Banner

Hansı hallarda hazır, paket qidalar xarab ola bilər? - Mütəxəssisdən AÇIQLAMA - VİDEO

Yazarlar 29 Aprel 2024 18:36 Oxunub 1266
Hansı hallarda hazır, paket qidalar xarab ola bilər?  - Mütəxəssisdən AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazır halda satılan, paketlənmiş qidalar gündəlik olaraq istifadə etdiyimiz məhsullardır. Həm tez zamanda hazırlandığı, həm də uzunmüddət saxlama imkanı olduğu üçün insanlar belə qidalara daha çox üstünlük verirlər. Lakin bu məhsulların insan orqanizminə zərəri olduqca yüksəkdir. 
Təəssüf ki, insanların əksəriyyəti paketlənmiş qidanın tərkibini oxumadan, istehsal müddətinə baxmadan alır. Əlbəttə əksər hazır satılan məhsulların tərkibində insan sağlamlığına təhlükə yaradacaq zərərli maddələr var. Lakin az da olsa orqanik, kimyəvi tərkibi qismən aşağı olan paket qidalar mövcuddur.
Digər tərəfdən market alış-verişində insanları narahat edən əsas məqamlardan biri də istifadə müddəti bitmiş məhsulların satışıdır. Bəzi marketlərdə qidaların istehsal müddətinin bitməsinə baxmayaraq rəflərdə saxlanılır. Belə ki, paketin üzərində istehsal müddətinin vaxtı dəyişdirilir, yaxud ikiqat, üçqat endirim adı altında alıcılara təqdim olunur. Təbii ki, bir qisim müştərilər üçün uzun müddət yüksək qiymətə satılan məhsula endirim etmək “böyük fürsət” kimi görünür. Məhsulu alaraq evə gəldikləri zaman isə ya məhsul xarab çıxır, ya da yedikdən sonra müəyyən fəsadlara (zəhərlənmə) səbəb olur. 
İşıqlandırdığımız məsələylə bağlı görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, alıcı “Sport” peçenyesinin istehsal edən “Aysu Qida Sənaye LTD” MMC-yə şikayətini bildirib. Onun iddiasına görə, marketlərdən birindən aldığı peçenyedən xoşagəlməz, qəribə qoxu gəlib. Şikayətçi daha sonra məhsulu aldığı marketə yaxınlaşaraq iradını deyib. Bu zaman satıcı digər müştərilərin də eyni markalı peçenye ilə bağlı şikayətlərini bildirdiklərini və məhsulu geri qaytardıqlarını qeyd edib. 
Qeyd edək ki, peçenyenin üzərində istifadə müddəti 2024-cü ilin dekabrına kimi göstərilib.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi  Məhsəti Hüseynova mövzuyla bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, paketlənmiş qidanı almazdan öncə üzərində qeyd olunmuş istehsal tarixinə baxmaq lazımdır: “Hər bir məhsulun özünün saxlama, daşınma şəraiti fərqlidir. Paketlənmiş qidaları alarkən etiket məlumatlarının tam olmasına diqqət etməliyik. Həmçinin hansı şəraitdə saxlanılmasına və istehsalçı şirkətin məlumatlarının tam olmasına baxmaq lazımdır. Bəzi məhsullar müəyyən xəstəliyi olan insanlar (allergiya) üçün uyğun deyil. Bu, mütləq şəkildə həmin paket qidaların üzərində əks olunmalıdır. Xüsusilə qablaşdırılmış məhsulu alarkən paketinin deformasiyaya uğrayıb-uğramamasına diqqət edilməlidir. Bu zaman həmin qidaların tərkibində dəyişiklik varsa onu almamaq məqsədəuyğundur. Məsələn konservləşdirilmiş qabda qapağının şişməsi, plastik qabda deşik, yaxud deformasiya nəticəsində hava keçirmə, zədələmə halı, karton, kağız paketdə cırılma olarsa bu artıq məhsulun istifadəyə yararsız olduğunu göstərir. Bəzən kağız, yaxud kağıza bənzər paket qidalarda yazılar silinmiş halda olur, ya da görünmür. Bu mənzərə soyuq şəraitdə saxlanılan məhsullarda (süd, içki) daha çox özünü göstərir. Yəni məhsul dondurularaq təkrar açılır ki, bu da onun paketinin tam pozulmasına gətirib çıxarır”.
Mütəxəssis, istifadə müddəti bitməyən qidaların yararsız hala gəlməsinə səbəbi kimi saxlanılma şəraitini göstərib: “Məhsulun düzgün şəraitdə saxlanılması olduqca önəmli məqamdır. Bəzi qidalar yüksək temperaturda saxlanıldığı halda, bir qisim məhsullar üçün bu uyğun deyil. Süd və süd məhsulları, meyvə şirələri və pürelərində bəzən konservantlar istifadə olunmur, bəzən isə çox az istifadə olunur ki, bu kimi məhsulların tərkibində olan mikroorqanizmlər, bakteriyalar sürətli şəkildə çoxalır. Məhz bu səbəbdən belə məhsullar soyuq, özünəməxsus temperaturda saxlanılmalıdır. Əks halda məhsulun tərkibində yaranan dəyişiklər zəhərlənməyə, allergiyaya və müxtəlif xəstəliklərə yol aça bilər”.
Qeyd edək ki, saytımızın əməkdaşı məsələylə bağlı “Sport” peçenyesinin istehsal edən “Aysu Qida Sənaye LTD” MMC ilə əlaqə qurmağa çalışsa da, sorğusu cavabsız qalıb.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanıb.

 Müəllif: Nərmin Əkbər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh