Reklam

Günəş də yol qəzalarına səbəb olurmuş - Sürücülərə yeni xəbər

Yazarlar 27 Sentyabr 2017 12:48 Oxunub 3723
Günəş də yol qəzalarına səbəb olurmuş - Sürücülərə yeni xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərhad Eyybubov: “Günəşdəki partlayışlar və enerji içkiləri yol qəzalarını artırıb”

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev yol qəzalarının sayının artmasına səbəb olan amillərdən danışıb. Onun sözlərinə görə, qəzaların baş verməsinin səbəblərindən biri günəşdə partlayışların olmasıdır. Günəş partlaması sürücülərə psixoloji olaraq neqativ təsir göstərir, onların aqressivləşməsinə, idarəetmə qabiliyyətinin itirilməsinə səbəb olur. Əslində qəzaların baş verməsi səbəblərini saysaq bitməz. Məsələn, əhali arasında enerji içkilərindən istifadə edənlərin sayı durmadan artır. Uşaqdan tutmuş yaşlılara qədər hər kəs bu içkilərdən istifadə edir. Həkimlərin qənaətincə, enerji içkiləri yuxu gəlməsinin qarşısını alsa da, bir müddət sonra içki təsirini itirir və əks-təsir olaraq insan yatmaq istəyir. Həmçinin gün ərzində 3 ədəd enerji içkisinin qəbulu yarım litr spirtli içki içməyə bərabər hesab olunur. Bütün bunlar isə sürücülərin qəza törətməsinə şərait yaradır.

Bəs, həqiqətən də günəş partlaması, enerji içkilərindən istifadə yol qəzalarının baş verməsinə səbəb ola bilərmi?

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşüb. Ekspert bildirib ki, sürücülərin müəyyən qədər yorğunluğu, aqressivliyi, hadisələrə zəif reaksiya vermələri psixoloji olaraq onlara mənfi təsir göstərir. Günəş partlaması və ya digər hadisələrin baş verməsi qəzalara səbəb ola bilər. Lakin bunu bəhanə etmək və əsas amil kimi söyləmək düzgün deyil: "Mütəxəssislərin fikrincə, günəş partlaması kimi hadisələr baş verən zaman insanlarda müəyyən qədər aqressiya əmələ gələ bilər. Amma aqressiyanın əmələ gəlməsi ilə bağlı yoxlanışların aparılması çox çətin bir işdir. Ümumi tədqiqatlar və psixoloqların fikirlərinə görə, gərgin vəziyyətdə insanın daxilində olan stressin artması onda gərginliyin çoxalmasına gətirib çıxarır. Lakin insan fikrini bir yerə toplayanda, müəyyən bir məqsəd üçün nəyəsə öz diqqətini yönəldəndə bu gərginlik nisbətən arxada qalır. Məsələn, futbolçular bəzi vaxt elə zədələr alır ki, onlar futbol oynamadığı müddətdə o zədələri çox güclü hiss edirlər. Amma futbol oynadıqları zaman həmin zədələr o qədər də güclü hiss olunmur. Çünki fikirləri yalnız müəyyən bir məqsədə yönəlir. Ona görə də hər bir sürücü məqsədini bir şeyə yönəltməlidir ki, o, müəyyən yol hərəkəti qaydalarına əməl etsin. Sürücülərin psixoloji xüsusiyyətləri zəifdirsə, onlar hadisələrə daha tez reaksiya verirlərsə, əlbəttə onlarda aqressiya əmələ gəlir. Bunu psixoloji testlər vasitəsilə öyrənmək olar. Fikir verin, təyyarə sürənlər, çətin sınaqları yerinə yetirən adamlar bu hallara qarşı testlərdən keçirlər. Onlar çətin anlarda özlərini itirmirlər. Günəş partlamaları və ya maqnit təsiri olan zaman bu onlara təsir etmir. Çünki onlar fiziki və psixoloji olaraq hazırlıqlı olurlar. Amma bizim sürücülər belə testlərdən keçirilmir. Sükan arxasında oturan adam yorğun və əsəbi ola bilər, günəş partlamasının da müəyyən qədər təsiri var. Lakin bunu bəhanə edib məsələdən yayınmalı deyilik. Sürücülər ilk növbədə hiss etməlidirlər ki, bütün məqsəd hərəkətin təhlükəsizliyinə, başqalarının və özlərinin qorunmasına, məqsədlərinə çatmasına yönəlməlidir. Bunlar nə qədər çətin olsa da, sükan arxasında olan adam gərək öz məqsədi üçün diqqətli olsun”.

Qəzaların baş verməsində enerji içkilərinin rolunun olub-olmaması sualına gəlincə, F.Eyyubov deyib ki, bu cür içkilərin qəzalara müəyyən qədər təsiri olur: "Ümumiyyətlə, insanlar içdikləri hər şeyin dərindən müayinəsinə və tərkibinə fikir vermirlər. Elə adamlar var ki, enerji içkilərini evdə oturub istirahət vaxtlarında içir. Bu, həmin şəxslərə müəyyən qədər təsir etsə də, onlar sükan arxasında olmadıqları üçün reaksiyaları güclü təsiredici deyil. Enerji içkilərinin tərkibində insanların reaksiyalarını gücləndirən, qıcıqlandırıcı maddələr var ki, mənfi təsirlər göstərir. Bu cür içkilərin qəzalara müəyyən qədər təsiri ola bilər. Lakin qəzalara səbəb kimi enerji içkilərindən istifadəni əsas götürmək yanlışdır. Qanunvericilikdə nəzərdə tutulub ki, həmin içkilərdən istifadə etməyə icazə verilir. Əgər qanunda bu qadağan olsaydı, onda məsələ ilə bağlı tədbir görmək olardı. Elə sürücülər var ki, yol polisləri onlarla söhbət edən zaman aqressiv hərəkət etməməlidirlər. Çünki ən adi bir söz sürücülərə təsir edir, sonra da bədbəxt hadisənin baş verməsinə səbəb olur. Ona görə də bu enerji içkiləri, günəşdə olan partlayışlar sürücülərə qismən də olsa təsir edir. Lakin bütün bunlar bizə heç bir hüquq vermir ki, hadisəni törədəndə nəyisə bəhanə edək. İnsan o qədər geniş bir diapazonda olmalıdır ki, "böyük” hadisələrdə "xırda” bəhanələr axtarmalı deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh