Banner

Evakuasiyadan yığılan pullar hara gedir?

Yazarlar 8 Sentyabr 2014 02:24 Oxunub 2349
Evakuasiyadan yığılan pullar hara gedir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ƏRŞAD HÜSEYNOV: "AVTOMOBİL YOLLARI " MƏQSƏDLİ FONDUN ÖTƏN İL BÜDCƏSİ 194 MİLYON MANAT OLUB”

Paytaxtda yol hərəkəti ilə bağlı tez-tez müşahidə etdiyimiz hadisələrdən biri də avtomobillərin evakuasiya olunması ilə bağlıdır. Bu, iki halda baş verir. Ola bilər, minik avtomobilində texniki nasazlıq yaranır, yolda hərəkəti davam etdirməsi mümkün olmur. Bu zaman evakuator şirkətlərinini xidmətindən istifadə olunur. Qət olunacaq məsafədən aslı olaraq, ödəniş edilir. Bu, normal haldır. Lakin bu gün əsas müzakirə mövzusu paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün “Yol hərəkəti haqqında” qanunla qadağan olunan yerlərdə saxlayan avtomobillərin evakuasiyası ilə bağlıdır. Burada sürücülər qayda pozuntusuna görə cərimə olunmaqla yanaşı, onlardan evakuasiya xidmət haqqı olaraq ən azı 20 manat alınır. Hər gün orta hesabla 100 avtomobildən tutulan evakuasiya xidməti haqqı toplam 2 min manat edir. Bu göstəricini aya və ilə vurduqda olduqca böyük məbləğ yaranır. Maraqlıdır, bu xidmət haqqı dövlət tərəfindən tənzimlənirmi? Ümumiyyətlə, harada toplanır və bu pullar hansı məqsədlərə xərclənir?

Bu suallarımıza cavab verən ekspert Ərşad Hüseynov bildirdi ki, ilk növbədə  dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində - ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir: “Əgər nəqliyyat vasitəsi nəqliyyatın və piyadaların hərəkətinə mane olan yerlərdə saxlanılırsa, evakuasiya xidmətinin nəzdində olan texnika ilə evakuasiya olunur. Bütün bunlar həm nəqliyyatın fasiləsiz hərəkətini, həm də vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi daşımalıdır”.

Müsahibimiz dedi ki, dayanma-durma qaydalarını pozmanın da qanunda şərtləri var: “Düzdür, bununla əlaqədar bizim qanunvericilikdə çoxlu problemlər var. Hələlik belədir ki, dayanma-durma qaydalarını pozub, sürücüsü yanında yoxdursa, avtomobil oradan evakuasiya edilə bilər. Belə avtomobillər evakuasiya olunarkən 20 manat rüsum müəyyənləşdirilib, bunu dövlət tənzimləyir. Evakuasiya üçün rüsumu da Tarif Şurası müəyyənləşdirib. Qərarda belə müəyyənləşdirilib ki, Bakı şəhərində, ümumiyyətlə harda olmasından aslı olmayaraq evakuasiya 20 manatdır. Əgər avtobus dayanacağında dayanaraq, qayda pozubsa, cərimə 40 manatdır. Dayanacaqlar da sarı qırıq-qırıq xətt nişanlanması ilə müəyyən olunur, o yoxdursa dirək üzərində avtobus şıkli olan 5.12 nişanı var. Öndən və arxadan 15 metr əhatə dairəsi olur. Duracaqda saxlanılan avtomobil üçün bir sutka üçün saxlama xərci isə 30 qəpikdir”.

Evakuasiyadan gələn pulların harada toplanmasına gəldikdə, Ə.Hüseynov qeyd etdi ki, burada maraqlı bir məqam var: “Dövlət büdcəsinin tərkibində "Avtomobil yolları " Məqsədli Büdcə Fondu mövcuddur. Bu fondun vəsaiti ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi üçün nəzərdə tutulub.

Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitləri bir sıra mənbəələr - yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi,    idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu və sair hesabına formalaşır. Bu fonda yol-hərəkət qayda pozuntularına görə sürücülərdən tutulan bütün cərimələr və evakuator xidmət haqları da daxil olur”.

Fondun vəsaitlərinin xərclənməsinə gəldikdə, ekspert vurğuladı ki, bu toplanan pullar Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması, istismarı, yolun texniki vasitələrlə təchizi üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Ə.Hüseynov məlumat üçün qeyd etdi ki, 2013-cü ildə həmin fondun büdcəsi 194 milyon manat olub: “Təbii ki, burada təkcə evakuasiya xidmətlərindən toplanan pul deyil, yuxarıda sadaladığım mənbələrdən daxil olan pulların toplamıdır”:  

Müsahibimiz vurğuladı ki, bundan fərqli olaraq avtomobil texniki nasazlığa görə, evakuasiya xidmətindən istifadə olunması artıq biznesdir: “Tutaq ki, mənim avtomobilim xarab olub, gedə bilmir, ona görə evakuator çağırıram. Bu artıq müqavilə ilə olan məsələdir, xidmət haqqın məbləği isə harada qalmağından, qət ediləcək məsafədən aslıdır. Burda heç bir dövlət rüsumunun təyin olunmasından, onun dövlət tənzimlənməsindən getmir. Çünki bu bir biznesdir. Dünyada normal avtoservislər mövcuddur. Şəbəkələşmiş şirkətlərin öz avakuator maşınları var. Normal xarici ölkələrdə isə avtoservislər öz nömrələrini yazırlar ki, texniki problem olanda zəng edin, gəlib yerində təmir etmək mümkündürsə edək, alınmırsa salona evakuasiya edəyin. Bizdə ayrıca evakuasiya şirkətləri var. Ora-bura telefon nömrələrin yazıb vururlar ki, probleminiz olanda zəng edin kömək edəyin”. Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh