Banner

Əvvəlcə maşın, sonra vəsiqə alırlar, axırda da kursa gəlirlər

Yazarlar 22 Dekabr 2014 23:58 Oxunub 3726
Əvvəlcə maşın, sonra vəsiqə alırlar, axırda da kursa gəlirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıdakı sürücülük kurslarının vəziyyəti ağlamalıdır

 

Müəllimlər tələbələrin tələskənliyindən, sonuncular da onların pul xətrinə uzunçuluğundan narazıdır

 

“Ay qız, başa düş, bunun adı “tormoz”du, obirininki sürət pedalı. Sən 5 dərsdir bunları qarışdırırsan. Gedib birinin maşınına vurassan. Nə sən altından çıxa biləcəksən, nə də mən... Anam, sənin “xvatkan” yoxdur, gəlmə. Ərinə de, o gəlsin, ona öyrədim. Səndə alınmayacaq. Özünü də, camaatı da bədbəxt eləmə...”

Bakının Ukrayna dairəsi deyilən ərazisində “yezda” dərsi verən müəllimlərdən birinin tələbəsi ilə söhbətinin düz üstünə çıxmışdım. Kişinin hirsdən az qala burnundan da tüstü çıxırdı, tələbə isə üzündə dünyanın ən pərt ifadəsi ilə gözlərini yerə dikmişdi. Az keçmədən qadın müəllimi ilə sağollaşdı və bizə də Bakıdakı sürücü kurslarından birinin timsalında ümumi mənzərəyə baxmaq, müəllimlərlə söhbətləşmək fürsəti yarandı. Son illər Bakıda xeyli populyar və gəlirli sahələrdən biri də sürücülük kurslarıdır. İnsanlar tıxacın, ictimai nəqliyyatın... əlindən özlərini yollara rəsmən “atırlar”. Bir-iki “yezda” dərsi, 800-900 manata sürücülük vəsiqəsi və yollarda yeni fəlakət. Kişilərə inansaq, bunun səbəbi səriştəsiz qadın sürücülər, qadınlara görə isə səbəbkar sayğısız, qaydalara uymayan, “avtoş”luq edən bəzi kişilərdir. Bütün hallarda isə problemin mənbəyini bu kurslarda axtarmaq lazımdır. Müəllimlər nə deyir? Kim sürücülüyü necə, neçəyə, nə qədər müddətə öyrənir?

Ailem.az mövzunun arxasınca düşüb, həm “qurban”lar – kursun məzunları, həm də müəllimlərlə danışdı. Ortaya ilginc detallar çıxdı. Başlayaq elə yazının girişindəki əsəbi müəllimdən. Adı Vaqifdir, köhnə bir “Mercedes” markalı maşını ilə kurs keçir. Sovet dövründə Trolleybus Parkında işləyib. Təxminən 95-ci ildən isə bu işlə məşğuldur. Əvvəllər “Gənclik” metrosu yaxınlığında, Tofiq Bəhramov adına stadionun qarşısında dayanırmış. Amma sonradan rəqabət güclənib, şəhərin nisbətən kənar yerinə yönəlib. Dediyinə görə, son illər sürücülük dərsinə gələnlərin 75 faizini qadınlar təşkil edir: “İndi kişilər təzə üsul tapıb. Fikirləşirlər ki, uşaqları dərsə, məşğələyə, kursa aparmaq üçün ayrıca taksi tutub, ayda 200 manat verməkdənsə, elə arvada maşın alsalar yaxşıdır. Birinci maşını alırlar, sonra “prava”nı. Ən axırda da kursa gətirirlər. Deyirlər, iki-üç dərsə buna maşın sürməyi öyrət. Belə olmaz axı...”

Vaqif müəllim hesab edir ki, qadınlar çox məsuliyyətli və diqqətli olsalar da, maşını hiss edə bilmirlər: “Ya çox qorxurlar, ya da heç qorxmurlar. Orta hədd olmadığı üçün dərslər əziyyətli keçir. Amma eləsi də var ki, 4 dərsə hər şeyi qavrayır. Əsas məsələ düz yolda sürmək deyil. Mən onları şəhərin tıxacına salıram ki, qoy bərkə-boşa düşsünlər.  Adama deyirəm ki, hələ tam öyrənməmisən, yola çıxma. Başa düşmək istəmir. Deyir ki, siz dərsləri uzatmaq üçün elə deyirsiniz. Daha anlamır ki, bir var burda mənim bir əlavə dərsimə 20 manat verəsən. Bir də var, maşın sürə bilmədiyin halda, gedib yolda qəza edəsən, neçə yüz, neçə min manat xərcə düşəsən. Hansı yaxşıdır?”.

Bu yerdə söhbətə başqa bir həmkarı da qarışır. Taleh Mehdiyev adlı digər müəllim deyir ki, indi kursa gələn tələbələrin əsasən qadınlardan ibarət olmasının bir səbəbi var: hamı bir-birinə baxıb həvəslənir: “Qadınlar paxıl olur. Görür ki, bir başqası sürür. Dərhal düşünür ki, o, niyə sürsün, mən yox? Ümumiyyətlə, hamı o düşüncə ilə maşın sürməyə həvəslənir ki, bütün şəhərdəkilər necə sürür? Mən də sürməliyəm”. 

Müsahibimiz hesab edir ki, qadın sürücülər kişilərdən daha diqqətlidir. Bununla belə, bəzən hədsiz həssaslıqları nəqliyyatda problemli vəziyyət yaradır: “Qadın sürücülər etika xətrinə çox sürücüyə yol verir. Bundan başqa, insanların bir-birinin bəhsinə maşın sürməsi doğru deyil. Nəzərə almırlar ki, sürücü olmaq da bəzi xüsusiyyətlər kimi fərdidir. Yəni bu vərdişi hamı eyni cür mənimsəmir. Birinin götürmə, qavrama qabiliyyəti yüksəkdir, o birininki zəif. Adam var, 3 dərsə əla maşın sürməyi öyrənir, adam da var, 2 aya öyrənə bilmir. Amma Sovetin vaxtında belə bir qayda var idi ki, sürücülüyü öyrənmək üçün 24 saat maşın sürməlisən. Yəni 23 saat yarım ”yezda" dərsi, yarım saat da imtahan. İndi xanımlar iki-üç dərs gəlir, maşını yerindən tərpədə bilən kimi deyir ki, getdim özümə “prava” və maşın almağa. Elə ona görə də şəhər bu gündədir".

Müəllim hesab edir ki, indiki tələbələrin əksəri əyləci yox, sürəti sevirlər. Müsahibimiz Bakıda təlim dərsləri üçün boş yolların olmamağından da şikayətləndi. Onun dediyinə görə, digər sürücülər təlim maşınlarına güzəşt etmir: “Dəfələrlə tələbələrlə yola çıxanda digər sürücülər qəza vəziyyəti yaradıblar. Ya tələbəni çaşdırırlar. Sürücü xanımdırsa, onu incitmək üçün yol vermirlər, yolda oynayırlar. Bütün bunlar çətinlik yaradır”.

23 yaşlı Günel Həsənova da “yezda” dərsinə gedənlərdəndir. Onun fikrincə, müəllimi dərsləri süni şəkildə uzadır: “Mənə düz 4 dərs “”parkovka” öyrətdi. Halbuki 2-ci dərsin axırında mən bu işi öyrənmişdim. Üstəlik, məni ancaq şəhərin maşınlar olmayan yerlərinə aparır. Orda maşın sürməyə nə var ki? Düpbədüz yoldur. Yol nişanlarının, yol ayrıclarının bol olduğu yerlərdən keçmirik”.

Müsahibimiz kursa adını yazdırsa da, dərslərdə iştirak etmir. Dediyinə görə, onun əvəzinə qaydalar kitabını oxuyur: “Mən işləyirəm. İşdən icazə verməzlər gedib 1-2 saat kursda oturum. Axşamlar isə evə tez getməliyəm, imkanım olmur. Özü də mən kursa sənədimi verəndə dedilər ki, gəlməyə də bilərsən. 45 gün sonra gedib sənədlərimi götürdüm. Bir-iki dərs də öyrənim, kreditlə maşın alacam, birini tapmışam”.

Apardığımız reydlər zamanı məlum oldu ki, əksər sürücülük kurslarında dərslər həftə boyu üç dəfə keçirilir. Aylıq ödənişi 50-100 manat arasında dəyişir. Dərs zamanı daha çox nəzəriyyə öyrədilir ki, çox adam da kursa qatılıb buna vaxt sərf etmək əvəzinə kitabdan oxumağa üstünlük verir. Məlum olur ki, insanlar kursa daha çox şəhadətnamə almaq və imtahana qatılmaq üçün müraciət edir. 

Maraqlıdır ki, sürücülük kursunun tələbələri üçün əsas məsələ “yezda” (söhbət praktik məşğələdən gedir) dərsləridir. Bu isə kurs üçün verilən məbləğə daxil deyil. Əgər mexanika avtomobil sürmək istəsəniz, bunun bir saatı 12 manatdır. Avtomat “karobka” maşın sürmək istəyənlər 20 manat, böyük “ZİL” “maşın”ının isə saatı 30 manatdır.

Ekspertlər isə deyir ki, sürücülük kursları rəhbərləri qeydiyyatı köhnə tarixə yazaraq əlavə pul alırlar. Bəzi kurslarda insanların pulu alınır, adları yazılır və vaxt tamam olduqdan sonra vətəndaşın orada oxuması haqqında şəhadətnamə verilir. Şəhadətnaməni alandan sonra imtahana girmək prosesi başlayır. Heç məktəbin yerini tanımadan sürücülük vəsiqəsi alanlar da var. Hazırda fəaliyyət göstərən sürücülük məktəblərinin bir çoxu insanlara bu sahədə bilgi yox, sadəcə imtahana buraxılmaları üçün sənəd verir.

Araşdırmalar göstərir ki, bu sahədə qanun pozuntusu halları var. Belə ki, fərdi şəxslər sövdələşmələrə girir və öz bildikləri kimi hərəkət edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh