Qayda pozan sürücülərə qarşı amansız mübarizə – Sürücülük vəsiqəsi 2 min avro
Dünyanın hər ölkəsində avtoxuliqanlığa, daha doğrusu intizamsız sürücülərə qarşı mübarizə metodları fərqlidir, mən konkret Fransadan danışacam.
Bu ölkənin sürücüləri intizam baxımından İtaliya və İspaniyadan üstün, alman və isveçrəlilərdən geridirlər. Ümumilikdə isə nümayişkaranə qayda pozuntusuna az rast gəlinir ki, bunun da səbəbləri məlumdur:
Sürücülük vəsiqəsini əldə etmək üçün təxminən 2000 avro lazımdır. Hər 5 iddiaçıdan biri ilk dəfədən imtahan verib sənəd ala bilir. Sürücülük vəsiqəsini itirmək isə çox asandır: vəsiqə ilk dəfə 1-3 il müddətinə verilir. Bu müddətdə ildə 6 bal toplayan sürücünün vəsiqəsi ləğv edilir və təkrar oxumağa göndərilir – təbii ki, öz hesabına.
Yeni sürücü sürət həddini 50 km/saatdan çox aşarsa vəsiqə dərhal ləğv edilir.
Eyni xətanı 3 il ərzində təkrar törədən sürücü residivist sayılır və işin ağırlığından asılı olaraq xəta həm yol hərəkəti qanunvericiliyi, həm də cinayət məcəlləsi ilə tövsif oluna bilər. Bu zaman cəza tədbirləri aşağıdakılardan biri olur: inzibati həbs, maliyyə sanksiyası və ya tədris.
Tədris dedikdə xəta törədən şəxsin “psixoloji uyğunluq” kursuna göndərilməsi nəzərdə tutulur (300-500 avro). Burada adətən avtoxuliqanlar qalın romanları oxumağa məcbur edilir. (təsəvvür edin ki, ömründə 1 vərəq oxumayan gənci "Şamo" romanını oxumağa məcbur edirsiniz).
Sürücülük vəsiqəsinin ləğvi bizdəki sürücülük hüququnun məhdudlaşması ilə eyni deyil. Ciddi qayda pozuntularında və ya ifrat ağır alkoqol qəbul etdikdə məhkəmə qaydasında vəsiqə ləğv edilir. Yenidən oxumaq üçün müddəti də hakim təyin edir. Adətən ən azı 3 il qadağa qoyulur. Nəqliyyat vasitəsini idarə etmək hüququ qadağan olunmuş şəxs sükan arxasında tutulduqda həm böyük miqdarda cərimə ödəyir, də həm də həbs olunur.
Narkotik istifadə edən şəxsin sürücülük hüququ birdəfəlik ləğv edilir.
Avtoxuliqanlıq zamanı nəqliyyat vasitəsi müsadirə edilir. Avtomobil təzədirsə hərraca çıxarılır, köhnədirsə metalloma verilir.
Niyə nümayişkaranə şəkildə qayda pozmaq olmur? Çünki ictimai nəzarət güclüdür, “polis və kamera yoxdursa heç kim görmür” söhbəti istisna edilir. Qayda pozan sürücü saxlandıqda bir fransız ona tərəf çıxmayacaq. Kiminsə həyatna qəsdən təhlükə yaradan sürücüdən dərhal şikayət ediləcək (bizdə əvvəllər "Beşmərtəbə" tərəfdə "avtoş"ların tamaşasına çıxan vətəndaşlarımız çox təəssüf ki, polisə mane olur, qayda pozanlara tərəf çıxırdılar – bu dövr artıq geridə qalıb).
Dünənki avtomobil təlimçisi xanımın belə bir videosu yayılsa onun lisenziyasını Avropada dərhal ləğv edərdilər.
Fransada 2020-ci ildə 2780 nəfər qəzalarda ölüb. Nəzərə alaq ki, ölkədə 52 milyon minik avtomobili uçotdadır ki, onun da 40 milyona qədəri istismar olunur. Bəs bizdə avtomobil və ölüm sayı nə qədərdir?
Nəhayət, bütün ölkələrdə avtoxuliqanlıqla əsasən yaşı 30-dan az olan insanlar məşğul olurlar. Fransada isə bu yaş həddində olan əhalinin avtomobilə marağı azalır. Səbəb: sürücülük vəsiqəsi almaq çətindir, avtomobilin xərci çoxdur. Ən əsası, ictimai nəqliyyat yaxşı işlədiyi üçün şəxsi avtomobilə ehtiyac yoxdur. Xüsusən də şəhər əhalisi üçün.
İntizamsız sürücülərlə mübarizə təkcə yol polisinin işi deyil. Məhdud kontingentlə DYP bu işin öhdəsindən tam gələ bilməz. Vətəndaş nəzarəti daha ciddi amildir. Bunu Avtosfer.az-ın yaydığı videolarda görürük.
Bir-neçə il əvvəl Hindistan polisi maraqlı bir iş başlayıb: istənilən şəxs çəkdiyi qayda pozuntusunu ya öz feysbuk səhifəsində paylaşaraq polisi taq edir, ya da birbaşa polisin emailinə göndərir. Cəmi 10 gün sonra kampaniyanın səmərəsi məlum oldu.
Kəlküttə polisinin siqnalla mübarizəsi isə ayrı mövzudur.
Vüqar Ələsgərov,
tərcüməçi, jurnalist