Hansı peşə daha risklidir: minaaxtaran, yoxsa Uber sürücüsü?
Bu məqaləni sırf şəxsi müşahidələrim və taksi sürücüləri ilə söhbət əsasında hazırlamışam. Məqalənin başlığı kiməsə qəribə gəlməsin deyə bəri başdan deyim: söhbət şəxsin özünə deyil, başqasının həyatına yaratdığı təhlükədən gedir.
İstehkamçılarımızın peşəkarlığını 44 günlük müharibədə təkcə biz deyil, bütün düya gördü. Bu gün də minaaxtaranlar öz həyatlarını riskə ataraq Qarabağda normal fəaliyyəti təmin etmək üçün iş başındadırlar. Bu işdə həyatını və sağlamlığını itirən qəhrəman minaaxtaranlarımıza hörmətimiz sonsuzdur. Onların fədakar əməyi milli maraqlarımıza birbaşa xidmət edir.
Peşənin xüsusiyyətindən doğan reallığı təhlil etdikdə isə başqa fakt aşkara çıxır: minaaxtaran səhvini öz həyatı və sağlamlığı hesabına ödəyir. Partlayan mina artıq heç kəs üçün təhlükəli deyil. Bu öz yerində.
Bəs taksi sürücüləri, daha doğrusu Uber və Bolt sürücüləri ilə bağlı vəziyyət necədir?
Bu şirkətlərin xidmətindən az-az hallarda istifadə etsəm də, sürücüləri ilə təmasım şox olur. Uberdə işləyən tanışımın dediyi 2 fakt burada insanların hansı şəraitdə çalışdığını göstərir.
Tanışımın dediyinə görə, təxminən 1 sutka yatmadığı və dayanmadan maşın sürdüyü üçün gündüz təxminən saat 4 radələrində onu yuxu tutub və avtomobili (Prius) səkiyə çırpıb. Avtomobil zədələnsə də, xoşbəxtlikdən salondakı ana və uşaq xəsarət almayıb (lakin əməlli qorxublar).
İş burasındadır ki, həmin qəza da tanışımı dayandıra bilməyib. O, avtomobili təmir etdirdikdən sonra təkrar işə davam edib. Maşın sexdə olarkən ordaca bir neçə saat mürgüləyib. Yalnız həyat yoldaşının israrından sonra evə qayıdıb.
Başqa bir sürücü isə birbaşa təhlükəsizliklə bağlı olan faktı etiraf etdi. Söhbət əsnasında sürücü dedi ki, təkər sıradan çıxdığı üçün Xırdalandan 15 manata işlənmiş təkər alıb. Bu tip təkər təxminən 5000 km qetməyə kifayətdir. Nəzərə alaq ki, Prius modellərində 14-15 dyumluq təkər istifadə edilir ki, bunlar da kifayət qədər bahadır. 15 manata Bakıda yalnız təzə velosiped təkəri almaq olar.
Boltla əməkdaşlıq edən sürücü isə 08.00-dan 20.00-a kimi mütləq işdə olduğunu bildirdi. Yalnız saat 13.00-15.00 arasında 40 dəqiqə fasiləyə icazə verilir.
Peşəmdən irəli gələrək ətrafda baş verənlər diqqətimdən qaçmır. Xətai metro stansiyası yaxınlığında demək olar hər səhər bir Uber sürücüsünün saat 09.00 radələrində avtomobildə yatdığılna şahidlik edirəm. Şübhəsiz ki, normal iş şəraiti olan insan evdə yatar.
İndi gələk ictimai təhlükə məsələsinə:
Əvvəldə dediyimiz kimi minaaxtaran səhvini yalnız şəxsi həyatı ilə ödəyir və digərlərini xilas edir. Bəs yuxusuz taksi sürücüsü nasaz avtomobillər piyada keçidində dayana bilməsə nəticə necə olacaq? Xarici ölkələrdə gördüyümüz çox sayda piyadanın vurulması hadisələri Bakıda təkrarlanmayacaqmı? Ölkəmizdəki aparıcı aparıcı agentliklərin xəbər lentinə diqqət yetirin: elə gecə tapılmaz ki taksi qəzası barədə xəbər olmasın.
Hər bir qəza ağırlıq dərəcəsindən asılı olmayaraq iqtisadi ziyanla nəticələnir. Avtomobillərin təmiri üçün hər il milyonlarda dollar dəyərində detal idxal olunur və ticarət balansı ğlkəmizin ziyanına dəyişir.
Ağır qəzalarda hansısa mütəxəssisin həyatını itirməsi bütün ölkəyə zərbə ola bilər. Bir peşəkar həkimin, bir tərcüməçinin yetişməsi üçün orta təhsildən sonra azı 10 il vaxt lazım gəlir. Onların bir qəzaya qurban getməsi isə cinayətə bərabər səhvdir.
Vəziyyətdən çıxış yolu isə birdir: taksi sürücülərinin iş rejimi Əmək məcəlləsinin tələblərinə uyğunlaşdırılmalıdır. Yerli qanunvericilik həm işəgötürənin, həm də işçinin maraqlarını qoruyur. Bu təqdirdə hər kəs qazanacaq.
Vüqar Yaşaroğlu