"Gəlinimin maşın sürməsinə razıyam, amma taksi sürücüsü olmasına yox"

Yazarlar 7 Fevral 2018 15:11 Oxunub 3113
"Gəlinimin maşın sürməsinə razıyam, amma taksi sürücüsü olmasına yox"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Züleyxa Davudova: "Çox ağlamışam, ətrafdan deyilən sözlərdən çox qəlbim qırılıb, bəzən özümü müdafiə edə bilməmişəm"

Qadın böyük qüvvədir. Bütün aqil insanlar bu məsələdə həmfikirdirlər. Zamanından, dövründən asılı olmayaraq, onlar etiraf edirlər ki, qadın xarakterinə, təbiətinə, xislətinə bələd olmaq dünyanın ən müşkül məsələsidir. Tarixən də, elə indi də kişi kimi mərd, cəsur qadınlara rast gəlmək olur. Elə qadınlar var ki, bacarığı ilə dünyanı dəyişib, sübut edib ki, qəhrəmanlıq təkcə kişilərə məxsus olmur. Onlar zərif cinsin nümayəndələri sayılsa da, bəzən üzərlərinə düşəndən də artıq "yükü qaldırırlar". Eynən müsahibimiz Züleyxa Davudova kimi.

Z.Davudova Zaqatala rayonunda anadan olub. İxtisasca rus dili müəllimi olan Züleyxa xanım gənc yaşlarında müxtəlif dövlət idarələrində çalışıb. Rayonda bir çox "ilk"lərə imza atan qadın olub. Elə taksi sürücüsü kimi də ilk dəfə həmin rayonda Züleyxa xanım işə başlayıb.

https://sputnik.az/images/41393/82/413938231.jpg

"Yoldaşım xəstə idi. Onun müalicəsində bütün pulumuz qurtardı, dolanışığımız çətinləşdi. O vaxt müharibə dövrü idi. Çörək ala bilmirdik. Məktəbdə də maaşlar gec-gec verilirdi. Ona görə də müəllimliklə bərabər taksi sürməyə məcbur oldum", – deyə Z.Davudova taksi xidməti göstərməyə necə başladığını “Sputnik”ə danışır.

O, bu işə müəllim yoldaşının məsləhəti ilə başlayıb: "Bir gün məktəbimizin qocaman müəllimi Məmməd müəllim məni yanına çağırıb dedi ki, taksi xidmətinə başla, maşının da var. Dedim ki, yox, mən taksi işlədə bilmərəm, bacarmaram. Dedi, "sən ailəni dolandırmalısan, şəhərdən kəndə, kənddən şəhərə gedənlər var, onları aparsan, pul qazanarsan". Yoldaşıma dedim, uşaqlardan xəbərsiz evdən çıxdım, bir-iki saat dolaşıb, o vaxtın pulu ilə 7 Məmməd (üzərində Məhəmməd Əmin Rəsulzadənin əksi olan 7 min manatlıq əskinas — müəl.) qazanıb gəldim. Onu da benzinə verdim, çörəyə pul qalmadı".

"Bir neçə gün işləyəndən sonra oğlumun xəbəri oldu ki, mən taksi sürücülüyü edirəm, etiraz etdi. Çünki o vaxta qədər rayonda heç bir qadın taksi sürməmişdi. Rayonda ilk qadın sürücü mən idim. Oğlum istəmədiyinə görə mən daha taksiyə çıxmadım", — müsahibimiz deyir.

Züleyxa xanımın oğlu anasının taksi fəaliyyəti ilə məşğul olmasını istəməsə də, sonradan razılıq verməli olur: "Rəhmətlik Məmməd müəllim məndən xəbərsiz həyat yoldaşı Rəşxəndə xanımla birlikdə oğlumu yanına çağırdı. Dedi ki, "icazə ver, anan işləsin, taksi sürücüsü olmaq pis iş deyil". Bundan sonra oğlum da razılaşdı. Yenidən taksiyə çıxmağa başladım".

Qadın 2012-ci ildə ikinci dəfə Həcc ziyarətinə də gedir: "Oradan gələndən sonra bir il işlədim. Amma gördüm ki, artıq bacarmıram. Dini məclislərdə oluram, "Quran" oxuyuram, vaxtım olmur. Həm də müştəri gözləyən zaman itirdiyim vaxtıma heyfim gəldi".

Maşın sürməyi 9-cu sinifdə oxuyanda öyrənən Züleyxa müəllim, həyat yoldaşı Əli Davudovun köməyi ilə sürücülük vəsiqəsi alıb. Züleyxa xanım ərinin ona verdiyi mirası özünün "sağ əli" adlandırır: "Ərim məcbur elədi, oxudum, sürücülük vəsiqəsi aldım. Sonra mənim adıma maşın aldı. Rəhmətə gedəndə vəsiyyət etmişdi ki, öldükdən sonra maşını satmayım, mənə lazım olacaq, dəstək, dayaq olacaq".

"Həqiqətən də elədir. Bu maşın mənə çox kömək edib. Bütün işlərimi bu maşının köməyi ilə görürəm. Hara lazımdır, özüm tək gedirəm, daha kiməsə ağız açmıram. Yol polisləri də məni tanıyır, hörmət edirlər. Amma mən də qaydaları pozmuram. Maşında bir problem yaranırsa, ustaya göstərirəm" — həmsöhbətimiz danışır.

Yaşlı vaxtında da Z.Davudova avtomobili çox sərbəst idarə edir. Hətta əksər hallarda kişilərin belə, bacarmadığı texniki problemləri özü yoluna qoyur. Ərinin ona buraxdığı mirası göz bəbəyi kimi qoruyan xanım deyir ki, maşın qadın üçün rahat olsa da, heç bir qadına taksi sürücüsü olmağı arzulamır.

Deyir ki, qadın incə varlıqdır: "Hər qadın taksi işlətmək gücündə deyil. Bu iş kişilər üçün də çox çətindir, o ki qaldı, qadınlar. Qadına avtomobil lazımdır. Hətta deyərdim, kişidən daha çox lazımdır. Öz gəlinimin maşın sürməsinə razı olaram, amma taksi sürücüsü olmasına yox".

Züleyxa xanım qadınların taksi sürücüsü olmasını arzulamamasının səbəbini belə izah edir: "Çünki çox ağlamışam, ətrafdan deyilən sözlərdən çox qəlbim qırılıb, bəzən özümü müdafiə edə bilməmişəm. Üzümə demirdilər, amma arxamca hər sözü danışırdılar. Ona görə də istəmərəm. Bəxtim onda gətirmişdi ki, həyat yoldaşım mənə dəstək olurdu. Bütün işlərimdə olduğu kimi, bu işdə də yoldaşım mənə dayaq olub. Amma hamının belə şansı yoxdur axı".

 

Züleyxa Davudova həm də şəhid anasıdır. "Züleyxa Azad" (Azad — şəhid oğlunun adıdır) təxəllüsü ilə şeirlər yazan xanım 4 kitabın, "İti qələm", "Məshəti", "Onur bəlgəsi" (Türkiyə Eskişehir şairlər dərnəyinin mükafatı), "İlahiyyatçı" media mükafatlarının laureatıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh