Formal fəaliyyət göstərən sürücülük məktəbləri ləğv ediləcək - Ekspert rəyi

Yazarlar 4 Yanvar 2019 13:01 Oxunub 1749
Formal fəaliyyət göstərən sürücülük məktəbləri ləğv ediləcək - Ekspert rəyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol təhlükəsiziyinə dair Dövlət Proqramından gözləntilər çoxdur

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirləri özündə ehtiva edir. Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. Sərəncama əsasən, Azərbaycanda avtomobil yollarının istismar müddətinin artırılması və yüklənmə dərəcəsinin azaldılması, daşımaların təhlükəsizliyinin və keyfiyyətinin, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizmin inkişafı məqsədilə ölkədə həyata keçirilən sərnişin və yük daşımalarının nəqliyyat növləri arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planı, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyası hazırlanacaq.

Ekspert Elməddin Muradlı ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının icrasından gözləntilərini “İki sahil” qəzetinə şərh edərkən bildirib ki, 5 illik bir dövrü əhatə edən proqramda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir çox məsələlər öz əksini tapır: “İlk öncə qeyd edim ki, Dövlət Proqramında maarifləndirmənin, təbliğat işlərinin aparılmasına geniş yer ayrılıb. Xüsusən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun üzərinə müəyyən vəzifələr qoyulub. İctimai iştirakçılıq bu işlərdə vacib amildir. Təxminən 2012-ci ildən 2017-ci ilədək ötən müddətə nəzər salsaq görərik ki, 5 mindən artıq insan yol-nəqliyyat hadisələrində dünyalarını dəyişiblər. 15 minə yaxın insan isə xəsarət alıb. Yol-nəqliyyat hadisələrində dünyasını dəyişənlərin əksəriyyəti 26-60 yaş arası olan insanlardır. Təəssüflər olsun ki, bu yol nəqliyyat hadisələrində dünyasını itirənlər və xəsarət alanlar arasında uşaqlar da var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. Son illər Azərbaycanda yol-nəqliyyat hadisələrində ölüm hallarında azalma müşahidə olunur. Dövlət Proqramında əsas məsələlərdən biri ondan ibarətdir ki, hər hansı bir yol-nəqliyyat hadisəsi baş verirsə ekspert qrupu bu hadisəni araşdıraraq səbəbini təhlil edib ortaya çıxarmalıdır. Məsələn, eyni ərazidə iki və daha artıq yol-nəqliyyat hadisəsi baş verirsə bunun səbəbinin aradan qaldırılması istiqamətində işlər görüləcək. Yol-nəqliyyat hadisələri nəticəsində əmək qabiliyyətli şəxslərin həyatını itirməsi və ya onların sağlamlığına zərər vurulması, habelə bu səbəbdən normal əmək fəaliyyəti rejiminin pozulması, infrastruktura və nəqliyyat vasitələrinə zərər dəyməsi, həmin zərərin aradan qaldırılmasına xərc çəkilməsi və digər amillər nəticəsində ölkə iqtisadiyyatına ziyan kimi də qiymətləndirilir. Proqramın icrası yol-nəqliyyat hadisələrinin və ölüm hallarının sayının daha 30 faiz azalmasına gətirib çıxaracaq.”

E.Muradlı qeyd edib ki, istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin istismardan çıxarılması önəmli məsələlərdən biridir və bu problemin həlli yolları Dövlət Proqramında yer alıb. Müvafiq qurumlar tərəfindən verilən təkliflərdən sonra məlum olacaq ki, bu proses necə icra olunacaq. Ola bilsin hansısa məbləğ ödənilməklə həmin nəqliyyat vasitələri əhalidən yığılacaq, ola bilər ki, hər hansı bir qanun mexanizmi tətbiq olunacaq.

Müsahibimiz proqramda nəzərdə tu

tulan digər vacib məsələ olan yollarda sürət həddi ilə bağlı fikirlərini bölüşüb: “Sürət rejiminin yollarda optimallaşdırılması məsələsi də diqqətçəkən məqamlardandır. Bəzən yollarda müşahidə edirik ki, sürət həddi 60, 90, 50 olan lövhələrlə müəyyənləşir. İstər-istəməz yüksək sürətlə gedildiyi halda sürət həddinin birdən-birə 50-yə salındğını görürük. Bu da insanlarda narazılıq yaradır. Ya yol-nəqliyyat hadisəsi baş verir, ya da sürücü qayda pozmuş olur. Bunun üçün sürətin optimallaşdırılması ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.”

E.Muradlı sürücülərin hazırlıq məsələsi ilə bağlı məqama da diqqət çəkdi: “Sürücülərin hazırlanması məsələsində sürücülük məktəblərinin təyinatına, təsnifatına diqqət yetiriləcək. Formal fəaliyyət göstərən sürücülük məktəbləri ləğv ediləcək. Mərkəzləşdirilmiş bir neçə sürücülük məktəbləri yaradılmalıdır və bu məsələyə dövlət tərəfindən ciddi nəzarət olunmalıdır. Həmin məktəblərin maddi-texniki bazası, tədris prosesi diqqətdə saxlanılmalıdır. Eyni zamanda, sürücülər var ki, deyək ki, 3 il əvvəl sürücülük vəsiqəsi verilib, sonra ya əməliyyat keçirib qolunu, ayağını itirib, hətta görmə qabiliyyəti həddindən çox aşağıdır, ancaq sürücüdür. Hətta psixoloji problemi, narkotik asılılığı olanlar da nəqliyyat vasitəsi idarə edirlər. Bütün bunlar yol hərəkəti təhlükəsizliyi baxımından və yol-nəqliyyat hadisələrinin baş verməsi baxımından təhlükəlidir. Bu proseslərin də nəzarətə götürülməsi vacib amildir. Bu kimi məsələlərin Dövlət Proqramında yer alması gələcəkdə faydalı nəticələr verəcək.”

 

Orxan Vahidoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh