Gənc nəslin milli şüurda inkişafı üçün nə etməliyik?
Vətəndaşı olduğumuz ölkəyə mənsubluğumuz elə doğulduğumuz andan başlayır. İlk olaraq ailəylə başlayan tanışlığımız getdikcə daha fərqli mühitlərlə əvəzlənir. Bağça, məktəb dövrü, tələbəlik illəri, iş həyatı və sadalanan mərhələlərdə tanış olduğumuz insanların, qazandığımız dost çevrəsinin, bizi öyrədən şəxslərin hər biri həyatımızda iz buraxır. Özümüzü dərk etməyimizlə başlayırıq və zamanla iz buraxmış insanların fikirləriylə tam bir mən olaraq formalaşırıq.
Təbii ki, bu yolda bizə təsir edən əsas faktor daşıdığımız genlərin şüuraltımızda kök saldığı inanclardır. Lakin zamanla insan bunu da dəyişərək özünü yenidən formalaşdırmağa qadirdir.
Hələ uşaqkən valideynlərimizin tərbiyələnməyimizdə sərf etdiyi əmək, xüsusilə bizə doğru olanları tam formada aşılamaq cəhdi və mənsub olduğumuz torpaqlara aidiyyət duyğumuzun formalaşması önəmli rol daşıyır. Sözsüz ki, kifayət qədər məlumatlı olmayan uşaq üçün ilk müəllim valideynləridir. Bu mənada valideynin ona və digərlərinə, hətta əşyalara olan davranışları da uşağın yaddaşına həkk olunur və gələcəkdəki reaksiyalarına əsaslı şəkildə təsir edir. Uşaq yaşlarından tətbiq etdiklərimiz alışqanlıq halına gəlir və gənclik dövründə avtomatik olaraq şüursuz şəkildə onları təkrar edirik.
Cəmiyyətdə gənc nəslin önəmi olduqca vacibdir. Özəlliklə savadlı, dünyagörüşü zəngin, milli mənlik şüurunu dərk edən, vətən sevgisini qəlbində daşıyan gənclərin sayının çox olması ölkəmizin gələcəkdəki statusunda əhəmiyyətli rol oynayır. Günü-gündən inkişaf edən dövlətimizin ərazi bütövlüyünün qorunub saxlanmasında və dünyaya tanınmasında gənc nəslin rolu əvəzsizdir. Azərbaycan digər ölkələrlə müqayisədə daha çox vətəninə, millətinə bağlı fərdlər yetişdirir. Elə onun nəticəsidir ki, bugün illərlə düşmən əsarəti altında qalan torpaqlarına yenidən qovuşdu. İkinci Vətən müharibəsində canını sipər etmiş minlərlə gənc bugünkü ərazi bütövlüyümüzün əsas səbəbkarlarıdır. Öz istəkləri ilə, canla-başla düşmənlə müharibənin aparıldığı zonalara yollanan gənc hərbiçilərimiz son nəfəslərinə qədər döyüş meydanlarında savaşdılar və verdikləri sözü təsdiqləməyi bacardılar. Bu yolda nəinki hərbi xidmətdə olan gənc əsgərlərimiz, hətta öz vəzifəsini yerinə yetirməsinə baxmayaraq yenidən ordu sıralarına qoşulmağa can atan minlərlə igid cəngavərlərimiz oldu. Arxalarına baxmadan, valideynləriylə sağollaşmadan öz doğma vətənlərinin bütövlüyü naminə canlarından keçən bu igidlər bugünkü gənc nəslimizin əsas hissəni təşkil edirdi. Hal-hazırda azad, suveren və öz torpaqlarını yenidən qazanan Azərbaycanın gənc oğulları olan o igidlər gələcək nəslin yetişməsində, vətənpərvərlik hislərinin coşmasında da xüsusi rol oynadı. Artıq məktəbə gedən, tələbə olan sabahın əsgəri də şəhid olmuş, qazi adını qazanmış həmin qorxmaz gənclərə baxaraq nümunə götürür. Çox da keçmişə getmədən vətənimin igid gəncləri, əsgərləri deyərək onların adlarını çəkir.
Gənc nəslin milli mənlik şüurunun inkişafında, vətən sevgisinin yüksəlməsində, sözsüz ki, KİV-in və müasir dövrün əsas idarəedici qüvvəsi olan sosial medianın təsirietmə gücü də danılmazdır. Müharibə zamanı televiziya, radio və saytların mövzuyla bağlı məlumatlandırıcı xəbərləri, hazırladığı süjetlər, verilişlər də insanlarda, xüsusilə gənclərdə milli mənlik şüurunun dərinləşməsində böyük rol oynadı. Gənc nəslin diqqətini cəlb edən, daha çox vaxt keçirdikləri sosial şəbəkələrdə daim şəhidlərimizi, qazilərimizi yad edən şəkillərin, videoların paylaşılması yetişməkdə olan gənc nəsildə milli mənlik şüurunun formalaşmasında mühüm əhəmiyyət daşıyır. İllər keçsə belə onlarla bağlı şəkil və videoların təkrar-təkrar paylaşılması, həmçinin KİV-də xatirələrinə ithaf edilmiş verilişlərin, süjetlərin çəkilməsi yaddaşımıza həkk olunmasına xidmət edir.
Gənclərdə milli mənlik şüurunun formalaşması və inkişafıyla bağlı Avtosfer.az-a açıqlama verən Bakı Dövlət Universitetinin müəllimi, sosioloq Əli Babayev mövzunu geniş şəkildə şərh etdi. Onun sözlərinə görə, vətəndaşda milli mənlik şüurunun formalaşması mövcud cəmiyyətin maddi və mənəvi mədəniyyətinə, dəyərlərinə arxalanmaqla baş verir. “Mənlik şüurunun yaranması daha çox insanın sosial xarakterinin, onun cəmiyyətin üzvü olaraq yaşayış qaydalarına, mövcud norma və tələblərə əməl etməsinin zərurətidir. Yəni ictimai mühit insandan öz davranışlarını, hərəkətlərini, fikirlərini, hislərini sosial normalar üzərində qurmağı, onları ümumi şəraitlə uzlaşdırmağı bacarmağı tələb edir. O zaman insan bunların nəticələrini görür və düzgün qiymətləndirməyi bacarır. Gənclərdə milli mənlik şüurunun formalaşmasının əsasında tərbiyə dayanır. Tərbiyəylə bağlı müxtəlif yanaşmalar var. Dahi Nizami Gəncəvi deyirdi ki, “Cavanlıqda əyri bitən bir budaq, zənn etmə qocalanda düzgün olacaq.” Elə bu ifadəsindən də göründüyü kimi, o, tərbiyənin əsasını cavanlığa - ilk dövrə çəkirdi. Yəni insanın daha erkən dövrlərdən tərbiyə almasını onun cəmiyyətə, dövlətinə, millətinə faydalı bir fərd kimi yetişməsinə əsas kimi görürdü.
Tərbiyəylə bağlı, Məhəmməd Peyğəmbərdən misal gətirmək olar. Ana, Peyğəmbərdən məsləhət almaq üçün onun yanına gəlir və övladını necə tərbiyə etməsiylə bağlı sual verir. Peyğəmbər anadan övladının yaşını soruşur. Ana onun 6 aylıq olduğunu bildirir. Bu zaman Peyğəmbər ona gecikdiyini və tərbiyəni hələ uşaq dünyaya gəlməzdən öncə (ana bətnindəykən) aparmalı olduğu vurğulayır.
Təbii ki, övladın gözündə əxlaq obrazı ilk olaraq valideynlərinin nümunəsində görsənir, yəni əxlaq norması birinci onlar olur. Daha sonra dayəsi, müəllimi, oxuduğu müxtəlif qəhrəmanlar, yazarlar, cəmiyyətdə gördüyü digər şəxslər - dostlar, tanışlar olmağa başlayır. Burada sosiallaşma deyilən mərhələni də qeyd etmək lazımdır. Çünki insanın şəxsiyyətinin sosiallaşması deyilən bir mərhələ mövcuddur. Sosiallaşma nədir? İnsanın ictimai münasibətlərə qoşulmasıdır və uşaqlıq mərhələsindən başlayaraq ömrümüzün sonuna qədər gedir.
Gənclərin milli mənlik şüurunun formalaşmasında tərbiyədən sonra ikinci önəmli faktor təhsildir. Ailədə başlayan proses daha sonra məktəb illərimizlə davam edir, daha sonra universitet dönəmi gəlir və beləliklə cəmiyyətə açıldıqca müxtəlif normalarla, tələblərlə, dəyərlərlə qarşılşır. Burada iki mərhələni qeyd etmək lazımdır. Birinci vurğuladıqlarıma adaptasiya olma - uyğunlaşma mərhələsi, digəri isə interazasiya, yəni həmin dəyərləri qiymətləndirmə (yaxşı və pis tərəflərini ayırd etmə) mərhələsidir. Başqa formada statik və dinamik mərhələ kimi ayırmaq olar. Statik mərhələ insanın sosial normalara uyğunlaşması, onları olduğu kimi qəbul etməsidir. Dinamik mərhələ isə insanın onları şüur süzgəcindən keçirdərək pis, yaxud yaxşı olmasıyla bağlı qərar verməsidir.
Gənc nəslin milli-mənlik şüurunun düzgün formalaşması cəmiyyətin, dövlətin faydasıdır, vətənpərvərlik hissinin aşılanmasıdır. Cəmiyyətdə yüksək dəyərlərin olması gənc nəsildə müsbət aşılamaların olmasına şərait yaradır.
Hal-hazırda süni intellekt, rəqəmsallaşma dövrüdür və bu zaman kəsiyində kənara çıxmalar çoxdur. Bu kənara çıxmalar milli mənlik şüurunun formalaşmasına güclü təsir edir. Bir növ gəncləri səhv istiqamətlərə, axınlara yönləndirə bilir. Bunun qarşısını almaq üçün düzgün tərbiyə və təhsil sisteminin qoyulması vacibdir.
Gənc nəslin düzgün yetişdirilməsi, istiqamətlənməsi, mənlik şüurunun formalaşması cəmiyyət, dövlət, hər hansı bir qurumun qarşısında bir növ vəzifədir, borcdur, məhsuliyyətdir. Bu, bir ideoloji məsələdir və hər dövrdə özünməxsus formada öz əksini tapıb. İdeologiyası olmayan cəmiyyət istiqaməti bəlli olmayan toplumdur. Hətta belə bir yanaşma var: “Xəstə ideologiyası olan cəmiyyət, ideologiyası olmayan cəmiyyətə qalib gələ bilər”.”
Vətənpərvərlik hislərindən də danışan sosioloq mövzuya dair fikirlərini tarixdə dərin iz buraxmış milli mütəfəkkirlərin həyatından bəhs edərək işıqlandırmağa çalışdı. “Çox uzağa getmədən dahi Azərbaycan mütəfəkkiri, publisisti, alimi, sosioloqu, filosofu olan Əhməd bəy Ağaoğlundan danışaq. O, öz xatirələrində yazır ki, Şuşa seminariyasında oxuyurdu (hansı ki seminariya erməni məhəlləsində yerləşirdi) və burada çoxlu uşaqlarla birlikdə təhsil alırdı. Lakin o qədər məktəblinin içində 4 nəfər müsəlman varıydı və Əhməd bəy Ağaoğlu da onlardan biri idi. Sayımızın az olması və erməni uşaqların çoxluğu bizim tez-tez onlar tərəfindən təyziqlərə məruz qalmağımızla nəticələnirdi. Paltarlarımızı cırırdılar, hətta papaqlarımızı yerə atıb top kimi vururdular və sözü bir yerə qoyub bizə şər atırdılar. Nəticədə müəllimlər bizi danlayırdı. Bütün bunlara dözə bilməyən 3 nəfər müsəlman seminariyanı tərk etsə də, Əhməd bəy Ağaoğlu sona qədər onlarla mübarizə aparır. Uşaqlıqdan ermənilərə olan nifrət hissi, bütün təyziqlərə baxmayaraq yenə də inadla təhsilini seminariyada qalaraq davam etdirməsi əslində Əhməd bəydə o çağlardan etibarən milli mənlik şüurunun formalaşması demək idi. Hansı ki, onun düşmənə olan nifrəti subyektiv özəllik daşımırdı, millətinin yağılara qarşı nifrətini özündə əks etdirirdi.
Biraz kənara çıxaraq 1870–ci illərə nəzər salaq. (Əhməd bəy Ağaoğlunun təhsil aldığı dövrlər) O zaman insanların milliyəti arasında fərq erməni, rus və müsəlman deyə bölünürdü. Yəni həmin ərəfələrə qədər soydaşlarımız özlərini müsəlman kimliyində dərk edirdi. Milli mənlik şüurunun formalaşması öz kimliyinin, mənliyinin başa düşülməsidir.
Bu məqamda Üzeyir Hacıbəylinin kiçik felyetonundan nümunə çəkim. Üzünü tutur ərəbə deyir milliyətin nədir? Deyir ərəb. Soruşur dinin nədir? Deyir islam. Dilin nədir? Ərəb dili deyə cavab verir. Daha sonra rusdan soruşur. Milliyətin nədir? deyir rus. Dinin nədir? Xristiandır deyir. Dilin nədir? Rus dili deyə cavablayır. Belə ləzgi, erməni və sair. Sonda azərbaycanlıya üz tutur. Eyni qayda ilə həmin sualları ona da verir. Azərbaycanlı isə hər üçünə müsəlman deyə cavab verir. Yəni, Azərbaycan türkü o zaman kimliyini başa düşmür. Halbuki kimliyini dərk etsəydi deyərdi milliyətim türk, dilim türk dili, dinim islamdır.
Vətənpərvərlik mövzusunda şəhidimiz Pəncəlidən (Milli Qəhrəman adını almasa da) danışmaq yerinə düşər. O, öz toyunda arzu edir ki, üç rəngli bayrağa bürünən tabutum evimə gəlsin. Ölkəmizin, torpaqlarımızın, dövlətimizin, bayrağımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalım. Görün necə yüksək dərəcədə vətənpərvərlik hissinə sahib olub. Onun şəxsi həyatıyla bağlı geniş jurnalist araşdırmasını oxumuşdum. Orada qeyd olunur ki, Pəncəli Astarada dünyaya göz açır və babasının himayəsində böyüyür. Elə oxuduğu məktəbdə müəllim kimi işləməyə başlayır. 5-6-cı sinifdə oxuyarkən Xocalı soyqırımı baş verir. İnformasiya blokadası dövrünün olmasına baxmayaraq, müəyyən fasilə, ötürmələrlə bu faciəvi məlumat Astaranın dağ kəndinə gəlib çatır. O zaman tarix müəllimi olan Pəncəlinin əmisi Xocalı soyqırımıyla bağlı uşaqlara məlumat verir. Pəncəli elə bu zaman həmin məlumatdan təsirlənir və məktəbli yoldaşlarını başına yığaraq həmin əraziyə gedib mühasirədə olan insanlara yardım etməli olduqlarını bildirir. Yola düşən məktəblilər bu istiqamətdə irəliləyərkən əngəllərlə qarşılaşdıqları üçün geri dönməyə məcbur olurlar. Pəncəli qayıdarkən ağacın üzərinə üç rəsm çəkir: Qartal, tank və ilan. Bildirir ki, bu tankla gələrək ermənilərin başını ilan kimi əzəcəm və sonra göylərə uçacam. Yəni özündə bir həyat yolu çəkir, öz idealına doğru can atır. Belə nümunəvi insanları, onların həyatıyla bağlı mühüm məqamları gənc nəslə çatdırmaq lazımdır. Gənc nəsil onlarla bağlı məlumatı istənilən informasiya məkanında - təhsildə, KİV-də, sosial mediada görməli və dərk etməlidir. Bütün bunların hamısı bir-biriylə sistemli şəkildə əlaqədə olmalıdır. Yəni milli mənlik şüurunun formalaşması vətənpərlik hissiylə uzlaşaraq qarşılıqlı vəhdət təşkil etməlidir.”
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.
Nərmin Əkbər