühitin mühafizəsi məqsədilə həyata keçirilən tədbirləri istər-istəməz yavaşladır. Belə ki, yeni yaşayış məskənlərinin tullantı konteynerləriylə təmin olması vaxt apardığı üçün insanlar boş sahələri zibilləmək məcburiyyətində qalırlar. O, həmçinin konteyner quraşdırılan ərazilərdə tullantıların daşınma qrafiki mövzusuna toxunub. Zibillərin günlərlə qalaqlanaraq antisanitariya şəraitini yaratdığını deyən Amil bəy dövlətin mərkəzləşmiş icra qurumlarının olmasının vacibliyini bildirib. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətini nümunə göstərən ekspert, məişət tullantılarının daşınmasının qurumun tam şəkildə səlahiyyətində olmadığını qeyd edib. Bu baxımdan yerli icra orqanlarına işin əsas qisminin düşdüyünü söyləyən Amil Məmmədov onların daşımayla bağlı müəyyən qüsurlarının var olduğunu bildirib. Nəticədə prosesin tam həyata keçirilməməsi qeyri-qanuni tullantı poliqonunun yaratmasına səbəb olur. 2018-2022-ci illərdə məişət tullantılarının idarə edilməsiylə bağlı milli strategiyanın qəbul edildiyini bildirən Amil bəy proqramın müddətinin bitməsiylə əlaqədar yeni layihənin hazırlanmasıyla bağlı bizi məlumatlandırıb.

Onun sözlərinə əsasən, 2027-2028-ci illəri də əhatə edəcək yeni strategiya işıqlandırılmayan və yarımçıq qalan məsələləri özündə ehtiva edəcək.
Həmçinin Amil bəy üzv olduğu qeyri-hökümət təşkilatında bu sahədə müxtəlif məsələlərlə bağlı müzakirələr apardıqlarını və kiçik layihələr həyata keçirdiklərini vurğulayıb. Nümunə olaraq o, şuranın üzvlərindən birinin layihəsi üzrə Bakı şəhərinin iki rayonu üzrə lazımi monitorinqləri apardıqlarını və yerli icra orqanlarına təklif irəli sürdüklərini bildirib. Problemin həlli məqsədiylə hökümət və vətəndaş cəmiyyətinin üzərinə əsas işin düşdüyünü qeyd edən ekspert lokal şəkildə görülən işin effekt göstərmədiyini söyləyib. Effektiv üsul kimi isə o, yerli icra orqanları səviyyəsində mövzuyla bağlı layihələrin hazırlanmasını və hökümətin ona uyğun qərar verərək prosesin icrası üçün dövlət tərəfindən maliyyə ayrılmasını, yaxud özəl sektorların işə cəlb olunmasını bildirib.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh