Reklam

Gənclər və yeniyetmələr niyə üzərində bıçaq gəzdirir? – EKSPERTLƏR AÇIQLADI - VİDEO

Yazarlar 27 Noyabr 2023 16:13 Oxunub 1740
Gənclər və yeniyetmələr niyə üzərində bıçaq gəzdirir?  – EKSPERTLƏR AÇIQLADI  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar gələcəyimiz olan gənclərin soyuq silahlara marağı artıb. Artıq ictimai yerlərdə bir çox gəncin üzərində bıçaq, “kəpənək”, “beşbarmaq” və s. kimi soyuq silahlar müşahidə olunur. Bəs bunun səbəbi nədir? Gənclərimizdə belə bir vərdiş hansı səbəbdən yaranır? Bunun qarşısı necə alına bilər?

Hüquqşünas Şamil Paşayev Avtosfer.az-a açıqlamasında bildirib ki, buna səbəb son zamanlarda yayılan film və seriallardakı kriminal şəxslərə olan rəğbətdir:

“Günümüzdə gənclər arasında bıçaq gəzdirilməsi aktuallaşıb. Təəsüff ki, bunu məktəbli uşaqlarda da müşahidə edirik. Lakin nəzərə alınmalıdır ki, soyuq silah gəzdirmək cinayət əməlidir və şəxsi 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.”

Hüquqşünas bildirib ki, istehsalda təyinatı və məqsədi məişətdə istifadə etmək üçün nəzərdə tutulmayan, yalnız fiziki zərbə ilə xəsarət yetirməyə hesablanmış kəsici və deşici alətlər soyuq silah hesab oluna bilər. “Bu barədə məsulliyyətə cəlb etmək əvəzinə maarifləndirmə aparılmalı, kriminal meyilli insanların əhatə dairəsini müəyyən edib, onların sivil həyata və dünyaya baxış bucağını dəyişdirməyə yönəlik hərəkətlər etməliyik”.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən sosioloq Əli Babayev qeyd edir ki, pis vərdişlərə meyilliyin qarşısını almaq üçün inzibati tədbirlərdən əlavə daha çox gəncləri sosial fəaliyyətə yönləndirmək lazımdır:

 “Bu gün narahatedici məqamlardan biri də yeniyetmə gənclərin pis vərdişlərə yiyələnməsidir. Dövlət Statistika Komitəsi 14-17 yaş aralığında olan fərdlərin pis vərdişlərə yiyələnməsi və nəticədə cinayət törətməsi ilə bağlı statistika açıqlayıb. 2017-ci idə 500-ün üzərində cinayət əməli qeydə alınıb ki, 2022-ci ildə isə bu rəqəm 311-ə enib. Burada müsbətə doğru istiqamətlənmə olsa da ümumi tendensiya olaraq həyəcan təbili çalınan məsələlərdən biri də yeniyetmələrin üzərində kəsici-deşici alətlərin daşımasıdır. Xüsusilə yetkinlik yaşına çatmayan şəslərin pis vərdişlərə yiyələnməsinə səbəb gündəlik təkrarlanan monoton həyat tempinin olmasıdır”.

Soyuq silahlara olan marağın qarşısını almağın yolunu təhsildə görən psixoloq Elnur Rüstəmov bildirib ki, təhsilə yönələn yeniyetmə və gənc hər hansı konfilikt stiuasiyaları soyuq silah əvəzinə soyuq ağılla, soyuq məntiqlə həll etməyə çalışacaq:

“Gənclər arasında soyuq silaha marağın artdığını deməzdim. Sadəcə onlar arasında aqresiyya artıb. Şübhəsiz ki, şəxslərarası münasibətlərdə yaranan konfiliktlərin həllində bəzən soyuq silahdan istifadə edilir. Bəzi gənclər, yeniyetmələr özünü göstərmək, kimisə təhdid etmək üçün hansısa formada soyuq silahlardan istifadə edərək müəyyən video-roliklər çəkib müxtəlif sosial platformalarda paylaşırlar. Bu da digər gənclərin dünya görüşünə, həyata baxışına mənfi təsir göstərir. Bunların qarşısını almaq üçün təhsilə diqqət ayrılmalıdır”.

Qeyd edək ki, bu istiqamətdə Qeyri Hökumət Təşkilatlarının da müxtəlif layihələr icra etməsi vacibdir. Məsələyə həm inzibati, həm maarifləndirmə istiqamətindən kompleks yanaşmaq problemin həllinə daha tez nail olmağa kömək edə bilər.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh